Sizin reklam burada

Yığmamız erməniləri üstələyib “bürünc” qazandı

Baxış Sayı:1 178


Şəhriyardan şok etiraf: “Kişilər bu dəfə kişi kimi oynaya bilmədi”
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb. Sevindirici haldı ki, qadınlardan ibarət yığmamız son oyunda Ermənistanı məğlub edərək uzun fasilədən sonra qitə birinciliyinin mükafatçılareı sırasında yer alıb. Qeyd edək ki, qadın millimiz indiyədək ən böyük uğurunu 1992-ci ildə qazanmışdı. Həmin vaxt da komandamız üçüncü yeri tutmuşdu. Kişilərdən ibarət yığmamız son turu qələbə ilə başa vursa da, bu, təsəllidən başaqa heç nəyə yaramayıb. Halbuki 2009, 2013 və 2017-də qitə çempionu olan, 2011- də gümüş, 2007-də bürünc medal qazanan yığmadan Batumidə də uğurlu sonluq gözlənilirdi...
9-cu tur
Sloveniya - Azərbaycan 1:3
Luka Leniç - Arkadi Naydiç 0,5:0,5
Matey Sebenik - Rauf Məmmədov 0:1
Yure Skoberne - Qədir Hüseynov 0:1
Yan Sudel - Eltac Səfərli 0,5:0,5
Yekun sıralama: 1. Rusiya – 15 xal, 2. Ukrayna - 14, 3. İngiltərə – 14... 6. Azərbaycan – 11.
Azərbaycan - Ermənistan 2,5:1,5
Günay Məmmədzadə - Lilit Mkrtçyan 1:0
Xanım Balacayeva - Elina Danielyan 0,5:0,5
Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan 0,5:0,5
Gülnar Məmmədova - Anna Sarqsyan 0,5:0,5
Yekun sıralama: 1. Rusiya – 16 xal, 2. Gürcüstan – 15, 3. Azərbaycan – 14.
Avropa çempionatında bürünc medal qazanan yığma vətənə qayıdıb. Qəhrəmanları Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları, federasiya nümayəndələri və jurnalistlər qarşılayıb. AŞF-nin vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında bunları söyləyib: “Qadın şahmatçılar əzmkarlıq və ustalıq göstərdilər. Son turda Ermənistan üzərində parlaq qələbə bürünc medal qazanmağımızda həlledici rol oynadı. Gümüş medal da qazanmağa yaxın idik. Amma sonda üçüncü yerlə kifayətləndik. Ümumilikdə qadın şahmatçılardan razıyıq. Qızlarımız sözün əsl mənasında ölkə şahmat tarixində yeni səhifə açdılar”.
Son oyunda birinci lövhədə qələbə qazanan Günay Məmmədzadənin təəssüratı belə olub: “Karyeramda önəmli nəticədi. Bu uğurun qazanılmasında komandamızın hər bir üzvünün rolu var. Federasiyanın qayğısını, məşqçilərin zəhmətini qeyd etməliyəm. Son turda hər bir şahmatçının mühüm tapşırığı var idi. Gecə saatlarına qədər hazırlaşmışdıq. Mən qələbə qazanandan sonra komanda yoldaşlarım mütləq bərabər vəziyyəti qorumalıydı. Sonda qazandığımız qələbə yığmamıza Avropa çempionatında üçüncü yeri təmin etdi”.
Türkan Məmmədyarova həmişə iddialı olduqlarını söyləyib: “Həmişə kişi komandasından uğur gözləyirlər. Bundan sonra hər iki komandamıza inam olacaq. Ümumiyyətlə, biz həmişə iddialı olmağa çalışmışıq. Son illər göstərdiyimiz nəticə medala yaxın olduğumuza işarə idi. Həmişə əmsallara görə 3-5, 3-6-cı yerləri tuturduq, medalın biraddımlığında dayanırdıq. Bu dəfə isə bürünc medala layiq görüldük”.
Gülnar Məmmədova Batumidə qarşıdakı uğurların bünövrəsini qoyduqlarını düşünür: “Dəstəyə görə hamıya təşəkkür edirik. Bürünc medal barədə danışmaq asan deyil. Komanda yarışlarında bir yumruq kimi mübarizə aparmaq lazımdı. Bu dəfə birləşərək bütün oyunlarda maksimum güc ortaya qoyduq. Bürünc medal qarşıdakı uğurların başlanğıcıdı".
Batumidə milliyə dəstək olan Zeynəb Məmmədyarova qadın şahmatçılara gələcəkdə də dəstək olmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün hazırlıq planı tərtib olunmalıdı.
Maraqlıdı...
Vətənə “bürünc”lə qayıdan yığmanı öz “instaqram” hesabında təbrik edən Şəhriyar Məmmədyarovun izləyicilərdən birinə yazdığı şərh diqqəti çəkib. Belə ki, onun xanımları təbrik etdiyi fotonun altında bir nəfər “bəs kişilərdən ibarət yığmamız nə etdi” sualını ünvanlayıb. Şəhriyarın cavabı belə olub: “Kişilər bu dəfə kişi kimi oynaya bilmədi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR