Sizin reklam burada

Yığma üzvləri oteldə siqaret çəkiblər

Baxış Sayı:362

Yığma üzvləri oteldə siqaret çəkiblər
Samir Əliyevin rəhbərlik etdiyi U-19-un Avropa çempionatının seçmə mərhələ oyunlarını Çexiyada keçirməsindən və sonda qrup üçüncüsü olmasından xəbəriniz var. Vətənə döndükdən sonra qəzetimizə geniş müsahibə verən mütəxəssis nəticənin ürəkaçan olmamasının səbəbinə aydınlıq gətirərkən yeniyetmələrin işlərinə peşəkar yanaşmadıqlarını xüsusi vurğulamaqla yadda qalmışdı. Bundan başqa, Samir bəy üstüörtülü olsa da, yığma üzvlərinin intizamsızlığından narazılıq etmişdi. Müsahibədə intizamsızlıq deyərkən konkret nəyi nəzərədə tutduğunu açıqlamasa da, dünən bəzi məqamlara aydınlıq gəlib. Belə ki, sportfm.az saytının yaydığı xəbərə görə, U-19-un üzvlərindən bir neçəsi məskunlaşdıqları oteldə siqaret çəkməklə daxili qaydaları pozublar. Hadisədən hiddətlənən otel rəhbərliyi təcili şəkildə federasiyanın işçilərinə durumla bağlı xəbər verib. Millinin inzibati heyəti məsələni yerindəcə ört-basdır etmək, qalmaqalın baş katib Elxan Məmmədova çatmasının qarşısını almaq üçün uşaqlardan susmağı tələb edib. Üstəlik, otel rəhbərliyinə dəyən ziyanı ödəmək şərti ilə məsələnin mətbuata sızdırılmaması üçün xahiş edilib. 500 avroya yaxın cərimə ödəyən AFFA işçiləri həmin pulları otaqlarını tüstü-dumana bürüyən uşaqların "sutoçnı"sından çıxıb.
Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Assosiasiya rəsmisi xəbəri təsdiqlədi: “Bəli, belə xoşagəlməz hal yaşanıb. U-19-un bəzi futbolçuları məskunlaşdıqları oteldə siqaret çəkiblər. Millinin daxili nizam-intizam qaydalarına görə həmin oyunçular baş məşqçi tərəfindən cəzalandırılıb. Xəbər mediada yayılanda orda göstərilmişdi ki, guya buna görə AFFA-nı da cərimələyiblər. Bu informasiya həqiqəti əks etdirmir”.
RƏŞAD
P.S. Dünən axşam saatlarında AFFA-nın saytında olayla bağlı xəbər yer alıb: “19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində müvafiq yaş qrupuna aid Azərbaycan milli komandasının bir neçə futbolçusunun intizam qaydalarını pozması - siqaret çəkməsi komandanın məşqçi heyəti tərəfindən müəyyən olunub. Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq. İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR