Sizin reklam burada

“Ağsu”nun futbolçuları AFFA-nın qərarını ədalətsizlik sayır

Title
“Ağsu”nun futbolçuları AFFA-nın qərarını ədalətsizlik sayır
Baş məşqçi isə bunun başqalarına dərs olacağına ümid edir
Son 5 ildə birinci divizionda əksər matçların nəticələrinin əvvəlcədən razılaşdırıldığı haqda çox yazılıb. Hətta 2017-ci ilin qışında məhz “qumar”a görə “Rəvan” və “Şərurspor” çempionatdan uzaqlaşdırıldı, 32 oyunçuya müxtəlif cəzalar verildi. Həyata keçirilən ciddi tədbirlərin nəticə verəcəyini düşünsək də, görünən odu ki, aşağı dəstəni ağuşuna alan “qara yara”nı tam təmizləmək mümkün olmayıb. Hələ də əyri yollarla, asan pul qazanmaq niyyətində olanlar tapılır.
Bazar ertəsi AFFA aşağı dəstədə top qovan daha iki oyunçuya “qırmızı vərəqə” göstərdi. Qurumun nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan və assosiasiyaya daxil olan məlumatlara əsasən “Ağsu”nun futbolçuları Elçin Həşimovla Ruslan Mirzəliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənləşib. Qeyd olunanları nəzərə alaraq hər iki şəxsin araşdırma başa çatana qədər futboldan uzaqlaşdırlıdığını ötən sayımızda xəbər vermişdik.
Bəs görəsən, cəzalanan futbolçular verilən qərara necə münasibət göstərirlər? Onlar öz günahlarını etriaf edirlər, yoxsa böhtana məruz qaldıqlarını düşünürlər? Bunu bilmək üçün əvvəlcə Elçin Həşimovla danışdıq: “Allaha and olsun ki, mənə qarşı haqsızlıq olub. Bu həftənin birinci günü komandanın 8 futbolçusunu AFFA-ya dəvət edib izahat aldılar. Ordan çıxıb məşqə getdim. Meydana çıxanda uşaqlar belə bir xəbərin yayıldığını dedilər. Əvvəlcə inanmadım, bunu axmaq zarafat kimi qəbul etdim. Lakin sonradan qərarı oxudum və çox pis oldum. Belə insafsızlıq olmaz. Özünüz də yəqin ki, qərarı oxumusuz. Orda əvvəlcə yazılıb ki, guya bizim günahımız olduğu müəyyənləşib. Ardınca isə “araşdırma başa çatana kimi futboldan uzaqlaşdırılıb” qeyd olunub. Bu nə deməkdi? Mən özümdə heç bir günah görmürəm. “Ağsu” yaranan gündən komandadayam. Bir dəfə çempion olmuşuq, iki dəfə mükafatçılar sırasında yer almışıq. Son iki ildə komandanın bir qədər zəifləməsi, nəticələrin yaxşı olmaması, bəzi matçlarda böyük hesabla uduzması o demək deyil ki, kimlərsə bilərəkdən belə edir. Yüksək vəzifədə çalışan heç bir adamım da yoxdu ki, onun vasitəsilə AFFA-nın məmurlarına “çıxsınlar”, günahımın olmadığını onlara başa salsınlar. Günahım sübut olunmadan məni uzaqlaşdırıblar. Ən pisi də odu ki, bu ləkə ömürboyu üstümdə olacaq. Futboldan başqa əlimdən heç nə gəlmir. Fikirləşdirdim ki, karyeramı başa vurandan sonra məşqçi kimi çalışaram. Belə ağır ittihamdan sonra kim məni klubuna işə götürərər, hansı klub rəhbəri adı oyun alğı-satqısında hallanan futbolçunu işlə təmin edər? Bu qərarı verənlər, görəsən, bu haqda düşünüblər? Onlar fikirləşmirlər ki, günahı olmayan birinin az qala gələcəyini məhv edirlər? Yenə sağ olsun “Ağsu” rəhbərliyi ki, belə ağır vaxtda mənə dəstək olur. Qərar açıqlanandan sonra klubun icraçı direktoru, baş məşqçisi mənimlə əlaqə saxlayıb heç yerə buraxmayacaqlarını, mənə inandıqlarını dedilər. İki gündü gözümə yuxu da getmir, ürəyim partlayır. Heç vaxt ağlıma gəlməzdi ki, belə haqsızlığa məruz qalacam”.
Adı “qara siyahı”ya düşən Ruslan Mirzəliyev də bizimlə söhbətdə suçunun olmadığını və adını təmizə çıxarmaq üçün hər vasitəyə əl atacağını bildirdi: “Mənim 21 yaşım var. 10 il “Qarabağ”da olmuşam, U-19-lar arasında Çempionlar Liqasında çıxış etmişəm, yığmaya cəlb olunmuşam. Bu yaşda məni oyun alverində ittiham etmək absurd bir şeydi. AFFA-ya dəvət olunub izahat verənlər arasında mən də var idim. Həmin axşam isə məni futboldan kənarlaşdırdılar. Hətta stadiona girişimə belə qadağa qoyulub. Bu qədər şər və böhtan olmaz. “Ağsu”nun durumu hamıya bəllidi. Komanda doğrudan da zəifdi və buna görə də əksər oyunlarda meydanı məğlub tərk edirik. Bundan yapışıb bizi nədəsə ittiham edirlər. Xəbər çıxandan sonra bütün qohumlar, dost-tanışlar dayanmadan zəng vurub başverənlərlə maraqlanırlar. Biabırçı durum yaranıb. Mən razıyam, AFFA məsələni hüquq-mühafizə orqanları səviyyəsində həll etsin. Prokurorluğa gedib izahat verməyə də hazıram. Bilirəm ki, heç bir təqsirim yoxdu. Dünən (srağagün) komandadaxili iclas oldu. Rəhbərlik sona qədər yanımızda olacağını bildirdi. Onlar da bilirlər ki, nə mənim, nə də Elçinin oyun alğı-satqısı ilə əlaqəsi var”.
Barələrində ciddi ölçü götürülən futbolçular özlərini təqsirli bilməsələr də, “Ağsu”nun baş məşqçisi Zaur Əsədov başverənlərlə bağlı fərqli fikirlər səsləndirməklə yadda qaldı: “Artıq neçə oyun idi ki, bəzi futbolçular eyni səhvlərə yol verirdilər. Hər dəfə də onları əvəzləyib yerlərinə meydana yeni oyunçu buraxırdım. Hətta özlərinə də xəbərdarlıq etmişdim. Bir neçə futbolçuya sərgilədikləri oyuna görə pul cəriməsi kəsiləcəyini də bildirmişdim. Ancaq xeyri yox idi. Bildiyiniz kimi, son iki matçda komandanın 0:4 hesabı ilə uduzması artıq səbrimi daşırdı. Müntəzəm eyni səhvlərə yol verənləri komandadan uzaqlaşdırmaq istəyirdim. Elə alındı ki, AFFA özü bununla bağlı qərar verdi. Futbolçu bir, iki dəfə səhv edərsə, bunu hardasa başa düşmək olar. Ancaq səhvlər sıralandıqca artıq bu şübhə doğurmağa başlayır. Bu gün hər iki oyunçunun işini prokurorluq araşdırır. Yəqin ki, yaxın vaxtlarda onlarla bağlı son qərar açıqlanacaq. Ümid edirəm ki, yaşananlar başqa futbolçulara da dərs olacaq. Kimlər dediklərimizə əməl etməyəcəklər, komandadan qovulacaqlar. Elçinlə Ruslanın sizə nə dediklərini bilmirəm. Hərənin öz fikiri var. Siz məndən başverənlərə münasibət bildirməyimi istədiz. Mən də düşündüyümü sizə dedim”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.