Təxminən iki həftə əvvəl veteran futbolçu Mahir Şükürov sportinfo.az saytına müsahibə vermişdi. Həmin müsahibədə Şükürov assosiasiyanın işini tənqid etmiş, yerli məşqçilərə iş verilmədiyinə görə AFFA-nı yıxıb-sürümüşdü. Onun dediklərinin müəyyən hissəsini ixtisarla xatırladaq: “Millətlər Liqası oldu, dedilər 2020-yə hazırlaşırıq. Nə oldu? Bunlar hamısı insanların başını aldatmaqdı. Ölkədə futbol yoxdu və olmayacaq. Nə qədər ki, federasiyada dəyişiklik olmayacaq, futbolumuz da olmayacaq. Orda oturanların əksəriyyəti 1000-1500 manata görə şərəfini satan insanlardı. Onlara sərf edir vəziyyət. Olmaz ki, baş məşqçi əcnəbi olsun, amma yanındakı məşqçilər azərbaycanlı? Yanına yalandan bir azərbaycanlı da atırlar, deyirlər, “səsin çıxmasın, ayda 1500 manat alacaqsan”. O da əli cibində guya işi var, gedir o tərəfə, gəlir bu tərəfə. Artıq adam kimi adı gedir orda. Əcnəbi gətirmisən, lap yaxşı, amma yanına 4 azərbaycanlı köməkçi-məşqçi ver. Mənə deyirlər ki, millidə 80 oyun keçirmisən, sənə AFFA-dan qayğı olmayıbsa, bizə hansı qayğı olacaq? Görsələr ki, millidə can qoymuş oyunçuya federasiya iş verir, onda heç bir futbolçu danışmaz. Düşünərlər ki, millidə ürəkdən oynayım, sabah futbolu qutarandan sonra mənə də iş versinlər. Gürcüstan Futbol Federasiyasında işləyənlərin hamısı gənc və futbolu bilən adamlardı. Yaşlı nəslə deyiblər ki, yalnız tədbirlərdə ağsaqqal kimi gəlib iştirak edin, gənc nəsil isə işləsin. Amma bizdə necədi? Deyirlər ki, gənc nəsil işləməsin, amma qocalar ölənə kimi işləsin. Ona görə də bu gündəyik. Yusif Vəliyev var, Uşaq Futbol Departamentinin sədridi. 2014-cü ildə biz AFFA-da qalanda, orda balışüzü, döşəküzü verirdi bizə, sonra da qol çəkdirirdi. Bu gün onu departament sədri təyin ediblər. Onda necə olacaq futbolumuz? Bunun futboldan başı çıxmırsa, uşağa nə öyrədə bilər? AFFA-da işləyənlərin çoxunun futboldan başı çıxmır. Hansısa futbolçu federasiyaya daxil olur, orda işləyənlər var ki, adamın üzünə baxırlar, tanımırlar futbolçunu. Həmin vaxt istəyirsən deyəsən ki, sən futbolda olmayanda, mən Azərbaycan üçün can qoymuşam. Yəni təəssüf ki, vəziyyət belədi”.
Mahirin sözügedən müsahibəsini 20 gündən sonra yenidən gündəmə gətirməyimiz təsadüfi deyil. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, AFFA-nın ünvanına xoşagəlməz fikirlər səsləndirən Şükürov ötən həftə baş katib Elxan Məmmədovun qəbulunda olub və ondan işlə təmin olunmasını xahiş edib. Məmmədov isə cavabında yaxın günlərdə onun müraciətinə baxılacağını bildirib. İş problemi həll olunana qədər Şükürova müxtəlif yaş qrupları üzrə yığmalarla birgə qarşıdakı səfərlərə yollanması təklif olunub. Mahirin bu addımı onunla eyni “cəbhə”də olan Veteranlar İttifaqının bəzi üzvləri tərəfindən narazılıqla qarşılanıb. Veteranları ən çox narazı salan isə Şükürovun onlardan xəbərsiz AFFA rəhbərliyi ilə görüşməsi və özünə iş istəməsi olub.
Deyilənlərə aydınlıq gətirmək üçün veteran futbolçunun özü ilə danışmağı lazım bildik. Təəssüf ki, gün ərzində telefonuna zəng çatmadı.
RƏŞAD