Sizin reklam burada

Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər

Baxış Sayı:404


Sənan Qurbanov: “Hiss olunurdu ki, gərgin oyuna rəqib daha çox hazırdı”
Şahin Diniyev: “Qarabağ” hər cəhətdən APOEL-dən üstün idi”
Ağasəlim Mircavadov: “Son illərdə “Qarabağ” standart vəziyyətdən çox qol buraxır”

“Qarabağ” səfərdə APOEL-ə uduzmaqla növbəti mərhələ şansını çətinə saldı. Ağdamlılar bundan sonra növbəti iki oyunda uğurlu çıxış etməklə yanaşı, APOEL-in də büdrəməsinə ümid edəcək. Maraqlıdı ki, Qurban Qurbanovun yetirmələri cari mövsümdə artıq 4 dəfə APOEL-lə üz-üzə gəlib. Bu oyunların ikisi Çempionlar Liqasının təsnifat mərhələsində, ikisi isə Avroliqanın qrupunda baş tutub. Ağdamlılar ilk oyunda səfərdə rəqibini məğlub edə bilmişdi. Elə bu qarşılaşmadan sonra Cənubi Kipr təmsilçisinin baş məşqçisi istefaya göndərildi və onun yerinə Tomas Doll təyin edildi. Məhz bu dəyişiklikdən sonra komandamız APOEL-lə 3 dəfə qarşılaşsa da, meydandan iki məğlubiyyət, bir heç-heçə ilə ayrılıb. Bu nəticələrdən sonra bir çoxları Qurbanovun Dollu üstələyə bilməməsinin səbəbini məşqçilərin taktiki hazırlığına bağladı. Hətta Dollun komandasını bu oyunlara Qurbanovdan daha yaxşı hazırladığını bildirənlər də oldu. Əlbəttə, bütün bunların əksini deyənlər də var. Bəziləri bu oyunlarda “Qarabağ”ın yaxşı çıxış etdiyini, lakin bəxt amilinə görə qalib gələ bilmədiyini iddia edir. Ancaq həqiqət budu ki, “Qarabağ” səfərdə APOEL-ə məğlub olaraq növbəti mərhələ şansını çətinə saldı. Qurbanovla Dollun taktiki döyüşü haqda və komandamızın Cənubi Kiprdən əliboş dönməsinin səbəblərini bilmək üçün mütəxəssislərə müraciət etdik.
Sənan Qurbanov: “Açığı, oyun olduqca gərgin keçdi. Qarşılaşmadan öncə APOEL-in futbolçuları çox iddialı danışırdılar. Görünən o idi ki, rəqib komanda gücün, mübarizənin hesabına bu oyunda nəyəsə ümid edirdi. Əslində qol vuraraq istədiyimizi etmişdik. Eyni zamanda ikinci hissədə də təmsilçimizin 3 real qol imkanı oldu. Bunları dəyərləndirmək lazım idi. “Qarabağ”ın heyətində yer alan futbolçular həmin imkanlardan maksimum dərəcədə yararlana biləcək səviyyədədilər. Belə gərgin oyunda bu cür fürsətlərdən yararlanmaq vacibdi. “Qarabağ”ın öz oyunu var. Həmin oyun alınanda bütün komandalar üçün çətin olur. Hiss olunurdu ki, gərgin oyuna rəqib daha çox hazırdı. Onlar hətta geriyə düşsələr belə, psixoloji olaraq yaxşı vəziyyətdə qaldılar. İmkanlardan istifadə edə bilməməyə tam da bəxtsizlik demək olmaz. Oyunçular epizodlarda tələskən görünürdülər. Bunu da gərginliklə əlaqələndirmək olar. Əslində rəqib “dişimizə görə” idi. Bu oyundan çox şey gözləyirdik. Ancaq gərək həlledici anlarda soyuqqanlı olmağı bacarasan. Qurban Qurbanovun Tomas Dolla taktiki cəhətdən uduzduğunu deməzdim. Sadəcə, “Qarabağ”ın öz oyun üslubu var. Onlar da buna sadiq qalmaq istəyirlər. Qurban müəllim, yəqin ki, rəqibi təhlil etmişdi. Mən kənardan baxan biri ki görürdüm ki, “Qarabağ” yaxaladığı imkanlar üzərində məqşlərdə çalışıb. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu nəticənin taktiki məğlubiyyət olduğuna inanmıram. Bundan sonra yenə də ümid var. “Sevilya” artıq qrupdan çıxıb. Onlardan 1 xal alıb, “Dudelanj”ı məğlub edərək APOEL-in xal itirməsini gözləyəcəyik”.
Şahin Diniyev: “Belə oyundan sonra danışmaq çox çətindi. Ümidlərimiz böyük idi. Daha doğrusu, bu oyunla bağlı ümidlərimiz böyük idi. “Qarabağ” hər cəhətdən APOEL-dən üstün idi. Eyni zamanda “dişimizə görə” bir rəqibdi. Ancaq nə edəsən ki, bu futboldu. Futbolun gözəlliyi budu ki, proqnozlar bəzən düz gəlmir. Məğlubiyyətin bir çox səbəbləri var. Yalnız bir səbəb göstərmək doğru olmaz. Məsələn, rəqibin daha təcrübəli olduğunu bildirsək, bir qədər düzgün olmaz. Çünki “Qarabağ”ın da heyətində təcrübəli oyunçular var. Futbolçularımız uzun müddətdi bir yerdə oynayırlar, kifayət qədər avrokubok matçı görüblər. Bu gün məğlubiyyətə görə hərəmiz bir səbəb göstərsək, yaxşı olmaz. Bunun səbəbini komandanın içində olanlar daha yaxşı görürlər. Adi imkanlardan istifadə edə bilməməyin də bir çox səbəbi olur. Bəxt, hazırlıqsızlıq və s. Ona görə deyirəm ki, hərəmiz bir səbəb saysaq, peşəkar yanaşma olmaz. Epizodların qaçmasını futbolçuların ustalıq səviyyəsi ilə ölçmək doğru olmaz. Necə deyə bilərik ki, Zubirin, Miçelin ustalıq səviyyəsi aşağıdı? Birinci hisssədə olduqca yaxşı oynadıq. Fikrimcə, həmin oyunu ikinci hissədə davam etdirməliydik. Fikir verdiz, ilk yarıda orta sahəni necə bağlamışdıq. Və rəqibin Əl-Tamaridən başqa elə bir futbolçusu yox idi ki, oyunçu keçib, driblinq etsin. Artıq edəcək bir şey yoxdu. İrəli baxmaq lazımdı. Bəlkə də ikinci qolu vurub daha rahat oynamaq hissi müdafiədə boşluqlar yaratdı. Dediyim kimi, saysaq, belə nüanslar çoxdu. Sadəcə, “Qarabağ” öz əlindəki şansı rəqibə verdi. Artıq taleyimiz APOEL-dən asılıdı”.
Ağasəlim Mircavadov: “Qarabağ” yaxşı oynadı. Qol vəziyyətlərimiz də olduqca çox oldu. Mənə görə biz oyun olaraq uduzmadıq. Ancaq təəssüf ki, tablo əksini göstərir. Rəqibin birinci qoluna fikir verin, müdafiəçimiz rəqiblə dayanmışdı. Ancaq daha sonra onu gözdən qaçırdı və hesab bərabərləşdi. Son illərdə “Qarabağ” standart vəziyyətdən çox qol buraxır. Sözsüz, bunun üzərində işləmək lazımdı. Həqiqətən çox heyfsilənirəm ki, məğlub olduq. Top üstünlüyü, imkanlar - hamısı bizdə idi. Heç rəqibin qol vəziyyəti belə olmurdu. İmkanlardan yararlana bilməmək bəxtsizlik adlandırıla bilməz. Bu, ustalıq səviyyəsindən asılıdı. Bəzən təcrübəli oyunçular da səhv edir. “Qarabağ” son vaxtlar çempionatda da belə oynayır. Ələ düşən imkanlardan yararlana bilmir. Bu da təbii ki, belə oyunlara da təsir edir. Deməzdim ki, Tomas Doll komandanı Qurbanovdan daha yaxşı hazırlayır. Oyuna baxanda da bu belə görünmürdü. Topa nəzarət, imkanlar ortada idi. Ancaq bunlarla yanaşı, qol da vurmaq lazım idi. Adi səhvlər sizə baha başa gəlir. Məsələn, Abdulla Zubir yaxşı oyunçudu. Topla oynayır, driblinq edir. Ancaq bitiricilik qabiliyyəti yaxşı deyil. Fikrimcə, şanslar hələ də bitməyib. Çalışmalıyıq ki, “Dudelanj”ı burda udaq, sonra da gedib “Sevilya”dan xal alaq”.
HƏSƏN QULUZADƏ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR