Sizin reklam burada

Bizimkilər susur, onlar danışır

Baxış Sayı:297

Bizimkilər susur, onlar danışır
Vuros: “İkinci hissədə bu formanın dəyərini, bağlılığını və ağırlığını göstərdik”
Oyun başa çatandan sonra hər iki ölkənin mətbuat səhifələrini ələk-vələk etsək də, “Qarabağ”dan danışan yalnız Qurban Qurbanovu gördük. Yalnız baş məşqçi məğlubiyyətlə bağlı fikirlərini dilə gətirib, komandasının yenilgisində qol imkanlarının qaçırılmasını əsas səbəb kimi göstərib. Yetirmələrindən bir cümlə də deyən yoxdu. Azərbaycanlı jurnalistlər həmin gün Nikosiyada deyildisə, bundan artığını gözləməyə dəyməzdi. Onsuz da heç biri klub saytına danışan, məlum nəticəyə səbəb göstərən deyil.
Əvəzində APOEL-in futbolçular “bülbül” kimi ötür. Komandanın aparıcı üzvləri jurnalistlərlə söhbətdə oyunla bağlı düşündüklərini dilə gətiriblər.
Nikolas Yannu: "İkinci hissədə möhtəşəm oynadıq. Komanda yoldaşlarımı təbrik edirəm. Qələbənin mərhələ adlamaq üçün nə qədər önəmli olduğunu bilirdik. Hələ heç nə bitməyib. "Qarabağ" işimizi çox çətinləşdirdi. Rəqib çox yaxşı komandadı. Bu rəqiblə oynadığımız 4 oyun bərabər səviyyədə keçib. Ancaq bu qarşılaşmalarda mərhələ keçməyə və qalib gəlməyə layiq olduğumuzu göstərdik. "F91 Düdelanj" bizi Kiprdə məğlub edib. Ona görə də səfərdə son dərəcə diqqətli olmalıyıq".
Musa Əl-Tamari: "Bizim üçün əla qələbə oldu. Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey öz əlimizdədi. Çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, hamımızın köməyi nəticəsində reallaşdı. 1/16 final mərhələsinə yüksəlmək üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bunun üçünsə çox çalışmalıyıq".
Praksitelis Vuros: "Həftənin əvvəlindən bu oyunu səbirsizliklə gözləyirdik. Qələbə bu şəkildə əldə ediləndə çılğın şəkildə qeyd edirsən. Pley-off üçün önəmli addım atdıq. İkinci hissədə bu formanın dəyərini, bağlılığını və ağırlığını göstərdik. Rəqib də meydanda oynayır, təkcə biz yox. Birinci hissədə bizdə gərginlik var idi. Üstəlik, azarkeşlər də narazı idi. Erkən qol buraxmaq bizə pis təsir etdi. İkinci hissədə əsl gücümüzü ortaya qoyduq və böyük qələbə qazandıq".
Vid Belets: "Bütün komanda həqiqətən də yaxşı iş gördü və qazandığımız nəticədən məmnunuq. "F91 Düdelanj"la səfər oyununu dörd gözlə gözləyirik. Lüksemburqa qələbə üçün yollanmalıyıq. Hələliksə daxili çempionatdakı oyunu düşünməliyik. Addım-addım irəli getməli və bacarığımızı meydanda qoymalıyıq".
APOEL-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos da oyunu şərh edib. Klub rəsmisi kimsənin bu zəfəri kiçiltməməsini istəyib: "Futbolda nəticə vacibdi. Yaxşı oynamasaz da... Çünki tarixdə oyunun hesabı qalır. Qələbə qazanarkən xarakteriniz ortaya çıxır. Dünən gecə dəstəyə ehtiyac var idi. "Düdelanj"a məğlubiyyətdən sonra vəziyyət pisləşmişdi. Qrupda 3 komanda 1/16 finala iddialıdı. Fərq ciddi deyil. Mübarizə son dəqiqəyə qədər davam edəcək. Nə olacağını görəcəyik, bəlkə də son anda bəlli olacaq".
Petevinos mətbuat konfransında Tomas Dollun jurnalistlərə əsəbi cavab verməsinə münasibət bildirərkən, onun kiprli həmkarlarımıza hörmət etmədiyi barədə səslənən fikirlərlə razı olmadığını söyləyib: "Suallara cavab verdi, oyundan danışdı. Bəzi suallar sərt olur və cavab da buna uyğun sərt alınır. Bir şeyi sual verəndə bunu daha yumşaq şəkildə də edə bilərsiz. Hər baş məşqçinin öz futbol düşüncəsi var və komandaya gələndə həmin sistemi aşılamaq istəyir".
APOEL-in sabiq futbolçusu Takis Antonyunun qarşılaşma ilə düşüncələri isə belə olub: "Qrupdan çıxmaq şansını saxlamaq baxımından böyük qələbə oldu. Nəticə çox səy göstərdikdən sonra əldə olundu. Əlbəttə, qapıçımız bizi 2-3 dəfə qoldan xilas etdi. Georgios Efremlə Nikolas Yannunun bacarığını xüsusi qeyd etməliyəm. Oyunda rəqib futbolçuların uğursuzluqları da oldu. Bəzi şeylər var ki, gizlətməməli və həqiqəti deməliyik. Komandamız düzgün müdafiə oluna bilmirdi. "Qarabağ" dünən göründüyü qədər möhtəşəm komanda deyil. Oyunun sonlarında APOEL daha intizamlı oynadı və dözümlü oldu".
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR