Sizin reklam burada

Azərbaycan “Qran-pri”si ilə bağlı detallar açıqlandı

Baxış Sayı:602


Oktyabrın 22-də “Formula-1” Azərbaycan “Qran-pri”sinə bilet satışının başlanması ilə əlaqədar mətbuat konfransı təşkil edilib. “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai qeyd edib ki, biletlər şirkətin rəsmi veb-saytında (www.bakucitycircuit.com) və “iTicket.az” kassalarında satışa çıxarılıb. Bakının mərkəzi küçələrində beşinci dəfə keçiriləcək “Formula-1” yarışı gələn il iyunun 5-7-də baş tutacaq. Yarışın keçirilməsinin 5 illiyi münasibətilə BŞH avtoidman həvəskarlarına 4 günlük biletləri 20 faiz endirimlə təklif edir. Əsas məqsəd gənclərdə “Formula-1”ə maraq oyatmaqdı. Endirim kampaniyası 2020-ci il yanvarın 15-nə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşamaq icazəsi olan əcnəbi vətəndaşlar daxildi. Dördgünlük biletlərin hazırkı qiyməti tribunadan asılı olaraq 210-710 manat aralığında dəyişir. Biletlərə tətbiq olunan 20 faizlik endirim kampaniyasından əlavə, 2-15 yaş aralığında olan uşaqlar üçün xüsusi endirimlər təqdim olunacaq. Belə ki, azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Azyaşlılar üçün 4 günlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılacaq. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan 1 günlük biletlərə 20 faizlik endirim şamil olunmayacaq və bu biletlər tam qiymətlə satılacaq. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri 110-190 manat aralığındadı. Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşamaq icazəsi olan əcnəbilər biletləri 22 oktyabr – 15 yanvar tarixləri aralığında alarsa, 25 faizlik endirimlə üzləşəcək. Onu da bildirək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqələrin təqdim edilməsi tələb oluna bilər.
Həmçinin qeyd olunub ki, 4 günlük biletlər azarkeşlərə trekdə üç gün davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində təşkil olunacaq əyləncə tədbirlərinə qatılmaq və iyunun 4-də keçiriləcək Pit Yolu yürüşündə iştirak imkanı verir. Bu təcrübə minlərlə azarkeşə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri “Qran-pri”yə necə hazırladıqlarının şahidi olmaq imkanı qazandırır.
BŞH-nin kommersiya üzrə rəhbəri Bülənt Özərdim 5-ci dəfə keçiriləcək yarışa marağın daha da artdığını və yeni mövsümdə konsert proqramlarının açıq havada baş tutacağını bildirib. O qeyd edib ki, ötən mövsüm əsas sponsor olan SOCAR ilə birillik əməkdaşlıq müddəti artıq başa çatıb: “Yeni mövsümdə sponsorlar siyahısında SOCAR, yaxud başqaları da ola bilər. Hər il Bakıda keçirilən “Qran-pri”nin mövsümün ən həyəcanlı yarışlarından birinə çevrilməsinə və dünyanın müxtəlif ölkələrindən “Formula-1” azarkeşlərinin göstərdiyi xüsusi rəğbətə şahid olmaq bizim üçün qürurvericidi. Evsahibliyi etdiyimiz sonuncu yarış yenə də gərgin mübarizə və möhtəşəm əyləncə ilə yaddaqalan oldu. İnanırıq ki, gələn ilin iyununda keçiriləcək yarışda yenidən dramatik məqamlara, yüksək sürətə və həyəcan dolu anlara şahid olacağıq”.
Qeyd edilib ki, “Formula-1” tarixində çempionat ilk dəfə bu il 22 mərhələdən ibarət olacaq. Yürüşlərə martın 15-də Avstraliya “Qran-pri”si ilə start verilib. Azərbaycan “Qran-pri”si iyunun 5-7-də keçiriləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR