Hapal: “Azərbaycana 5 top vursaydıq, heç kim narazı qalmayacaqdı”
Uelsə məğlubiyyətdən sonra yığmanın çalışdırıcısı Nikola Yurçeviç Slovakiya ilə oyunu nişan verib, qələbə gözlədiyini gizlətməmişdi. Lakin yığma qrupdakı sonuncu matçında da növbəti, yəni 8-ci görüşdə 7-ci yenilgisini aldı. Bu cümləni sosial şəbəkədə status şəklində paylaşan adam bilməz ki, gülmək smayliki qoysun, yoxsa ağlamaq. Həqiqətən acı mənzərədi. Xorvat çalışdırıcının slovaklara məğlubiyyətə hansı rəngdə “don geyindirəcəyi” maraqlı idi. Odu ki, tanış olaq: “Slovakiya yığmasını layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə onlara yetərli olmadı və indi AÇ-yə vəsiqə qazanmaq üçün Millətlər Liqasında mübarizə aparacaqlar. Bu oyundan əvvəl də xeyli problemlərimiz var idi. Zədəlilərdən başqa, Eddi də fasilədə əvəzlənməsini istədi. İkinci hissədə Elvin Camalov meydana daxil oldu və fikrimcə, yaxşı oynadı. İlk 45 dəqiqədə topa nəzarət edə bilmirdik. Fasilədən sonra oyunumuz daha yaxşı alındı. Hətta 82-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, əla şansdan istifadə edə bilmədik. Ardınca isə biz qol buraxdıq. Hər şeyə görə futbolçulara təşəkkür edirəm”.
- Şəhriyar Rəhimovun hansı xüsusiyyəti sizi cəlb edir ki, hər dəfə milliyə dəvət edirsiz?
- Taktiki keyfiyyətləri məni razı salır. Bu gün o Slovakiyaya qarşı oynamağa layiq idi.
- İsrafilovun milliyə dünən qoşulduğunu nəzərə alsaq, bu, ilk gündən düşərgədə olan futbolçulara qarşı haqsızlıq deyil? Eddinin nə ilə yadda qaldığını deyə bilərsiz?
- Nə demək istədiyinizi anlayıram. Amma o, fiziki baxımdan ən yaxşılar sırasındadı. Dediyim kimi, fasilədə özü yaxınlaşıb bildirdi ki, psixoloji baxımdan özümü pis hiss edirəm və onu əvəzləməli olduq. İlk 45 dəqiqədə çox emosional idi.
- Sizcə, fasilədən dərhal sonra Renatı meydana buraxmaq daha yaxşı olmazdı? Bir də ki, “Neftçi”də daim oynayan Emin Mahmudov niyə hər iki oyunda ehtiyatda qaldı?
- Hər dəyişikliyi, verdiyimiz qərarı izah etməli olsaq, çox vaxt gedər. Fasilədə əvəzetmə etmək fikrində deyildik. Emini də oyuna salmaq istəyirdim. Hətta ona tapşırdım ki, hazırlaşsın. Ancaq oyunun axarı Təmkinə daha böyük zərurət yaratdı. Ən azı 30 dəqiqə şans vermək niyyətindəydim Eminə, amma fasilədəki əvəzetmə bu planları təxirə saldı.
- Bu seçmə mərhələni bir cümləylə necə ifadə edə bilərsiz?
- Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Əvvəl demişdim, yeni təkrarlayıram, 1 xalla mən də razı deyiləm. Ancaq razı qaldığım odu ki, xeyli gənc futbolçu gəldi milliyə. Keyfiyyətli rəqiblərlə oynadıq, hətta bir çox görüşlərdə xala yaxın olduq.
Rəqib çalışdırıcı Pavel Hapal qrup ikincisi olmaqla AÇ-2020-nin final mərhələsinə qatılmaq şansını əldən verdiklərinə görə üzgün olduğunu desə də, oyunla bağlı danışıb.
- Məsəl var, döyüş uduzulubsa, günahkar generaldı. Razısız?
- Başqa cür ola da bilməz. Qrupdan çıxa bilmədiksə, deməli, vaxtında nələrisə düzgün etmədik. Və buna görə məsuliyyət mənim boynumdadı. Zamanında başqa qərarlar vermək lazım idi. Ya başqa taktika ilə oynamaq, ya da futbolçulardan kimlərisə dəyişmək. Lakin bundan sonra nəsə deməyim heç nəyi dəyişməyəcək. Çünki keçmişi geriyə qaytarmaq olmur.
- Şans nə vaxt əldən çıxdı?
- Əvvəldən də bilirdik ki, qələbə qazansaq belə, qrupdan çıxmaq şansımız çox azdı. Çünki Uels son vaxtlar yaxşı futbol sərgiləyir və doğma azarkeşləri önündə macarlarla heç-heçə edəcəyi çətin görünürdü. Ümumiyyətlə, həmin matçda bizə lazım olan heç-heçənin qeydə alınması müşkül məsələ idi. Hər iki komandaya qələbə lazımdısa, mütləq biri qazanacaq. Xorvatiyaya hər 2 oyunda uduzmağımız normaldı. Dünya çempionatının finalçısıdı. Məni təəssüfləndirən Uelslə qarşılaşmalarda itirdiyimiz 4 xaldı. Məhz bu rəqiblə matçlarda daha diqqətli davranmalıydıq.
- Sizə uğur gətirməyən Azərbaycanla oyundakı qələbədən razı qaldız?
- Rəqibin böyük qüvvə ilə müdafiə olunub, əks-hücumlara bel bağlayacağını bilirdik. Çünki onlar az adamla hücuma çıxmağı yaxşı bacarır, həm də irəli xətdə sürətli futbolçuları var. Buna baxmayaraq, oyuna yaxşı başladıq və lazım olan qolu vurduq. Təəssüfləndiyim odu ki, vurduğumuz ilk qol uşaqları arxayınlaşdırdı. Oyunun qalan hissəsində aqressivlik çatmırdı. Məncə, bunda Uelsdə qeydə alınan nəticənin də rolu vardı. Qələbə qazandıq, yaxşı haldı. Amma 3 xal əlimizdən çıxa da bilərdi. İkinci qoldan əvvəl Azərbaycanın real şansı oldu. Yaxşı ki, Dubrovka komandamızı xilas etdi. Qələbə gözəldi, amma onun sayəsində AÇ-nin final mərhələsinə çıxa bilmirsənsə, adam sevinə bilmir. Çox üzgünük.
- İkinci yarıdakı fit səslərini, yəqin ki, eşitdiz. Sizə necə təsir etdi?
- Azarkeşlər hər zaman haqlıdı, onları başa düşmək lazımdı. 3:0, ya da 4:0 hesabı ilə qələbə qazanmaq imkanın varsa və sən bunu etmirsənsə, ya da bacarmırsansa, əlbəttə, səni fitə basacaqlar. Azərbaycana 5 top vursaydıq, heç kim narazı qalmayacaqdı. Amma rəqibləri kiçiltmək lazım deyil. Hətta Xorvatiya kimi komandaya Azərbaycanla oyunda asan olmamışdı.
- Etdiyiniz dəyişikliklərdən necə, razı qaldız?
- Norbert Qyömber yaxşı oynadı. Amma etiraf etməliyik ki, müdafiənin öhdəsinə elə də çox iş düşmədi. O, üzərinə düşən işin öhdəsindən gəlməyi bacardı. Matuş Beroya gəlincə, meydanda ən çox mübarizə aparanlardan idi. Hədsiz çox pressinq edir, top qazanırdı. Amma ümumi durumu məni tam razı salmır. Lukaş Haraslin ikili mübarizələrdə yaxşı idi. Lakin bu onun maksimumu deyil. Daha artığına qadir olduğuna əminəm.
- Uğura çatmaq üçün yığmada nə dəyişməlidi, nə etmək lazımdı?
- Uzağa getməyək, bu günü götürək. Hesabda 1:0 önə keçən sonra komanda sakitləşdi. Halbuki belə olmamalıdı. Qol vurulana qədər komandanın necə istəkli olduğunu, yəqin ki, gördüz. Bəli, bu gün inamlı və layiqli qələbə qazandıq. Amma bunu təkcə Azərbaycan kimi rəqiblə oyunda yox, özümüzdən güclülərlə matçlarda da bacarmalıyıq.
- Yığmada çalışdığınız müddətdəki fəaliyyətinizdən razısız?
- Başlayanda ümidliydik, gələcək işıqlı görünürdü. Lakin birdən-birə üç futbolçumuzu itirdik. Dəqiq desəm, yığma karyeralarını başa vurdular. Bundan sonra gənclərə şans verməli olduq. Yenilənmiş komanda olduğunu nəzərə alsaq, məncə, göstəricilərimiz pis deyil. Keçid dövründəyik. Bu dönəmi uğurla keçəndən sonra daha yaxşı olacaq. Sadəcə, bir az səbr etmək lazımdı. Neqativləri gördüyümüz kimi, pozitivləri də göz önünə gətirməliyik.
HƏBİB