Sizin reklam burada

Bizimkilər yatır, lüksemburqlular axtarır

Baxış Sayı:406

Bizimkilər yatır, lüksemburqlular axtarır
Nazir təxribatçılarla bağlı istintaqın davam etdiyini deyir
Oktyabrın 3-də Lüksemburqda keçirilmiş “F91 Düdelanj” – “Qarabağ” matçının, başqa cür desək, ermənilərin bizimkilərin başı üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını dalğalandırmasının “40-ı” çıxdı. Lakin bu müddətdə nə Avropa futboluna cavabdehlik daşıyanlardan hansısa xəbər var, nə bizimkilərdən, nə də dünya güc strukturlarından. Sanki elə bir hadisə baş verməyib. Dığalar bayrağı dronla stadionun üzərində gəzdirdilər, istəklərinə nail oldular və bitdi.
Bizimkilərin susduğu vaxtda Lüksemburq hökuməti özünə əl qatıb. Adamlar təxibatçıları tapmaq yönündə axtarışlarını davam etdirməkdədilər. Lüksemburq mətbuatının yaydığı xəbərə görə, ölkənin milli təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablayarkən deyib ki, məsələ onların diqqətindədi və bununla bağlı axtarışlar gedir. Nazir Lüksemburq polisinin “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını bildirib: “Qarşılaşmanın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, dərhal əlavə dəstək üçün 30 agent çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan ordan da heç bir nəticə əldə edilmədi. İstintaq davam edir. Yaxın həftələrdə məlumat veriləcək”.
Əslində bu təkcə oyuna evsahibliyi edən ölkənin yox, həm də bizimkilərin maraq dairəsində olması vacib məsələdi. Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi, AFFA, “Qarabağ”, daha nə bilim, hansı qurum və ya təşkilatlar təxribatçıların tapılıb məsuliyyətə cəlb olunması üçün əl-ayağa düşməli, indiyə qədər istəklərinə çatmalıydılar. Lakin göründüyü kimi, heç kimin vecinə deyil. Baş vermiş hadisəyə “mənlik deyil, kim cavabdehdi, o maraqlansın, axtarsın, tapsın” şəklində yanaşmaqla hamı yaxasını kənara çəkir.
Açığı, Fransua Bauşun sözlərində də müəyyən qədər şişirtmə, lap dəqiq desək, yalan izləri var. Necə yəni “heç bir nəticə əldə edilmədi”? Olayın səbəbkarları göz qabağındadı. Spartak Adamyan ad-soyadlı dığa Rusiya mətbuatına “palaz” boyda müsahibə verib, hər şeyi çılpaqlığı ilə ortaya qoymuşdu. Adama bənzəməyən Adamyanın və “silahdaşlarının” şəkilləri var, harda yaşadıqları məlumdu, planı həyata keçirmək üçün hansı addım atdıqlarını da Spartak aşkar deyib. Belə olan halda onları tapmaq isə iki üstəgəl ikidi. Görünür, nazir söz altında qalmamaq üçün nəsə deməliymiş deyə, bu cür fikir səsləndirib.
Heç olmasa, bizi yandıran məsələ Lüksemburda müzakirə olunur. Bizdə isə sakitlikdi, sanki belə də olmalıymış...
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR