Sizin reklam burada

Tərcümə biabırçılığı Dadaş Dadaşlinskini də dilə gətirdi

Baxış Sayı:509


“Fikir verirsizsə, bu çıxışımda bir dəfə də Elxan Məmmədovun adını çəkmədim”
Belə görünür ki, İTV-nin məşhur “3D” verilişinin aparıcısı Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkən deyil. Verilişin həm ötən cümə axşamı, həm də dünənki buraxılışında AFFA-nın baş katibinin personası yenə diqqət mərkəzində olub. Bizim bütün bunları işıqlandırmaqda məqsədimiz isə odu ki, AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentində çalışan dostlar baş katib üçün hesabat hazırlayarkən əziyyət çəkməsinlər, İTV-nin efirində nələr danışıldığını ona kəlmə-kəlmə anlatsınlar. Beləliklə, ötən cümə axşamı verilişin qonağı xalq artisti Brilyant Dadaşova idi. Dadaş bəyin qəbul otağında müğənni və Əziz yan-yana əyləşib. Lyuba xanım sözə başlayır:
- Əziz, yenə gəldin? Demədilər Elxan müəllimsiz gəlmə?
- Bu gün xoş xəbərlə gəlmişəm. Dadaş müəllimi toyuma dəvət edirəm.
- Üz var e, səndə. İş tapşırıblar, onu həll elə, sonra gəl dəvət et də.
- Burda iş var da, bir məsələ var. Elxan Məmmədovun bir uzaq qohumu var, institutda oxuyur, mənim qapı sonşumun bacanağının qızı da həmin institutda oxuyur, bir qrupda oxuyurlar. Mən o qızı alıram. Tutursan da söhbəti?
Brilyant xanım müdaxilə edir:
- Ay Allah, nə yaxın qohumlar tapmısız.
Əziz davam edir:
- Deməli, Brilyant xanım təsəvvür edirsiz də. Elxan müəllimi o toya dəvət edirlər, Dadaş müəllimi də mən dəvət edirəm, orda görüşürük, rəsmi dəvətnaməni veririk, verilişə gəlir, mənim də canım qurtarır.
Lyuba təəccübünü gizlədə bilmir:
- Ay bala, dayan, sən ailəlisən axı.
- Evdə yoldaşıma demişəm. Dedi ki, əsas sən Dadaş müəllimin qəbuluna düş. Qalan şeylər düzələcək.
Lyuba bu xəbərə sevinir:
- Əla, Brilyant xanım da toyunda oxuyar.
Əziz isə müğənninin toyda oxumasının ona baha başa gələcəyi düşüncəsi ilə cibindən pulunu çıxarıb sayır:
- Brilyant xanım? Bu Elxan Məmmədov, deyəsən, mənə yaman baha başa gələcək.
Ötən şənbə Uelslə oyunu stadiondan izləyənlər arasında Əzizlə Lyuba da olub. Təsadüfi deyil ki, dünənki veriliş başlayan kimi Dadaşlinski katibəsindən Əzizlə futbola gedib-getmədiklərini soruşdu. Lyubanın təəssüratı: “Getdik e, mən elə bilirdim VİP yer olacaq. Təsəvvürlərim bir az başqa cür idi. İlk dəfə stadiona gedirdim”.
Verilişin qonağı Bəxtiyar Hacıyev idi. Dadaş bəy onunla söhbəti bitirən kimi Elxan Məmmədovun “bostanına daş atmağı” da unutmadı: “...Oyundan əvvəl mətbuat konfransı keçirilirdi. Və Uels millisinin ən yaxşı oyunçusu Qaret Beyl çıxış edirdi. Təsəvvür edin ki, Beylin dediyin tərcümə etmək üçün AFFA bir tərcüməçi verə bilməmişdi. Mən belə başa düşürəm ki, həmin oyunu uduzmağa biz artıq mətbuat konfransından başlamışdıq. Fikir verirsizsə, bu çıxışımda bir dəfə də Elxan Məmmədovun adını çəkmədim. Nəticəni özünüz çıxarın”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR