Sizin reklam burada

AFFA gecikdi, “Albasete” Eddini buraxmadı

Baxış Sayı:460


Firuz Abdulla: “FİFA-ya məktub ünvanlamışıq, cavab gözləyirik”
Nikola Yurçeviçin yığmanın Uels və Slovakiya üçün açıqladığı heyətdə Eddi İsrafilovun da adı var idi. Xəbəri keçmiş zamanda təqdim etməyimizin səbəbi İspaniyada top qovan yığma üzvünün britaniyalılarla noyabrın 16-da “Bakcell Arena”da baş tutacaq oyunda iştirak edə bilməyəcəyidi. Səbəb isə assosiasiyadakı səlahiyyətli şəxslərin işlərində yol verdiyi səhlənkarlıqdı.
AFFA-nın saytında yer alan xəbərdə qeyd olunub: “İspaniyanın "Albasete" klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə "Zirə" klubundan Elvin Camalov çağırılıb. Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib. Məsələ ilə bağlı AFFA tərəfindən FİFA-ya müvafiq qaydada məlumat verilib. Eddi İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək”.
Məsələnin məğzi aydındı. AFFA rəsmiləri “Albasete”yə göndərməli olduğu məktubu vaxtında ünvanına çatdırmadığı üçün İspaniya klubu futbolçunu buraxmamaqla bizimkiləri “cəzalandırıb”. Texniki problemdi, fiziki, yoxsa psixoloji – bu, klub rəhbərliyini marağında deyil. Adamlar qanun çərçivəsindən kənara çıxmadan dolayı yolla AFFA-ya lazım olan cavabı veriblər: “Məktubu vaxtında göndərərdiz, buraxardıq”.
“Futbolinfo” saytı tənbəllik yox, müraciət edib. Birbaşa “Albasete”nin mətbuat xidmətinin rəhbəri Xesus Ernandes Prensaya. Klub rəsmisi Eddinin Bakıda baş tutacaq qarşılaşmaya getməməsinin səbəbi kimi AFFA ilə klub arasında razılığı göstərib: “Bu, klub və federasiya arasında bir razılaşmadı. Məsələ ilə bağlı ətraflı məlumat vermək istəmirik. Bizim növbəti matçda ona ehtiyacımız var. Çünki Eddinin mövqeyində oynayacaq başqa futbolçumuz yoxdu”.
Göründüyü kimi, assosiasiya ilə klubun mövqeyi bir-birini kəskin şəkildə “döyür”. Bizimkilər texniki problemi qabardır, ispanlar isə razılığı əsas gətirib, ətraflı danışmaqdan boyun qaçırırlar. İlkin baxışdan anlaşılan odu ki, noyabrın 16-da “Albasete”nin “Saraqosa” ilə olduqca vacib oyunu olduğuna görə futbolçu ilə klub, eləcə də klubla AFFA arasında “Uelslə oyunu buraxsın, Slovakiya ilə qarşılaşmaya özünü çatdırar” şəklində razılıq olub. Lakin ölkə futboluna cavabdehlik daşıyan qurum söhbətə “don geyindirməklə” iz azdırmaq istəyir. Belədisə, özü bir ayıbdı. Yox, həqiqətən deyilən kimidisə, yəni məktub hansısa texniki problemə görə ünvana vaxtında çatmayıbsa, bunun özü lap böyük ayıbdı. Dünyanın harasıdı ki, bir assosiasiya futbolçunun klubuna vaxtında müraciət ünvanlaya bilmir? Səhlənkarlıqdı, məsuliyyətsizlikdi, vecsizlikdi, başqa adı yoxdu.
Təbii, belə vəziyyətdə AFFA-nın mövqeyi maraq doğurmaya bilməz. Odu ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb məsələyə ətraflı şərh verməsini xahiş etdik: “Albasete” tərəfi məktubun onlara vaxtında çatmadığını iddia edir. Məktub 1-2 saat, hətta 1 sutka gec çatsa belə, buna görə futbolçunu yığmaya buraxmamağa çığallıqdan başqa ad tapa bilmirəm. Uelslə oyuna buraxmırlar, amma Slovakiya ilə qarşılaşmada iştirak etməsində problem görmürlər. Halbuki müraciət hər iki görüşlə bağlı idi. Məktub, ümumiyyətlə, çatmayıbsa, Slovakiya ilə oyuna niyə buraxırlar? Məktub onlara səhv etmirəmsə, oyuna iki həftə qalmış göndərilməliydi. Çünki bu işlə mən yox, başqa departamentin əməkdaşları məşğul olur. Təxminən həmin vaxtda da göndərilib. Bir də ki, bütün klublara eyni vaxtda göndərilib. Niyə digər legioner futbolçularımızın klubları bu cür davranmır?”
Xesus Ernandes Prensanın dediklərini Firuz bəyə xatırladıb, klubla assosiasiya arasındakı fikir ayrılığına da aydınlıq gətirməyə çalışdıq: “Ünsiyyətdə olmadığım adamın fikrinə münasibət bildirməyi doğru saymıram. Yəni tam nə demək istədiyini və “AFFA ilə razılığa gəlmişik” sözünün arxasında nəyin dayandığını anlamıram. Belə başa düşürəm ki, Eddinin Slovakiya ilə oyunda yığmanın düşərgəsində olacağını nəzərdə tutaraq deyib. Başqa hansısa razılıqdan söhbət gedə bilməz. Bu cür məsələdə başqa hansı razılıq ola bilər ki? Məntiq var, arada razılıq olsaydı, AFFA niyə FİFA-ya müraciət edirdi ki? “Albasete”nin mövqeyi ilə bağlı FİFA-ya məktub ünvanlamışıq, cavab gözləyirik. Hələ ki cavab yoxdu. Eddinin özüylə biz yox, çox güman, yığmanın baş məşqçisi əlaqə saxlayıb. “Saraqosa” ilə qarşılaşmaya görə İsrafilovun milliyə qoşulmaqdan imtina etdiyinə inanmıram. Belə bir niyyəti olsaydı, özü bizə bildirərdi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR