Sizin reklam burada

Slovakiya ilə oyundan yaxşı heç nə gözləmirlər

Baxış Sayı:352


Elxan Abdullayev: “Nə etməliydik, Uelsi udmalıydıq?”
Millinin Xorvatiya və Macarıstanla görüşlərindən sonra son ev oyunumuz olan Uelslə dueldə yaxşı nəticə qazanacağını düşünənlər var idi. Ancaq alınmadı. Doğma azarkeşlər önündə zəif təsir bağışlayan millini bu gün səfərdə daha bir çətin sınaq gözləyir. Nikola Yurçeviçin komandası tsiklın son oyununda səfərdə Slovakiya ilə qarşılaşacaq. Açığı, yığmanın hazırda xala hava-su kimi ehtiyac duyan Slovakiyaya qarşı görüşdə dirəniş göstərəcəyi də inandırıcı görünmür.
Uelsə məğlubiyyətin səbəbləri və Slovakiya ilə oyunla bağlı mütəxəssislərə tribuna verdik.
Samir Musayev: “Hamı bilir ki, müqayisədə onların futbolçularının çıxış etdiyi çempionatların səviyyəsi tam fərqlidi. Biz rəqibə ilk növbədə təcrübədə uduzuruq. Bir də təbii ki, ən bəlalı yerimiz olan standart vəziyyət problemi də davam edir. Ümumiyyətlə, biz komanda olaraq Uelsə qarşı hazır deyildik. Bəzən müdafiədə çox otururuq, halbuki bir az cəsarətli oynamalıyıq. Düzdü, Uelsə qarşı açıq futbol oynayacaq futbolçularımız yoxdu. Biz Uelsə, Xorvatiyaya qarşı açıq futbol oynasaq, nəinki uduzarıq, hətta hesab daha da böyük olar. Bəlkə də məşqçilər heyəti məcburən müdafiədən oynamağa üstünlük verir. Slovakiya ilə oyun haqda da nəsə demək çətindi. Ancaq təbii ki, biz həmişə millidən yaxşı nəticə gözləyirik. Nəticədən asılı olmayaraq, sonuncu pillədə olmağımız oyunçulara psixoloji təsir edir. Yenə əvvəlki görüşlərdə müəyyən qədər özlərinə inam var idi. Ki, bəlkə də yaxşı nəticə qazanıb qrupdan çıxa bilərik. Lakin sonadan bütün ümidlər puç oldu. Görürlər ki, qrupda sonuncudular, təbii ki, çökürlər. Amma artıq itiriləcək bir şey qalmayıb. Bir az cəsarətli, açıq oynayaraq nəyə qadir olduğumuzu görmək mümkündü. Heç olmasa, son görüşdə gənc oyunçuların təcrübə toplaması, hücumda nə edə biləcəyimizi görmək üçün açıq futbolu yoxlamaq olar”.
Elxan Abdullayev: “Rəqib bizdən qat-qat güclü idi. Səviyyə eyni deyil. Nə etməliydik, Uelsi udmalıydıq? Elə hamı deyir, hücum futbolu oynayaq. Hələ bir gör Uels sənə hücum futbolu oynamağa imkan verir? Rəqib özü hücumda oynayır. Bizə imkan vermir axı hücumda oynayaq. Mən də istəyərəm irəlidə oynayaq, daha yaxşı nəticə qazanaq. Ancaq olmur. Təbii ki, Uels öz oyununu bizə diqtə edir. Biz də məcbur oluruq ki, müdafiə olunaq. Bir də bilirsiz ki, standart vəziyyətlərlə bağlı xəstəliyimiz var. Bu, ümumi Avropa futbolunda çox önəm verilən məsələdi. Həddən artıq ucaboy futbolçulara üstünlük verirlər. Bizdə təəssüf ki, belələri yoxdu. Bu bizim uşaq futbolunun problemidi. Uşaqlıqdan lazımdı bunun üzərində işləmək. Bu məsələdə çox geri qalmışıq. Açığı, həmişə demişəm ki, mənim üçün 1, 3, 7 xal qazanmaq vacib deyil. Bu vəziyyətdəyik deyə oynamamalıyıq? Yenə də oynamalıyıq, öz evimizdə azarkeşləri sevindirməliyik. Biz meydana bu məqsədlə çıxmalıyıq. Mən futbolçulara da bunu arzulayıram. Qarşıda Slovakiya ilə oyun var. Təbii ki, çox çətin olacaq. Bu gün onlara 3 xal hava-su kimi lazımdı. İnanmıram ki, biz orda qalib gələ bilərik. Ancaq yenə də yaxşı mübarizə aparmalıyıq”.
Sənan Qurbanov: “Açığı, Macarıstanla oyundakı aqressivliyi Uelsə qarşı görmədim. Mən son ev oyunumuzda daha aqressiv, istəkli komanda gözləyirdim. Yalnız Ramiş Şeydayevi ayırıram. O, həddən artıq istəkli görünürdü. Qalan oyunçuların istəksiz olduğunu demirəm. Ancaq komanda şəklində yaxşı olmalıyıq. Uelsə qarşı aqressivlik çatmadı. Bəlkə də penalti verilsəydi, uşaqlar daha fərqli oynaya bilərdilər. Uelsə mütləq qələbə lazım idi. Ümumiyyətlə, oyun o qədər da maraqlı deyildi. Uels iki top vurduqdan sonra oyunu tam “buraxdı”. Sanki arxayınlıq yarandı komandada, artıq qələbə qazandıqlarını düşünürdülər. Düzdü, belə komandaları, adətən, cəzalandırırlar. Ancaq təəssüf ki, bizim belə imkanımız da olmadı. Müdafiəyə çox üstünlük verməyimizin səbəbi var idi. Görünürdü ki, Qaret Beylin olduğu cinahda iki müdafiəçi yer alıb - Şəhriyar Rəhimovla Anton Krivotsyuk. Belə olan təqdirdə hücumeyilli bir futbolçunu itirmiş oluruq. Bu da hardasa başadüşüləndi. Çünki Beyl olduqca sürətli oyunçudu. Diqqət etdizsə, qapı qarşısına ötürmə edəndə çox kəsərsiz alınırdı. Çünki cərimə meydançasında cəmi bir oyunçumuz olurdu. Təbii ki, bu da heç bir effekt vermirdi. Qarşıda Slovakiya ilə çətin oyun var. Slovakiya həddən artıq atletik və sürətli oyunçulardan ibarət yığmadı. Nəzərə almalıyıq ki, rəqib öz meydanında xal itirmək istəməyəcək”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR