Sizin reklam burada

“Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq”

Baxış Sayı:359


Fərzəliyev əlverişli qrupa düşdüklərini düşünür
Srağagün futzal üzrə DÇ-2020-nin elit mərhələsinin püşkünün atıldığından xəbərdarsız. Bir daha xatırladaq ki, gələn il yanvarın 27-dən fevralın 5-dək keçirilməsi nəzərdə tutulan qrup oyunlarında Joze Alesio da Silvanın çalışdırdığı komandanın rəqibləri Rusiya, Xorvatiya və Slovakiya olacaq.
Yığmanın kapitanı Rizvan Fərzəliyev federasiyanın saytına açıqlamasında elit mərhələ ilə bağlı fikirlərini bölüşüb: “Hamısı tanış rəqiblərdi. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm. Ümumi götürsək, qrupumuzu bir qədər əlverişli də adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı iki yerdən birini tutmalıdı. Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzgün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidi.
“Rəqiblərimizi yaxından tanıdığımız qədər onlar da komandamız haqda məlumatlıdılar. Bu amil əleyhimizə işləməyəcək” sualına kapitanın cavabı belə olub: “Düzdü, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan razıyam, vəziyyət bərabərdi”.
Sonda Fərzəliyev şansları da dəyərləndirib və Rusiya yığmasına xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb: “Hazırkı məqamda bütün komandaların şansı bərabərdi. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiyanın oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının final mərhələsində oynamağa alışıb. Xorvatiya ilə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar evsahibliyi edirdilər. Heç-heçə etsək də, qrupun qalibi olduq və pley-offda Niderland millisi ilə qarşılaşdıq, Kolumbiyaya vizanı əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdu, hər milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq, əla olar. Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq”.
Rusiya yığmasının kapitanı Sergey Abramov da elit mərhələnin püşkatmasına münasibət bildirib. Abramov oyunların Rusiyada keçirilməməsinə görə təəssüfləndiyini söyləməklə yanaşı, çətin qrupda yer aldıqlarını, ancaq mundiala yollanacaqlarına inandığını bildirib: “Təəssüf ki, elit mərhələnin oyunları Yekaterinburqa verilmədi. İndi dünya çempionatına birbaşa vəsiqəni Xorvatiyada qazanmağa çalışacağıq. Şübhə etmirəm ki, komandamız həlledici oyunlara əla formada çıxacaq və Xorvatiyada bizi rusiyalı azarkeşlər də dəstəkləyəcək. Azərbaycan, Xorvatiya və Slovakiya yığmaları ilə bu yaxınlarda oynamışıq. Hər üç komanda yaxşı təlim keçmiş, təslim olmayan rəqiblərdi. Onlar asan keçiləsi komanda deyil. Başa düşürük ki, bizə qarşı xüsusi köklənmə olacaq. Elit mərhələdə zəif komanda ola bilməz. Biz də öz oyunumuza əsaslanıb yekunda uğurlu nəticə qazanacağımıza inanırıq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR