CAS “Xəzər Lənkəran”la bağlı şikayətlərdən bezib
Hazırda Sürixdə yaşayan hüquqşünas Aqil Layıc “feysbuk” hesabında Azərbaycan futbolu, daha doğrusu, “Xəzər Lənkəran” ilə bağlı status paylaşıb: “Mübariz Mənsimovun xeyirxah addımlarını çox təqdir eləmişəm. Çox vətənpərvər kimi Azərbaycan adını yüksək tutduğuna da əminəm. Çox gözəl, buna qəti şübhəm yoxdu və mövqeyini səmimi qəbul edirəm.
O zaman Mübariz Məsumov “Xəzər Lənkəran” futbol klubunun rəhbəri kimi niyə İdman Arbitraj Məhkəməsinin (CAS) bu komandaya dair çıxardığı qərarları icra etmir, bu sual doğurur. Axı azacıq bu işin içində olan şəxs kimi deyə bilərəm ki, burda “Xəzər Lənkəran”dan daha çox ölkənin adı gündəmə gəlir və belə mötəbər təşkilatda və ya təşkilatlarda ölkəmizin adı müsbət hallanmır. Qeyd edim ki, həmin qərarlara əsasən “Xəzər Lənkəran” əcnəbi oyuncularla bağlı maliyyə öhdəliklərini pozub.
P.S. Məhkəmə qərarlarının icra olunmaması üçün heç bir obyektiv səbəb yoxdu. “Xəzər Lənkəran” fəaliyyətini dayandıra və ya müflis ola bilər, amma onun arxasında duran əsas şəxs Mübariz bəy bunu ödəməlidi, gördüyüm işlərdə məhkəmə qərarında qeyd olunan məbləğlər Mübariz müəllim üçün heç nədi”.
Aqil bəyun bu statutusun altında şərh yazan adamlarla söhbətlərindən aydın olur ki, söhbət onun gördüyü bir işdə yer alan 70 mindən gedir. “Xəzər Lənkəran”ın sabiq mətbuat katibi, hazırda stadion direktoru kimi çalışan Hüseyn Cəbrayıloğlu isə guya şefinin durumunu düzəltməyə çalışaraq, Aqil bəyə belə cavab yazıb: “Aqil bəy, əvvəla beynəlxalq imic söhbəti, gördüyünüz kimi, üzərinizə gəlir. Məsələn, siz arasdırın görün Türkiyədən FİFA və CAS-da neçə, yaxud neçə yüz və ya son 12 ildə neçə min şikayət var. Bununla Türkiyənin beynəlxalq imicinə nəinki ziyan, heç toz da gəlməyib. Futbolun bir üzü də budu. Hazırda fəaliyyətini davam etdirən “Neftçi”dən Lukas Qomes FİFA-ya şikayət edəcək. Görürsüz, tükümüz tərpənmir. Niyə? Çünki yuxarıda dediyim kimi, futbolun əlifbasında belə bir "hərf" var. Buna görə beynəlxalq imic, yaxud bunu Mübariz Mənsimovun adı ətrafında başa çəkmək normal qarsılanmır. Demirəm ki, yaxşı bir şeydi. Əsla! Klubun adı ətrafında CAS-da şikayətlər olması təqdirəlayiq deyil. Amma bu qədər şişirdilməli də deyil. Daha bir misal. Keçmış " İnter" klubunun o qədər borcu və CAS-da şikayəti vardı ki, adını dəyişib oldu "Keşlə". Bununla da bütün hüquqi prosedurlar getdi arxivə... Gördünüzmü, bu da futbolun əlifbasında bir hərfdi! Çalışaq hərfləri tutub hərif olmayaq”.
Təbii ki, biz Mübariz Mənsimovdan, daha doğrusu, ona yol göstərən, Bakıda oturub “Xəzər Lənkəran” boyda klubun əvvəl pulunu, sonra da başını yeyən Mais Mənsimov – Tuyqun Nadirov duetindən hər cür hərəkət gözləyirik. Amma bu adamlar anlamırlar ki, artıq cidanı çuvalda gizlətmək çox çətindi, onlarla futbolçuya pul atmaqla yalnız özlərinin yox, Azərbaycanın da adını ləkələyirlər. Şəxsən mən Mais – Tuyqun duetinin bu ölkəyə sevgisinə də şübhə ilə yanaşsam da, hər halda, acı gerçəklik ortadadı. Adamlar sadə, adi reketçilik yolunu tutublar və hər kəsin pulunu həzmi-rabedən keçirməyə hazırdılar. İstər bu pul legionerin 70 mini olsun, istərsə də “Futbol+”ə çatacaq 9 min!
HUŞƏNG