Sizin reklam burada

Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi

Baxış Sayı:847


Rüstəm Allahverdiyev: “Atın mənasını dərk edən kimi şəkli silib”
“Neftçi” – “Qarabağ” matçına sayılı günlər qalmış Rəhman Hacıyev gündəmi zəbt etməyi bacardı. 26 yaşlı yarımmüdafiəçi şəxsi “instaqram” səhifəsindəki “hekayə” bölümünə əlavə etdiyi şəkillə diqqətləri üzərinə çəkdi.
Belə ki, atın üstündə çəkilmiş karikaturasını paylaşan Rəhman bununla da “Qarabağ”a söz atmış olub. Mənası isə sadədi. Ağdam təmsilçisinin ləqəbi “köhlən atlar”, “atlılar” olduğundan, karikatura Rəhmanın rəqib komandanı çapacaqları anlamına gəlir. Hacıyevin paylaşımı son 6 ilin çempionuna könül verənlərin xoşuna gəlməyib. Qıcıqlandırıcı şəkli görən futbolsevərlər “Neftçi”nin futbolçusunun ünvanına xoşagəlməz sözlər yazıblar. Bundan az sonra səbəbkar həmin paylaşımı səhifəsindən silib.
Təbii, bu cür hallar dünya futbolunda yaşanır. Hər nə qədər səs-küy doğursa da, normal qarşılanır. Sadəcə, Rəhmanın belə bir addım atıb, sonradan geri çəkilməsi müəyyən qədər təəccüb doğurur. Adam sual verərlər, paylaşımı etmişdinsə, niyə sildin? Siləcəkdinsə, niyə paylaşmışdın?
Bu sualın cavabını Rəhmanın özündən eşitmək xoş olardı. Lakin oyuna iki gün qalmış mediaya danışmaq qadağan olunduğundan söhbətimiz baş tutmadı. Belədə “ağ-qaralar”ın Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə söhbətdə məsələyə aydınlıq gətirməyə çalışdıq: “Bununla bağlı Rəhmanla söhbətimiz oldu. Özünüz də bilirsiz ki, Hacıyev qalmaqaldan uzaq, heç vaxt belə paylaşımlar etməyən futbolçudu. Neçə ildi “Neftçi”dədi, bir dəfə də adı bu cür hadisələrdə hallanmayıb. Sadəcə, bu dəfə müəyyən anlaşılmazlıq olub. Sosial şəbəkədə kimsə futbolçunu məlum karikaturaya işarələyib. O da atın belində özünü görəndən sonra həmin fotonu səhifəsində paylaşıb. Məqsədi “Qarabağ”a “ilişmək” olmayıb. Dediyim kimi, özünə uyğun karikatura olduğundan paylaşıb. Atın, dolayı yolla fotonun mənasını dərk edən kimi şəkli silib. Özü də başa düşüb ki, xoş hal deyil. Ağlına gəlməyib ki, şəkil bu qədər əks-səda doğurar. Özünün də dediyi kimi, “Qarabağ”la mübarizə ancaq meydandandı və yalnız oyun vaxtı futbolçular öz oyunları ilə sözlərini deyə bilərlər. Qısası, anlaşılmazlıq olub”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR