Firuz Abdullanın məsləhəti və Elxan Məmmədovun xeyir-duası ilə “Futbol+” də çoxdan “yadlar” siyahısına düşdüyündən baş katibə ünvanlanası suallar ya ürəyimizdə qalır, ya da uzağı qəzet səhifəsinə çıxır. Nə yaxşı ki sözümüzü demək, haqlı tənqidi sifətlərinə çırpmaq imkanını əlimizdən ala bilmirlər. Belə imkanları olsaydı, türk qardaşlar demişkən, çoxdan kullanardılar.
Hər şey tarixdə qalır və qalacaq, nə adı çəkilənlər bu ölkədən gedəcək, nə də biz. Həqiqətin üzə çıxması, dolayısı ilə Azərbaycan futbolunun bu şər qüvvələrdən, futbol ictimaiyyətini, veteranları və jurnalistləri bir-birinə qırdıran, araya nifaq toxumları səpən adamlardan xilas olması üçün sona qədər və amansız mübarizə aparacağıq. Biz prinsiplərini yala, pula, səfər vədlərinə satanlardan deyilik, ölkəmizə, futbolumuza həqarət olunduğu, kimlərinsə qaz vurub, qazan doldurduğu, futbol ictimaiyyətinin bütün başqa təbəqələrinin dilənçi günündə yaşadığı mühitdə susmaq kişiliyə yaraşmaz. Susan ya həyatda heç bir prinsipi olmadan yaşayanlar, ya da sadəcə, bivec varlıqlar.
Təbii ki, mən son seçmə mərhələdəki fiaskonun səbəbkarı qismində yalnız Yurçeviçi görmürəm. Dostlardan birinin “fağır Nikolay” ləqəbi verdiyi bu adam orta səviyyəli məşqçidi, daha doğrusu, məşqçi köməkçisidi, vəzifə pillələrində irəliləmək, tərcümeyi-halına hansısa yığmanın adının düşməsini istəyən bütün normal adamlar kimi AFFA-nın təklifini qəbul edib, Azərbaycan futbolunun real durumundan və bu qurumun içinə sığınıb, zənginlərə məxsus həyat yaşayan bəylərin həyat və futbol ilə bağlı düşüncələrindən xəbərdar olmadığına görə elə düşünüb ki, komandanı hansısa səviyyəyə yüksəldə bilər. Gördüyünüz kimi, yüksəldə bilmədi. Yığma 24 il əvvələ - 1995-də qeydə alınan nəticəsinə qayıtdı. Mənə qalsa, bu 1 xalın hətta AÇ-96-nın seçmə mərhələsi ilə müqayisə olunması da əbləhlikdi. Ən azı ona görə ki, yığma onda mühacir həyatı yaşayırdı, lazımi maddi və mənəvi-azarkeş dəstəyi görmürdü. İndi AFFA hətta uduzulan oyunlardan sonra da futbolçulara mükafat verirsə, necə axmaqcasına bu iki dönəmi müqayisə etmək olar? Məsələnin başqa tərəfinə də toxunmaq istəyirəm. Ədalət naminə demək lazımdı ki, Yurçeviç, bir qayda olaraq, ölkənin ən güclü futbolçularını yığmaya çağırıb, yəni onun heyət seçimi, taktikası ilə bağlı müəyyən narazılıqlar olsa da, ciddi, kütləvi etirazdan söhbət gedə bilməz. Tutaq ki, mən ölkənin beş yaradıcısı futbolçusundan biri olan Emin Mahmudovun meydana çıxmamasından narazıyam, amma Yurçeviçin hansı taktika ilə oynamağa məcbur olduğunu görəndə susmağa məcburam. Deməli, bu ölkənin futbolunun əsas problemi Foqts, Prosineçki, Qurbanov və Yurçeviç ilə bağlı deyil. Əsas problem o mərhum Ramiz Mirzəyevin ayırdığı torpağın üzərində tikilən boz binada oturan və ictimai rəyə tüpürən adamların idarəçilik sistemində, bacarıqsızlığında gizlənir. Bu adamlar təkcə Rövnəq Abdullayevə yox, ölkənin 1-ci şəxsinə də yalan məlumat ötürürlər, real və acınacaqlı durumu geydirmə festivallar, ölkənin imicinin möhkəmlənməsinə yox, aşağılanmasına xidmət edən ayrı-ayrı turnirlər ilə pərdələyirlər. Prezidentin açılış lentini kəsdiyi çoxlu stadionda indi qoyun-quzu otlayır, Azərbaycanın əksər regionları böyük futbola həsrət qalıb, AFFA-da oturanlarla futbol ictimaiyyətinin qalan təbəqələri arasında əlaqə, sağlam, işgüzar mühit çoxdan qeyb olub. Və bütün bunların səbəbkarı kimdi? Birmənalı şəkildə Elxan Məmmədov, onun ətrafına yığıb hərəsinə 3-4 vəzifə verdiyi, cibini pulla doldurduğu adamlar. Həmin adamlar ki, bir gün “Səbail”in ofisindən başları çıxır, o biri gün “CBC Sport”un, bir sonrakı gün də AFFA-nın hansısa departamentinin. Biz tənqid edəndə bəzilərinə elə gəlir ki, hansısa vəzifədə, malda-pulda gözümüz var. Əziz canınız üçün yox, belə deyil. Mən ixtisasca jurnalistəm, 25 ildən artıqdı yalnız bu sahədə çalışıram, bacarığımı idman jurnalistikasının inkişafına, Azərbaycan futbolunda sağlam mühitin yaranmasına sərf edirəm, heç bir pərdəarxası oyunda yoxam, kimsəyə səfər xahişində bulunmamışam, bioqrafiyam şəffafdı və millətin gözü önündə böyümüşəm. Amma siz bu boyda ölkənin futbol təsərrüfatını o səviyyəyə qədər kiçiltmisiz ki, artıq AFFA-nın kiçik bir otağına sığar. Siz ədalət qışqıran, haqq deyən oğlanları susdurmaq üçün elə planlar cızırsız, elə yollara əl atırsız ki, mənim vicdanım bütün bunlara seyrçi qalmağa, özünüzdən başqa hamını günahlandırmaq yolunda riyakar cəhdlərinizə dözməyə imkan vermir. Kondisionerlərin istisini azaldın, pəncərələri açın, qoy Xəzərin sərin havası boyun-boğazınıza, üz-gözünüzə dəysin, yaxşı mənada havalanın. Onda millətdən, xalqdan, obyektivlik gözləyən jurnalistlərdən nə qədər uzaq olduğunuzu, həm də bu ölkədə pulla hamını ala bilməyəcəyinizi anlayacaqsız. Elxan bəy, sizə həm yazığım gəlir, həm də açığı, yardım etmək istəyirəm. Bu millətin qəzəb dalğası sizi ağuşuna alıb o boz binanın divarlarına çırpmamış üzə çıxın, gerçəkləri deyin, haqqın yanında olun, saxtakarlıq etməyin, jurnalistləri, veteranları bir-birinə vurmayın, inkişaf pərdəsi altında Rövnəq Abdullayevə, İlham Əliyevə yalanlar sırımayın. Vəziyyət pisdi, faciəvidi, hər kəs sizi göstərir, bəs siz kimi göstərirsiz?