Sizin reklam burada

Pedro Enrike “Qarabağ”a qayıda bilər

Baxış Sayı:480


“Bilsəydim ki, “Astana”ya verəcəklər, “Qarabağ”da qalardım”
Hər dəfə söz “Qarabağ”dakı yararsız legionerlərdən düşəndə ağla İbrahim Şehiç, Dino Ndlovu, Vild-Donald Gerye və əlbəttə, Pedro Enrike kimi komandaya xeyir vermiş əcnəbilərin adları gəlir. İndi onların hərəsi bir ölkədə top qovur, klubları ilə müqavilələri var. Amma nə vaxtsa yenidən “Qarabağ”da peyda olacaqları da istisna deyil.
Necə ki, bazar günü söhbətləşdiyim Pedro bunu çəkinmədən söylədi. “Qarabağ” – “Zirə” görüşünü izləyənlər arasında olan braziliyalı yarımmüdafiəçi hazırda Türkiyə superliqasında mübarizə aparan “Kayserispor”un uğurları üçün tər tökür. Cari mövsümdə meydana çıxdığı 9 oyunda 3 qola imza atsa da, komandası 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bu isə yaxın gələcəkdə Enrikenin yenidən “Qarabağ”da peyda olmaq şansını xeyli artırır. “Zirə”ylə oyun başa çatandan sonra Pedro suallarımızı məmnuniyyətlə cavabladı.
- Bakıya gözlənilməz səfərinin məqsədi maraqlıdı...
- Xüsusi bir səbəb yoxdu. Sadəcə, dincəlmək və dostlarıma baş çəkmək üçün burdayam. Azərbaycanda çoxlu dostum var. Bilirsiz ki, Bakı və “Qarabağ” mənə doğmadı, burda xoş günlər keçirmişəm. Həm də “Qarabağ” karyeramda xüsusi izlər buraxmış komandadı. Bu komandanın formasında möhtəşəm mövsüm keçirmişdim.
- Öz aramızdı, azarkeşlər də sənin üçün darıxıb. Hər dəfə “Qarabağ”dan ayrılan faydalı futbolçulardan söz düşəndə sənin adın çəkilir.
- Sağ olsunlar, bilirəm. Futbolun gözəlliyidi də budu. Dediyinizdən xəbərdaram, bu haqda sosial şəbəkələrdə özümə də yazırlar. Kim bilir, bəlkə bir gün “Qarabağ”a qayıtdım.
- Özün necə, qayıtmaqda maraqlısan?
- Necə deyim? Hazırda “Kayserispor”a məxsusam və müqaviləm davam edir. Amma həyatdı, hər şey ola bilər. Gələcəkdə nə vaxtsa “Qarabağ”da oynamaq şansım olsa, buna yalnız sevinərəm.
- Bəlkə yanvarda səni “Qarabağ”ın təlim-məşq toplanışında gördük?
- İndi heç nə deyə bilmərəm. Dediyim kimi, klubumla anlaşmam var. Görək də...
- “Qarabağ”ın avrokubok oyunlarını izləyirsən?
- Riçard Almeyda ilə yaxın dostam, tez-tez danışırıq. Ona görə də oyunları qaçırmamağa çalışıram. Əlbəttə, baxıram.
- APOEL-lə görüşün nəticəsi, yəqin ki, səni də məyus etdi.
- Elədi. Ən çox qələbənin əldən çıxmasına üzüldüm. Futbolu maraqlı edən də budu. Bəzən hər şey heç də sənin istədiyin kimi olmur. Qətiyyən həvəsdən düşmək olmaz. Mübarizəni davam etdirmək, xoş gələcəyə inanmaq lazımdı.
- “Qarabağ”ın qrupdan çıxmaq şansı artıq öz əlində deyil. Sabiq komandanın imkanlarını necə dəyərləndirirsən?
- Qarşıda daha 2 tur var. Həmin oyunlarda gözlənilməz nəticələr qeydə alına bilər. Ona görə də əlləri yana salmaq lazım deyil. Bu “Qarabağ” qrupdan çıxmağı haqq edir. Məncə, pley-offa adlayan tərəf elə “Qarabağ” olacaq.
- “Qarabağ” və “Kayserispor”... Hansı komandada oynamaq sənə rahatdı?
- Türkiyə superliqasının nə demək olduğunu siz məndən yaxşı bilirsiz. Ordakı şərait, azarkeş dəstəyi, rəqabət və s. Çox güclü çempionatdı. Orda asan oyun yoxdu. Azərbaycanla fərq çoxdu. Məsələn, burda “Qarabağ”ın səviyyəsi açıq-aşkar özünü göstərir. Amma bu gün “Zirə”ni bəyəndim. Sona qədər ruhdan düşmədilər və lazım olan qolu vurdular.
- Sonuncu və əsas sual. 2018-in yayında “Qarabağ”ı tərk etməyinin səbəbi təmsilçimizlə PAOK arasındakı icarə müqaviləsinin müddətinin başa çatması idi, bunu bilirik. Maraqlıdı, həmin vaxt sənin məqsədin nə idi: “Qarabağ”da qalmaq, yoxsa başqa ölkəyə üz tutmaq?[/b]
- Həmin vaxt qarışıq vəziyyət yaranmışdı. Daha doğrusu, məndən asılı olan heç nə yox idi. PAOK mənə görə maraqlı təkliflər almışdı və onların arasında seçim edirdi. Yunanıstan klubuna məxsus olduğumdan, mənim qərarım həlledici sayılmayacaqdı. Çünki ortada maliyyə şərtləri vardı. Açığı, mən PAOK-da oynayacağımı düşünürdüm. Lakin “Astana”ya icarəyə verdilər. Bilsəydim ki, “Astana”ya verəcəklər, “Qarabağ”da qalardım. İşin biznes tərəfini düşündülər, nəticədə əziyyət çəkən mən oldum. Eybi yox, keçib getdi, bundan sonra gələcəyə baxmalıyıq.
[b]HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR