Sizin reklam burada

Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu

Baxış Sayı:447


Elvin Bədəlov: “Qəbələ”yə məğlubiyyətdən sonra futbolçular maaşdan imtina etməsələr də, rəhbərlik tərəfindən cəzalandılar”
İngiltərə premyer-liqasının 10-cü turunda doğma azarkeşləri önündə “Lester”ə 0:9 hesabıyla uduzan “Sauthempton”un futbolçuları və məşqçilər korpusu özünü cəzalandırmaq qərarına gəlib. Belə ki, kollektiv biabırçı məğlubiyyətə görə məvaciblərinin bir hissəsindən imtina edib. Bu haqda klub saytı xəbər yayıb. O da qeyd olunub ki, komanda üzvləri həmin vəsaitin xeyriyyə fonduna bağışlanmasını istəyiblər.
İngiltərə klubunun uğurları üçün çalışanların bu addımı bir qədər təəccüb doğursa da, əslində çox gözəl təşəbbüsdü. İnsan ilk növbədə özü-özünün tənqidçisi olmalı, etdiyi səhvə görə məsuliyyət daşımalıdı. “Müqəddəslər” də rəhbərliyin onlara cəza verib-verməyəcəyini gözləmədən günahlarını yumaq üçün məvaciblərinin bir hissəsini xeyriyyə fonduna keçirməyə qərar veriblər.
Statistikaya nəzər yetirdikdə yaxın keçmişdə bizim çempionatda da biabırçı hesabla uduzan komandalar olub. Belə ki, 2016-cı ildə “Neftçi” doğma azarkeşlərinin gözü qarşısında “Qəbələ”yə 0:8 hesabıyıa məğlub olub. Bu gün payatxt komandasının qol ümidi olan Baqali Dabo həmin görüşdə het-trik etməklə yadda qalmışdı. 2012-ci ildə isə “Sumqayıt” oxşar durumla üzləşib. Bernard Raabın çalışdırığı kollektiv “ağ-qaralar”la görüşdə qapısında 8 qol görmüşdü. Çox maraqlıdı ki, sözügedən matçda sumqayıtlıların heyətində son iş yeri “Zirə” olan Samir Abasov, “Səbail”in çalışdırıcısı Aftandil Hacıyev, “Neftçi”inin idman direktoru Ceyhun Sultanov çıxış edib. “Kimyaçılar” buraxılan qollardan yalnız birinə cavab verməyi bacarmışdı.1998-ci ildə isə “Neftçi” “Şahdağ”ı 11:0 hesabı ilə yenib. Maraqlıdı, həmin oyunlardan sonra uduzan komandaların futbolçuları azarkeşlərin qarşısında günahlarını yumaq üçün hansısa addım atıblar?
Bu məqsədlə əvvəlcə 80 illiyində “qırmızı-qaralar”a 0:8 hesabı ilə uduzan “Neftçi”nin heyətində meydana çıxan, hazırda isə “Sumqayıt”ın şərəfini qoruyan Elvin Bədəlovla əlaqə saxladıq: “Həmin qarşılaşmanı heç yada salmaq istəmirəm. “Qəbələ”yə məğlubiyyətdən sonra futbolçular maaşdan imtina etməsələr də, rəhbərlik tərəfindən cəzalandılar. Cəzanın nədən ibarət olduğunu isə demək istəmirəm. Bu klubun daxili işidi və istəmirəm ki, üstündən üç il keçəndən sonra ictimaiyyətə məlumat verim”.
7 il öncə “kimyaçılar”ın “ağ-qaralar”a məğlub olduğu oyunun iştirakçısı olan Aftandil Hacıyev isə bunları söylədi: “Sauthempton”un futbolçularının və məşqçilər korpusununun addımı alqışalayiqdi. O ki qaldı bizim böyük hesabla uduzduğumuz qarşılaşmaya, açığı, heç kim heç nə etmədi. Rəhbərlik də 1:8 hesabı ilə məğlub olduğumuza görə bizi cəzalandırmadı. İngiltərə klubunun şərəfini qoruyan oyunçuların aldığı maaşa baxın, bir də o vaxt bizə verilən məvacibə. Həmin vaxt komanda, demək olar ki, yenidən böyük futbola qayıtmışdı. Bizə də çox az əməkhaqqı verilirdi. İngiltərə klubunda çıxış edənlərin illik müqavilələri milyonlarla ölçülür. Bizdə isə qəpik-quruş idi. Onu da gecikmə ilə alırdıq”.
21 il əvvəl “Neftçi”nin 11 dəfə meydanın mərkəzinə dəvət etdiyi “Şahdağ”da da nə futbolçular maaşlarından imtina ediblər, nə də rəhbərlik onları cəzalandırıb. Bu haqda bilgini isə hazırda Qusar təmsilçisinin baş məşqçisi olan Kamran Əlibabayevdən aldıq: “O vaxt Şahdağ”ın futbolçuları pul alırdılar ki, onun da müəyyən hissəsindən imtina etsinlər?! (gülür). Həmin il komanda çox çətin durumda idi. Uşaqlara yol pulunu öz cibimdən verirdim ki, təki komanda dağılmasın, “Şahdağ” yaşasın. “Sauthempton”da çıxış edən oyunçular ayda yüzminlərlə maaş alırlar. Onlar üçün 5-10 mindən imtina etmək heç nədi. Fikrimcə, məşqçilər korpusu, komanda üzvləri bir az da publikaya işləmək, azarkeşlərin qınağından “sığortalanmaq” üçün bunu ediblər”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR