Sizin reklam burada

“Penalti vermək daha doğru qərar olardı”

Baxış Sayı:333


Tahir Süleymanov Aytəkinə qiymət verdi
Yığmamızın Uelslə seçmə oyunu bərbad alındı. Nikola Yurçeviçin komandası şənbə günü "Bakcell Arena"da ciddi heç nə ilə yadda qalmadı. Bəlkə də bu səbəbdəndi ki, hakim səhvi futbol ictimaiyyətini çox da narahat etmədi. Çünki milli üzvləri nəinki qələbəyə, heç-heçəyə belə layiq deyildilər.
Əslində bir epizoda görə hakimi asıb-kəsmək də insafsızlıq olardı. Oyunun türk əsilli almaniyalı baş hakimi Dəniz Aytəkin görüşün əvvəlində sərt mübarizəyə imkan verirdi. Futbolçular ona hörmət edirdi. Düzdü, bir epizod diqqətimizi cəlb etdi. Cərimə meydançasında qarışıqlıq zamanı iki futbolçuya - Bəhlul Mustafazadə və Qaret Beylə xəbərdarlıq edən Aytəkin bizimki ilə qaşqabaqlı, uesliylə isə üzünə təbəssüm qonduraraq dialoq qurdu. İlk hissənin sonunda Dmitri Nazarov topu cərimə meydançasına göndərərkən "dəri kürə" rəqib futbolçunun açıq əlinə dəydi. Aytəkin isə penalti təyin etmədi. Matçın sonlarına yaxın futbolçular arasındakı gərginliyi vərəqələrlə aradan qaldırdı.
Aytəkinin idarəçiliyinə veteran hakim Tahir Süleymanov belə qiymət verdi: "Oyun səviyyə, prinsipiallıq baxımından çətin görüşlər kateqoriyasına aid deyildi. Buna baxmayaraq, Uelsin AÇ-2020 final mərhələsinə düşmək şansı qaldığı, eyni zamanda nüfuzlu Böyük Britaniya krallığına aid ölkə olduğu üçün UEFA Dəniz Aytəkinin timsalında matçı alman hakimlər briqadasına tapşırmışdı. Türk əsilli referi illərin təcrübəsinə sahibdi. Belə qarşılaşmalar onun üçün sıradan bir oyundu. İlk dəqiqələrdən nəzarəti özündə saxlamaq şərtilə sərt oyuna icazə, üstünlük verdi. Kobudluğa keçən kimi isə dərhal futbolçuları sarı vərəqə ilə cəzalandırırdı. Meydanda özünə hörmət tələb edən baş hakim balansı qoruyur, xırda follara çox da meyl göstərmirdi. Ən mübahisəli epizod ilk hissənin sonlarında yaşandı. Nazarovun zərbəsi zamanı top rəqib müdafiəçinin əlinə dəydi. Referi oyunçunun sol, bədəni qoruyan əli ilə sağ, açıq əli səhv saldı, ayırd edə bilmədi. Qapı istiqamətinə gedən top sağ açıq ələ dəymişdi. Əllə oyun olmasaydı, top artıq bədəni keçdiyi üçün qapıçıdan sol küncə istiqamət alacaqdı. Penalti vermək daha doğru qərar olardı. Köməkçi hakimin də referiyə yardım etməsi epizoda uyğun çətin görünürdü. Epizoda görə tam məsuliyyət baş hakimin üzərindədi. Nazarovun etirazı da heç nəyi dəyişmədi, əksinə, özünə rəsmi xəbərdarlıq edildi. Son dərəcə təcrübəli referi olduğu üçün ikinci hissədə hakim idarəçiliyi psixoloji olaraq penalti epizodunun təsiri altında qalmadı. Futbolçuların bir-biri ilə kütləvi mübahisəsinin qarşısı isə qətiyyətlə alındı. Dəniz Aytəkin 3 futbolçuya eyni anda sarı vərəqə göstərməklə oyunun sonuna kimi tam nəzarəti öz əlində saxladı".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR