Sizin reklam burada

Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı

Baxış Sayı:353


“Moldovadan xalla qayıtmaq istəyirik”
Qadınlardan ibarət milllimiz Avropa çempionatının seçmə mərhələsində evdə Çexiyaya 0:4 hesabı ilə məğlub oldu. Qrupda Polşa, İspaniya, Çexiya və Moldova ilə birgə yer alan komanda iki oyundan sonra xala həsrətdi. Belə ki, yığma ilk oyunda səfərdə İspaniyayaya da eyni hesabla uduzmuşdu. Qrupda 3-cü oyun sabah səfərdə Moldovaya qarşı olacaq. Millinin iki oyuna 8 qol buraxmasının səbəblərini və Moldova ilə oyunöncəsi komandadakı ab-havanı öyrənmək üçün baş məşqçisi Siyasət Əsgərovla əlaqə saxladıq: “Qrupdakı rəqiblərimiz sizə də bəllidi. İspaniya millisi dünyada istər kişi, istərsə də qadın futbolu olsun, çox güclüdü. Sonuncu dünya çempionatında çıxışları bunu bir daha sübüt edir. 1/4 finalda ABŞ millisinə uduzdular. ABŞ da sonda çempion oldu. Bizim oyunçular isə uzun fasilədən sonra əsas milli səviyyəsində oyuna çıxdı. Üstəlik, rəqib də İspaniya idi. Belə rəqibə qarşı səfərdə oynamaq bizim üçün böyük təcrübə oldu. Təsəvvür edin ki, 12 min azarkeş önündə oyuna çıxmışdıq. Bəli, həmin oyunu 0:4 uduzduq. Ancaq onlarla bizim aramızda fərq həqiqətən çox böyükdü. Təbii ki, hesab məni razı sala bilməz. Ancaq komandamda istək, xarakter var idi, uşaqlar sona qədər mübarizə apardılar”.
Mütəxəssis Çexiya ilə oyun haqda isə bunları dedi: “Son görüşdə məqsədimiz uduzmamaq idi. Bunun üçün hazırlaşmışdıq. Çexiya tanıdığımız komandalardandı. Onların Avropanın güclü çempionatlarında legioner həyatı yaşayan oyunçuları var. Uzun illərdi istər Avropa, istərsə də dünya çempionatının seçmə mərhələsində oynayır, təcrübə qazanırlar. Ancaq biz də yaxşı hazırlaşmışdıq, uduzmaq istəmirdik. İlk hissədə hesabda 0:1 geridəydik. Fasilədən sonra vəziyyəti dəyişmək üçün dəyişiklik etdik. Əvvəlcə istəyirdik ki, müdafiədə “oturub” rəqibin səhvindən yararlanaq. Ancaq hesabda geri düşəndən sonra irəli çıxmağa başladıq. Bir-iki şansımız olsa da, dəyərləndirə bilmədik. Onu da deyim ki, bütün ikili mübarizələrdə, hava toplarında bizdən seçilirdilər. Hər xırda səhvdən sonra bizi cəzalandırdılar. İstədik irəli atılıb qol vuraq, ancaq alınmadı”.
Əsgərov Moldovadan xalla qayıtmaq istədiklərini bildirdi: “Qarşıda Moldova ilə oyun var. Biz artıq Moldovadayıq. Dünən səhər saatlarında çatmışıq. Açığı, düşünürdük ki, Çexiyaya uduzmayaq, Moldovadan da xalla dönək. Ancaq təəssüf ki, alınmadı. İndi isə bütün fikrimiz bu oyundadı. Düzdü, bir az yorğunluq var. Ancaq maksimum qüvvə ilə oyuna hazırlaşıb, xalla qayıtmaq istəyirik”.
HƏSƏN QULUZADƏ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR