Sizin reklam burada

Yığma uddu, amma oyunu ümid vermədi

Baxış Sayı:329


Futzal üzrə dünya çempionatı
Əsas mərhələ, 3-cü qrup
Azərbaycan – Moldova 3:1 (1:1)

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Teles, 6. Eduardo Borges, 10. Vassura, 13. Əmir Şocayi; 1. Elnur Zamanov, 14. Hadi Əhmədi, 5. Vahid Şafeyi, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 9. Nihad İsmayılov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 20. İsaq Surqalı.
Baş məşqçi: Joze Alesio da Silva.
Moldova: 1. Aleksey Kapsamun, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 9. Kristian Obade, 10. Sergey Takot (k); 12. Andrey Makoviyçuk, 2. Aleksandr Tsımbalist, 3. Kristian Krasnov, 4. Sergey Nikolayçuk, 5. Andrey Neqara, 8. Konstantin Nitsa, 11. Yulian Kojokaru, 13. İon Koval, 14. Konstantin Qurjuy.
Baş məşqçi: Vladimir Vusatı.
Qollar: A.Luşka, 8 (0:1). Tyaqo, 12 (1:1). Vassura, 33 (2:1). Tyaqo, 35 (3:1).
Vərəqələr: S.Takot, 18. Vassura, 21. Ə.Şocayi, 34 - sarı. İ.Atayev, 24 - qırmızı.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Purinş (Latviya), İnqo Hemsot (Almaniya).
Hakim-inspektor: Pedro Anxel Galan Niyeto (İspaniya).
UEFA nümayəndəsi: Assem Kuzxanova (Qazaxıstan).
23 oktyabr. Bakı İdman Sarayı.
Xəbər verdiyimiz kimi, dünən Bakı İdman Sarayında futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində 3-cü qrupun oyunlarına start verildi. Qrupun açılış oyununda Slovakiya və Monteneqro yığmaları üz-üzə gəldi. Millimizin əsas rəqibi sayılan slovakiyalılar rəqibi 5:0 hesabı ilə darmadağın etdi. Ardıcıl ikinci mundiala vəsiqə qazanmaq üçün doğma meydan amilindən də yararlanmağa çalışan Joze Alesio da Silvanın komandası isə moldovalılarla görüşdə xeyli tər tökməli oldu.
Oyuna inamsız başlayan, həyəcanlı olduğu sezilən, anlaşma baxımından əziyyət çəkən yığmamız yalnız qol buraxdıqdan sonra özünə gəldi. Qolu 8-ci dəqiqədə Luşkanın sağdan çəpəki zərbəsindən sonra buraxdıq. Ancaq 4 dəqiqə sonra əsas qol ümidimiz Tyaqo tarazlığı bərpa etdi. İlk yarı 1:1 bitdi. İkinci hissədə isə - 24-26-cı dəqiqələr aralığı istisna olmaqla - meydanda bir komanda var idi. İsa Atayev “sonuncu ümid folu”na görə qırmızı vərəqə alandan sonra milli qısa müddətdə müdafiə olundu. Yenidən tam heyətlə oynamağa başladıqdan sonra aramsız hücumlar edən, ancaq qol imkanlarından yararlana bilməyən futzalçılarımız yalnız 33-cü dəqiqədə hesabda önə keçə bildilər. Tyaqonun zərbəsinin qarşısını rəqib qapıçı alsa da, özünü yetirən Vassura topu tora qovuşdurdu. Moldovalılar özünə gəlməmiş milli fərqi 2 topa çatdırdı. Uzun ötürməni gövdəsi ilə “gizlədən” braziliyalı çevrilən kimi öldürücü zərbə endirdi - 3:1. Rəqibin son dəqiqələrdə riskə gedib qapıçını meydan oyunçusu ilə əvəzləməsindən sonra əlinə saysız-hesabsız fürsət düşən futzalçılarımız fərqi artıra bilmədilər və beləliklə, açılış oyununu 3:1 qazandıq. Düzdü, qalib gəldik, amma belə oyunla slovakları udmaq, qrupu 1-ci pillədə bitirmək çox çətin olacaq.
Qeyd edək ki, 2-ci turun oyunları bu gün keçiriləcək. Saat 17.00-da Slovakiya ilə Moldova üz-üzə gələcək. Saat 20.00-da isə futzalçılarımız Monteneqronu sınağa çəkəcək. Bugünkü oyunu İnqo Hemsot (Almaniya), Andrey Çernı (Çexiya) və Migel Kastilyodan (Portuqaliya) ibarət hakimlər briqadası idarə edəcək.

Reaksiyalar
Joze Alesio da Silva: “Çətin oyun olacağını bilirdik. Çünki Moldova millisinin hazırkı heyəti uzun müddətdi bir yerdə məşqlər keçir. Bizim heyətimizdə isə zədə və başqa səbəblərdən müntəzəm dəyişikliklər baş verir. Oyun istədiyim məcrada keçdi və nəticədən razı qaldım. Ancaq səhvlərimiz də oldu. Xüsusilə də qol imkanlarını reallaşdırmaq baxımından çətinlik çəkdik. Təbii ki, bunun üzərində işləyəcəyik. Monteneqro ilə oyunda bu səhvləri buraxmamalıyıq. Onlar da yetərincə hazırlıqlı komandadır. Çalışacağıq daha çox qol vuraq və fərqli hesabla qələbə qazanaq. Bu gün reytinq cədvəlində üst sıralarda qərarlaşdığımıza görə əksər rəqiblər bizə hörmətlə yanaşır. Biz də bu mərhələni birinci pillədə başa vurmalıyıq ki, elit-raundda münasib komandalarla üz-üzə gələk. Komandamın dünya çempionatının final mərhələsinə yollanmaq üçün postensialı var və bunu bacaracağımıza inanıram”.
Vladimir Vusatı: “Mehriban qəbula görə təşkilatçı ölkəyə təşəkkür edirəm. Sanki öz evimizdəyik. Oyuna gəlincə, əlbəttə, nəticədən razı deyiləm. Ən azı 1 xala layiq olduğumuzu düşünürəm. Komanda şəklində pis təsir bağışlamadıq. Rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən oyunçular olsa da, qapıçılarının daha inamlı çıxış etdiyini vurğulamalıyam. Futzalda qapıçı vacib amildi. Bu gün bizim qapıçının da işi az olmadı.
Məqsədimiz növbəti mərhələyə adlamaqdı. Bu mərhələdə təsadüfi komanda olmur. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR