Xorvat mütəxəssis Cavid Hüseynovun hansı keyfiyyətinə “vurulub”?
Yığmanın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, 19-da isə səfərdə Slovakiya ilə keçirəcəyi oyunlar üçün heyəti dünən açıqlanıb. Baş məşqçisi Nikola Yurçeviç iki görüş üçün aşağıdakı futbolçulara dəvət göndərib. Onu da qeyd edək ki, milli üzvləri noyabrın 11-də bir araya gələcək: qapıçılar - Səlahət Ağayev (Neftçi), Emil Balayev (“Tobol”, Qazaxıstan), Mehdi Cənnətov (Sumqayıt); müdafiəçilər - Abbas Hüseynov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev (Sumqayıt), Anton Krivotsyuk (Neftçi), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (Səbail), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah"); yarımmüdafiəçilər - Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov (Neftçi), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya), Cavid Hüseynov (Zirə), Eddi İsrafilov (“Albasete”, İspaniya); hücumçular - Ağabala Ramazanov (Səbail), Ramil Şeydayev (“Dinamo”, Moskva/Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Renat Dadaşov (“Pakuş Fereyra”, Portuqaliya), Vüsal İsgəndərli (Keşlə).
Yurçeviçin dəvət göndərdiyi “24-lük”də yer alan futbolçuların böyük qisminin Uels və Slovakiya ilə matç üçün yığmanın düşərgəsində olacağı gözlənilən idi. Ancaq xorvat mütəxəssisin siyahısında bəzi adlar var ki, onların yığmanın qarşıdakı oyunlarına çağırılması bir qədər gözlənilməz oldu.
Öncə ilk dəfə milli komandaya cəlb olunan Vüsal İsgəndərliyə toxunaq. “Keşlə”nin şərəfini qoruyan futbolçu ölkənin əsas komandasının heyətində forvard kimi göstərilsə də, heç kimə sirr deyil ki, İsgəndərli qolçuluq bacarığı ilə o qədər də öyünə bilməz. Düzdü, Vüsal uğurları üçün tər tökdüyü komandanın heyətində premyer-liqada daim meydana çıxanlar arasındadı. Mübarizə əzmi, çalışqanlığı ilə göz oxşayır. Fiziki hazırlığı qaydasında olduğundan daim rəqibə pressinq etməyi bacarır. Ancaq forvard kimi onun yığmaya faydalı olacağı heç də inandırıcı görünmür. Adətən, futbol aləmində bu tip oyunçulara “başsız atlı” deyirlər. Ola bilsin, Yurçeviç Vüsalın məhz fiziki keyfiyyətlərini nəzərə alaraq, atletik cəhətdən güclü olan Uels və Slovakiya ilə oyunlarda sınamaq istəyir. Ancaq yenə qeyd edirik ki, onun forvard kimi milliyə fayda verəcəyi şübhə altındadı. İsgəndərlidə son ötürmə və bitiricilik qabiliyyəti istənilən səviyyədə deyil. Onun qol duyumunun da yüksək olduğunu demək olmaz. Futbolçunun cari mövsümdə statistikası da bundan xəbər verir. “Keşlə”də daha çox vinger kimi meydana çıxan oyunçu geridə qalan
10 turda cəmi 2 matçda adını tabloya yazdırmağı bacarıb. Yurçeviçin İsgəndəlini milliyə forvard kimi dəvət etməsi çox təəccüblüdü.
Müzakirəyə səbəb olan ikinci isim Təmkin Xəlilzadədi. Premyer-liqanın 8-ci turuna təsadüf edən “Keşlə” ilə matçda özünə nəzarəti itirən solaxay müdafiəçi çempionatın son iki turunda əsas komandadan ayrı düşməklə yadda qaldı. Premyer-liqa matçlarında iştirak etməyən Təmkin oyun təcrübəsini itirməmək üçün birinci divizionda çıxış edən “Sabah-2”nin heyətində meydana çıxdı. İntizamsızlığı və başqa mənfi əməlləri ilə ad çıxaran, özü haqda heç də xoş fikir formalaşdırmayan futbolçunun Yurçeviçin siyahısında yer alması bəziləri tərəfindən heç də xoş qarşılanmadı. Ancaq yerli futbolçular arasında Xəlilzadənin mövqeyində alternativ olmadığından xorvat mütəxəssisin qərarını hardasa anlayışla qarşılamaq mümkündü.
Və nahəyət, yığmanın çalışdırıcısının Cavid Hüseynov “sevgisi” barədə danışaq. Mövsümlərarası fasilədə “Qəbələ”ni “Zirə”yə dəyişən yarımmüdafiəçinin ideal formada olmadığını ölkə futbolu ilə az-çox maraqlananların hamısı yaxşı bilir. Böyük ümidlərlə “Zirə”yə dəvət olunan təcrübəli futbolçu nəinki “qartallar”ın lideri olmağı bacardı, əksinə meydanda olduğu müddətdə demək olar ki, heç nə ilə yadda qalmadı. Premyer-liqanın 10-cu turunda “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edirdi. İlk yarıda qonaqlar meydan sahiblərini futbol dili ilə desək, “sürüyürdü”. “Kimyaçılar”ın meydanda ağalıq etməsinin başlıca səbəbi isə “qartallar”ın yarımmüdafiə xəttində yer alan futbolçuların zəif təsir bağışlaması idi. Xüsusilə də Hüseynov meydana sanki “bir ayaq”la çıxmışdı. Təsadüfi deyil ki, Yurçeviçin də canlı izlədiyi oyunun fasiləsində qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimov Cavidi əvəzləməyi lazım bildi. Çalışdırıcı hətta matçdan sonra keçirilən mətbuat konfransında ondan narazılığını açıq-aydın bəyan etdi. Bütün bunlara baxmayaraq, xorvat məşqçinin Hüseynovu yığmada görmək istəyi çox qəribədi. Görəsən, Yurçeviç “Zirə” – “Sumqayıt” oyununa harası ilə baxıb? Xorvat sözügedən qarşılaşmaya anlaqlı vəziyyətdə baxsaydı, yəqin ki, Hüseynovun əvəzinə ölkənin əsas komandasına onu yox, ən azı ötən ildən “Sumqayıt”ın şərəfini qoruyan Əmir Ağayevi dəvət edərdi. Tutaq ki, “milliləşdirilmiş” futbolçu xorvatın oyun fəlsəfəsinə uyğun gəlmir, onda istədiyi keyfiyyətləri görmür. Lap belədisə, karyerasının qürub çağını yaşayan Cavidin yerinə U-21-də eyni mövqedə çıxış edən yerli gənclərdən birini çağırmaq olardı. Ən azı həmin gənc milliyə Hüseynovdan daha çox fayda verərdi. Onsuz da seçmə mərhələdə yığmanın nəyəsə ümidi yoxdu. Heç olmasa, perspektivli gənclərdən biri ölkənin əsas komandasının ab-havasını duyardı.
RƏŞAD