Sizin reklam burada

Nurlan Novruzov ailə dramı: atası anasını öldürübmüş...

Baxış Sayı:604

Nurlan Novruzov ailə dramı: atası anasını öldürübmüş...
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə şahid qismində Nurlan Novruzovun xanımı Sevinc Şükürova ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs qayınatasıdı.
Hadisə günü evdə olduğunu deyən Sevinc Şükürova bildirib ki, qayınanası onu çağıraraq uşaqları yuxarı otağa aparmağı tapşırıb: "Mən uşaqları aparandan sonra səs eşitdim. Əvvəlcə başa düşmədim. Eyvana çıxıb nə səs olduğunu aydınlaşdırmaq istədim. Sonra aşağı düşdüm. Gördüm ki, qayınanam yerdə uzanıb, yanında da tüfəng var".
Suallara cavab verən Sevinc Şükürova deyib ki, qayınanası ilə qayınatası arasında münasibətlər heç də yaxşı olmayıb: "Bir neçə dəfə mübahisə ediblər. Mənim yanımda qayınanam döyülməyib. Amma mənə bir neçə dəfə döyüldüyünü danışıb. İki həftə əvvəl də gözü göy idi. Özü mənə danışmışdı ki, qayınatam döyüb".
Sevinc Şükürova suallara cavabında qayınatasının başqa qadınlarla münasibəti olduğunu bildiyini deyib. Qeyd edib ki, bunu ona əri Nurlan deyib. Onun sözlərindən məlum olub ki, hətta Nurlanda atasının başqa qadınla fotosu da var imiş.
Məhkəmə iclasında şahid qismində Azərbaycan çempionatının 2014/15 mövsümünün bombardiri, hazırda Moldovanın “Dinamo-Avto” klubunun formasını geyən Nurlan Novruzov da ifadə verib. Amma ifadəsinə başlamamış təqsirləndirilən şəxsə “ata” deyə müraciət etmək istəmədiyini bildirib, söyləyib ki, o qatildi. Sərbəst ifadə verən Nurlan uşaq vaxtından ailədə şiddət gördüyünü deyib. O bildirib ki, atası içki içib, ailədə dava salıb, anasını, qardaşını və onu dəfələrlə döyüb: "Ən çox əziyyəti qardaşım və anam görüb. Həmişə anamı döyəndə deyirdi ki, səni öldürəcəm. Biz o qədər "öldürəcəm" sözünü eşitmişdik ki, adi gəlirdi. Heç vaxt ağlımıza gəlməzdi ki, belə hadisə baş verəcək. Uşaq vaxtı biz həyətdə oynayanda qardaşım qaça-qaça yanıma gəldi. Qorxudan danışa bilmirdi. Mən nə olduğunu soruşanda dedi ki, atam ona silah çəkib. Neçə dəfə silahla evin şüşələrini sındırıb" deyən Nurlan Novruzov qeyd edib ki, anası heç vaxt ailədə söz-söhbətə səbəb olmayıb.
O, anasının günahsız yerə öldürülməsini qəbul edə bilmir: "Bir adam 30 ildən artıq bir yerdə yaşadığı insanı saniyənin içində necə öldürə bilər? Mənim anam bir mələk idi. Naxçıvanda olanda orda da bu adam anamı hədələyib. Qohumların yanında anama bıçaq çəkib. Deyib ki, səni öldürəcəm. Anam da yalvarıb ki, burda öldürmə, gedək Bakıda öldürərsən. Görün, anam necə biri olub. Saatlarla onun necə bir insan olduğunu danışa bilərəm. İnsan öldürmək bu qədərmi asandı? Belələrinə ən ağır cəza verilməlidi. Çünki bunun kimilər bizləri yetim qoyub. Ümid edirəm ki, yaxın zamanlarda edam cəzası bərpa ediləcək. Bu insanlar yenidən cəmiyyət içinə çıxmamalıdı. Mən bu hadisədən sonra başıaşağı gəzirəm. Bu uşaqlarını düşünmədi, həyatımızı məhv elədi".
Nurlan anasını öldürən şəxsə ən ağır cəza verilməsini tələb edib. Zahid Novruzov oğlunun dediklərinin bəziləri ilə razılaşmayıb. Məhkəmə sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.
Xatırladaq ki, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Əvvəllər məhkum həyatı yaşamış Laçından olan məcburi köçkün, 1958 təvəllüdlü Zahid Novruzov arvadını namus üstündə öldürdüyünü bildirib. O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə boğaz nahiyəsindən yaralanıb. Yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb. Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə Zahid Novruzov özünü təqsirli bilməyib, deyib ki, arvadını öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. İstintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".
Zahid Novruzov yoldaşını vurandan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qan içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".
Məhkəmə davam edir...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR