Sizin reklam burada

APOEL uduzsaydı, Doll istefa verəcəkdi

Baxış Sayı:709


Kiprli həmkarlarımız da Nikosiyadakı oyunu nişan verir
Srağagün Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınan nəticəni hansısa komanda üçün sərfəli hesab edə bilmərik. Hər iki tərəf 3 xalı hədəf seçmişdi ki, istəyinə çatan qrupdan çıxmaq yolunda ciddi addım atmış sayılacaqdı.
Buna baxmayaraq, nə APOEL-in, nə də “Qarabağ”ın futbolçuları üzgün görünür. Səbəb də odu ki, noyabrın 7-də komandalar arasında Cənubi Kiprdə daha bir oyun baş tutacaq və həmin qarşılaşmanın yekun nəticəsi məsələyə böyük ölçüdə aydınlıq gətirmiş olacaq. Bizim kimi, cənubi kiprli həmkarlarımız da eyni düşüncədədi. 1 xalı dəyərli hesab etməsələr də, sevincli olduqlarını da deyə bilmərik.
sport-fm.com.cy: “Bakıda qollu gecə kimə nə verdi? Hərəyə 1 xal, bu öz yerində. Bəs turnir cədvəlindəki yer baxımından? APOEL buna qədər hər 2 oyunda uduzmuş, “Qarabağ” bir dəfə 3 xala sevinmişdi. Deməli, qələbə daha çox APOEL-ə lazım idi. Qarşılaşmadan əvvəl Tomas Dollun inamlı danışması daxildəkı vəziyyətin ürəkaçan olmasından çox komandanı oyuna kökləməyə hesablanmışdı. Əzmkarlıq, istək – bunlar var idi, fikrimcə, 1 xal qazanmağın səbəbi də bu amillər idi. Amma oyun baxımından ürəkaçan bir şey görünmədi. Rəqib xüsusən fasilədən sonra açıq-aşkar üstün təsir bağışlayır, topa nəzarət edirdi. Nəticədə bərabərlik topunu vurmağa nail oldular. Belə vəziyyətdə 1 xal “Qarabağ”a sərf edirdi. İndi “Sevilya”nın 9, azərbaycanlıların 4, “F91 Düdelanj”ın 3, APOEL-in isə cəmi 1 xalı var. Qarşıda isə daha üç qarşılaşma gözləyir. Bunun üçün noyabrın 7-də baş tutacaq oyunda nəyin bahasına olur-olsun, qalib gəlmək, “Qarabağ”la xalları bərabərləşdirmək, “F91 Düdelanj”ın növbəti dəfə “Sevilya”ya uduzmasına ümid etmək qalır. Hə, bundan sonra qrupdan çıxmaq şansları haqda ağızdolusu danışmaq olar. Hələ ki dəyişən heç nə yoxdu. Xal fərqi də həminki kimidi, turnir cədvəlindəki yer də”.
themasports.com: “Hərəyə 2 qol və 1 xal. Qrupdan çıxmaq şanslarından danışırıq. Bu mümkün olacaqmı? APOEL qrupdakı durumunu yaxşılaşdırmaq üçün qalib gəlməliydi. Əslində buna yaxın idi də. Sadəcə, qələbə hesabını sona qədər qoruyub saxlaya bilmədi. İndi klub rəhbərliyi ilə baş məşqçi futbolçuları növbəti qarşılaşmaya kökləmək üçün xoş sözlər deyir, azarkeşləri həvəsləndirmək üçün şirin vədlər verirlər. Bu komanda ilə növbəti oyunda qələbə qazanılması mütləqdi. Yox, başqa nəticə qeydə alınsa, qrupdan çıxmaq arzusunun üstündən birdəfəlik xətt çəkmək lazım gələcək. 4 oyunda qələbəyə həsrət qalan komanda növbəti mərhələdən danışa bilməz. Nikosiya təmsilçisinin Bakıda qazandığı 190 min avro və ölkə reytinqinə əlavə olunan 0,250 əmsal oldu”.
reporter.com.cy: “APOEL həmin stadionda avqustda da 2 qol vurmuşdu, bu dəfə də 2 qola sevindi. Fərq burasındadı ki, həmin qollar komandaya qələbə qazandırmış, “Ayaks”a rəqib etmişdi. Bu dəfə isə yalnız 1 xala kifayət etdi. Nəticəni məqsədəuyğun hesab etməyənlərin və APOEL-in işinin çətin olacağını güman edənlərin sayı çoxdu. Amma bir faktı unutmayaq. Tomas Doll bu qarşılaşmada iki aparıcı futbolçunun – Tomas de Visenti ilə Musa Əl-Tamarinin xidmətindən məhrum idi. Birinci zədələnmişdi, ikinci intizamsızlığına görə kənarda qalmışdı. Tomasla Musanın yoxluğunda səfər görüşündən 1 xalla qayıtmaq, məncə, əla nəticədi. Doll demişkən, alman çalışdırıcı komandası məğlub olacağı təqdirdə tək APOEL-i yox, özünü də nəyin gözlədiyini yaxşı bilirdi. Rəhbərlik onu istefa ərizəsini yazmağa məcbur edəcəkdi. Çünki “Qarabağ”la növbəti qarşılaşmanın önəmi qalmayacaqdı. İndi isə hər şey ürəyincədi. Futbolçuları oyuna kökləməyi bacardı, taran tipli hücumçuları ehtiyatda saxladı, 3-5-2 sistemini yerində seçdi. İndiki durumdan o da məmnundu, futbolçular da, rəhbərlik də. Bircə qalır “Qarabağ”ı Cənubi Kiprdə reallaşacaq qarşılaşmada məğlub etmək”.
HƏBİB hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR