“Kəpəz” rəhbərliyi dünən azarkeşlərlə görüşüb. Tədbirdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə və fanatlar iştirak edib. Azarkeşləri “Kəpəz”in ən böyük dəyəri adlandıran Nadiri Gəncədə futbola hədsiz maraqdan bəhs edib. O, birinci divizionda mübarizə aparan komandanın bu gün böyük dəstəyə ehtiyacının olduğunu deyərək, uğur qazanmaq üçün azarkeş amilinin vacibliyinə diqqəti çəkib. Daha sonra Vahabzadə komandanın çıxışı haqda fikirlərini bölüşüb. Azarkeşlər də söhbətə qoşulmaqla razı və narazı qaldıqları məqamları dilə gətirərək, təkliflərlə çıxış ediblər. Fanatlar “Kəpəz”i növbəti mövsüm elitada görmək istədiklərini bildiriblər. Qızğın müzakirələrə yol açan görüş 1 saatdan çox davam edib.