Sizin reklam burada

Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu

Baxış Sayı:329


Yığmanın düşərgəsində dava düşüb
Artıq əminliklə demək olar ki, son məğlubiyyətlər Azərbaycan yığmasının düşərgəsində ab-havanı ciddi şəkildə pozub. Son günlər aldığımız ən müxtəlif xəbərlər buna işarədi. Gəlin, yaşananlara sırasıyla baxaq. Əvvəlcə Eddi İsrafilov heç bir ciddi əsas olmadan yığmadan aldığı dəvəti klubu “Albasete”nin maraqlarına qurban verdi. Bu günə qədər də həmin məsələ ilə bağlı dəqiq izahat yoxdu. Ardından Uelslə Bakıdakı oyunda cərimə zərbəsini yerinə yetirmək üstündə Qara Qarayevlə Dmitri Nazarov arasında mübahisə yaşandı, Yurçeviç legionerin tərəfini tutdu və deyilənə görə, mübahisə paltardəyişmə otağında da davam etdi. Ardından Ramil Şeydayev “yığmada ürəksiz oynamayanlar olmamalıdı” açıqlamasını verdi. Yurçeviç də Slovakiyadakı mətbuat konfransında gözlənilməz ifadələr işlətdi: “Mahir və Maksimin olmayacağı bəlli idi. Paşayev, Nazarov və Almeydanın da oynaması şübhə altındadı. Bu məşqdən sonra və sabah oyuna qədər hər şey bəlli olacaq. Uelslə gərgin oyundan sonra qeyri-müəyyənliklər ortaya çıxır”. Və nəhayət, Yurçeviçin Slovakiya ilə oyundan sonra mətbuat konfransında dediyi “Eddi fasilədə özü müraciət edib bildirdi ki, emosional baxımdan özümü pis hiss edirəm” ifadəsinə aydınlıq gətirən daha bir olay, daha doğrusu, qalmaqal haqda. “Sportinfo” fasilədə yığmanın paltardəyişmə otağında düşən dava haqda xəbər yayıb və buna inanmamaq üçün əsas yoxdu: “Ramil Şeydayev ilk hissədə qeyri-fəallığı ilə yadda qalan Eddi İsrafilova sərt etirazını bildirib. Eddiyə passiv və istəksiz oynamasını irad tutan Ramil "sənin kimilər bu formanı geyməməlidi" (bu məqamda Ramilin yuxarıda xatırlatdığım ifadəsini də yada salın – H.) deyib. İsrafilov komanda yoldaşına "sən mənə heç nə deyə bilməzsən" cavabını verincə ara qarışıb. Şeydayevin müdafiəsinə qalxan Qara Qarayev Eddiyə tərəf gedib. Bu zaman başqa futbolçular araya girərək, onların əlbəyaxa olmasının qarşısını güclə alıb. Yurçeviç həmin vaxt içəridə olsa da, mübahisəyə qarışmayıb, sakitcə bir kənara çəkilərək yaşananları izləyib.
İsrafilov bundan hiddətlənərək, formasını əynindən çıxarıb və "mən meydana çıxmıram" söyləyib. Onun duş qəbul etməyə getdiyini görən baş məşqçi Elvin Camalova ikinci hissədə meydana çıxmağı tapşırıb”.
İndi bütün bu hadisələri zəncir kimi bir-birinə bağlayın. Onda aydın olacaq ki, bu gün yığmanın düşərgəsində heç də sağlam ab-hava hökm sürmür. Sağlam hava olmadan da hansısa komandanın uğur qazanması mümkünsüzdü. Bu isə futbolun çoxdankı və yazılmamış qanunudu.
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR