Noyabrın 17-də “Qarabağ”ın azarkeş qrupu “İmarət”in 10 yaşı tamam olur. Azarkeş qrupu yubileyi Bakıda yox, Ağdamda keçirmək niyyətindədi. Artıq bununla bağlı “feysbuk” hesablarında da elan yerləşdiriblər. Azarkeşlər noyabrın 17-də təxminən 150 nəfərlə Ağdama üz tutacaqlar. Tədbirin Ağdama salınmasının səbəbini və “Qarabağ”ın futbolçularından orda kiminsə iştirak edib-etməyəcəyini öyrənmək üçün azarkeş qrupunun tirbuna liderlərindən olan Rüfət Muradi ilə əlaqə saxladıq: “Əslində 10 yaşımız ayın 20-də tamam olur. Lakin 17-si bazar günüdü deyə, bu tarixi seçdik. Artıq 150 nəfərimiz var. Böyük ehtimalla üç böyük avtobusla Ağdama yollanacağıq. Məqsəd yalnız onilliyimizi qeyd etmək yox, həm də əsgərlərlə görüşməkdi. Komandadan hələlik heç kimə təklif göndərməmişik. Gözləyirdik ki, APOEL ilə oyundan sonra edək. Ancaq ola bilsin ki, hansısa futbolçuya bizimlə getməyi təklif etdik. Ağdamda da bizi gözləyən kifayət qədər insan var. Onlar da uzun müddətdi bizi gözləyirlər. Ora reklam üçün getmirik. Çox vaxt “Qarabağ”ın Ağdama getmədiyini, azarkeşlərin Quzanlını görmədiyini yazırlar. Onlara çatdırmaq istəyirik ki, biz Avroliqa azarkeşi deyilik. Hər çempionat oyunumuz Quzanlıda olsa, hamısına Bakıdakı kimi gedərik. Orda yerli camaatın bizə necə dəstək olduğu hamıya bəllidi. Quzanlıda hamı futbolla nəfəs alır. Bilirsiz ki, bu olduqca mühüm məsələdi. Biz də çox istərdik ki, bu mövzuda bütün jurnalistlər yazsın, işıqlandırsın”.
HƏSƏN QULUZADƏ