Sizin reklam burada

Yığma üzvlərinin qiymətləndirməsi

Baxış Sayı:308


(10 ballıq şkala üzrə)
Emil Balayev – 3,5
Balayevi oyunun ən yaxşısı seçmək olardı. Çünki qurtarışları və bir təkbətək epizodda komandanı real qoldan xilas etmək ilə diqqəti çəkdi. Ancaq nədənsə ilk hissədə inamsız təsir bağışlayırdı. Standart vəziyyətdən buraxılan ilk qolda da müəyyən qədər səhvi var idi. Hər halda, o, qapıçı meydançasında ağalıq etməli, “çərçivə”dən çıxıb topu yumruqlamalıydı.
Anton Krivotsyuk – 3,0
Bir hissə meydanda olan müdafiəçi mübarizə apardığı 45 dəqiqə ərzində pis təsir bağışlamadı. Düzdü, bəzən Beylin qarşısını kəsməkdə çətinlik çəkirdi. Ancaq hüçuma da fəal dəstək verir, Şəhriyar Rəhimovla yaxşı anlaşırdı. Di gəl ki, bir hissə oynayan futbolçuya “üç”dən yuxarı qiymət vermək absurd olardı.
Bəhlul Mustafazadə - 3,5
Oyunda ən böyük ağırlıq Bəhlulun üzərinə düşdü. Gənc müdafiəçi Uelsin hücumçusu Lokyeri saxlamaq üçün hər vasitəyə əl atır, bəzən güləş fəndlərindən istifadə etməli olurdu. İlk qolda ciddi səhvə yol verdi.
Bədavi Hüseynov – 3,5
Əslində komanda 0:2 uduzubsa, mərkəz müdafiəçilərini xüsusi qeyd etməyə, tərifləməyə dəyməz. Bədavi də başqaları kimi, rəqibin hücumları zamanı panikaya düşürdü. Hətta Bəhlulun ondan daha soyuqqanlı göründüyünü deyə bilərik.
Pavel Paşayev – 3,0
Millinin ən zəiflərindən biri Pavel idi. Təsadüfi deyil ki, erkən qolda kobud səhvə yol verən Paşayev komanda üzvlərində psixoloji böhran yaratdı. Murla hava mübarizəsindən məğlub ayrılan müdafiəçi oyun ərzində bir neçə dəfə rəqibin məhz onun cinahından cərimə meydançasına daxil olmasına əngəl ola bilmədi.
Qara Qarayev – 3,0
Millinin orta sahəsi daha zəif təsir bağışladı ki, kapitan sarğısı ilə meydana çıxan Qara istisna deyildi. Nazarov hücuma daha çox qoşulurdusa, Almeyda da nisbətən öndə qərarlaşmışdısa, Qarayev əsasən müdafiəyə diqqət ayırırdı. Bu, onda heç də yaxşı alınmırdı. Bir epizodda cinaha yaxın mövqedə Beyl ona “ustad dərsi” keçdi. Qara yalnız iki dəfə qapıya uzaqdan zərbələri ilə diqqət çəkdi ki, heç birində dəqiq ola bilmədi.
Riçard Almeyda – 3,0
Riçard oyunboyu geriyə ötürmələri ilə “mənasız iş”lə məşğul oldu. Nə dağıdıcı, nə də yaradıcı kimi keyfiyyətlərini ortaya qoya bildi. Nəticədə uelslilər orta sahədə istədiyini edirdi.
Şəhriyar Rəhimov – 3,5
Şəhriyar cinahda fəal idi. İlk yarıda Krivotsyukun önündə, ikinci hissədə isə Təmkin Xəlilzadənin arxasında oynamalı olan müdafiəçi cinah hücumlarının təşkilində iştirak edirdi. Di gəl ki, faydalılıq əmsalı aşağı idi. Cinah asmalarından, demək olar ki, istifadə etmədi.
Dmitri Nazarov – 3,5
İnsafən, Nazarov nəsə etməyə çalışır, oyundaşlarından çox çalışırdı. Amma adəti üzrə daha çox fol qazanmağa, rəqibin sarı vərəqə almasına çalışırdı. Biz onun millidə oynadığı ilk vaxtlardakı uzaqdan zərbələrini də daha görmürük. Düzdü, 40-cı dəqiqədə penalti qazana bilərdi. Məhz onun zərbəsindən sonra top cərimə meydançasında rəqibin əlinə dəydi. Ancaq Dmitri kimi Almaniyadan olan Dəniz Aytəkin penalti vermədi, üstəlik, almanca etiraz bildirməsinə rəğmən, Nazarova vərəqə göstərdi.
Araz Abdullayev – 3,5
Hücumda gözə girməyə çalışan Araz müdafiəyə köməyə qayıtmırdı. Nəticədə Pavelin üzərinə daha çox yük düşürdü. Məhz onun cinahında uelslilərin cərimə meydançamızın həndəvərində vurnuxduğu vaxt Arazın uzaqdan bunu seyr etməsi, bir çox hallarda gəzişməsi kənardan çox pis görünürdü.
Təmkin Xəlilzadə - 3,0
Nikola Yurçeviç Xorvatiya ilə oyunda olduğu kimi, Təmkini “gizli silah” kimi görür, sonradan onu meydana buraxmaqla hücum gücünü artıracağını düşünürdü. Bu dəfə olmadı. Xəlilzadə meydanda olduğu 45 dəqiqə ərzində, demək olar, heç nə ilə yadda qalmadı.
Ağabala Ramazanov – 3,0
Arazın işə yaramadığını görüb Ağabalanı meydana buraxan Nikola Yurçeviç start heyətində olduğu kimi, əvəzetmələriylə də yarıtmadı. Ramazanov son 25-26 dəqiqədə meydanda oldu ki, bu müddətdə də oyunun ruhunu tuta, uyğunlaşa bilmədi.
Ramil Şeydayev – 4,0
Müqayisədə millinin ən yaxşısı Şeydayev idi. Ən çox çalışan, vuruşan, tər tökən məhz Ramil idi. Bir epizodda oyunu üzərinə götürüb rəqibin meydanına şığısa da, son nöqtəni qoya bilmədi. Ancaq bu o demək deyil ki, Şeydayev oyunu yüksək səviyyədə keçirdi. Əvvəla, hücumçunun işi qol vurmaqdı, Ramil bunu bacarmayıb. Bundan başqa, o, xeyli top itkisinə yol verməklə də komandaya ziyan vururdu.
Cavid Hüseynov – qiymətsiz
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR