Sizin reklam burada

Yüzlərlə təbrik...

Baxış Sayı:396


“Futbol+” daha bir ili arxada qoydu
Dünən müstəqil Azərbaycanın qəzetçilik tarixində iz qoymağı bacaran “Futbol+”in 22 yaşı tamam oldu. Ad günü münasibəti ilə yüzlərlə oxucudan təbrik mesajı almaq, ölkənin sayılıb-seçilən ziyalılarından xoş söz eşitmək bütün kollektiv üçün xoş oldu. Sosial şəbəkələr vasitəsi ilə də bizə ürək sözlərini çatdıranlar oldu ki, onların bəziləri ilə sizləri də tanış etmək istəyirik. Bir çox sosial şəbəkələrdə qəzetin kollektivini təbrik edənlərin sayını itirdik desək, yanılmarıq. Hələ həmin statuslara şərh verərək bizlərə təbrik göndərən insanları demirik...
Anar Şabanoğlu (”Neftçi”nin sabiq mətbuat katibi): “Mahir Rüstəmli, sadəcə, sənət müəllimi deyil. Məsələn, bizim “pokoleniya” indiyə kimi örnək dostluq münasibətindədi. Hətta dostluqdan daha üstün bir münasibət var. Bilmirəm, qardaşlıq deyim, ya başqa hansı sözü seçim. Bu münasibətin kökündə ilk növbədə Mahir Rüstəmlinin tərbiyəsi, səmimiyyəti, insaniyyəti dayanır. Biz "Futbol+"də "torba tikmək", bir-birinin ayağının altını qazmaq, arxasınca qeybət etmək və sair görsək, yəqin ki, heç vaxt bu münasibət yaranmazdı. Bizə bəxş etdiyin... hamıya və hər şeyə görə təşəkkürlər, Mahir hoca! Tanrı səni və "Futbol+"i hər zaman qorusun!
Siz bizim üçün ən ali mənəvi dəyərlərdənsiz.
Qəzetin hazırki kollektivinin bütün üzvlərini də ürəkdən təbrik edirəm. Nə qədər ağır dövr keçirdiyinizi bilirəm. "Futbol+" bir məbəddi və orda mənəvi dəyərlər həmişə birinci yerdə olub. Tanrı bu çətin günlərinizin də ömrünü qısa eləsin. Var olun, YAŞAYIN! Siz yaşayıb-yaratdıqca bizlərə də, minlərlə oxucunuza da nəfəs verirsiz”.
Tahir Süleymanov (“Neftçi”nin sabiq vitse-prezidenti): “Müstəqil futbolumuzun 27 ilinin 22-si...
“Futbol+” Azərbaycan futbolunda haqqı tam ödənməyənlərdəndi. Tək mətbu orqanı olaraq yox, qəzeti yaradanlar, araya-ərsəyə gətirənlər, onlarla layiqli kadrlar da bu sıradadı...Taleləri belə gətirib. Əsas məsələ, dərinlik isə demokratik təfəkkürdədi. “Futbol+” hər zaman açıq fikirli yaradıcı insanları özünə cəlb edib, birləşdirib. Bu mühiti yaradanlar demokrat olduqları qədər də tələbkar olublar...
22 il ərzində saysız-hesabsız qədər redaksiyada qonaq olmuşuq, yüzlərlə açıqlama, müsahibələr götürülüb. Kəskin tənqid olunduğumuz yazılar da olub, haqqımızın müdafiə olunduğu, uğurlarımızın qeyd olunduğu anlar da...Heç vaxt köklü narazılıqlar yaşanmayıb. “Futbol+” həmişə təhqirə yox, tənqidə üstünlük verib. Çətin, bəzi hallarda dözülməz şərait olsa da, peşəkarlıq, jurnalist etikası ilk sırada olub....
Redaksiyada olarkən açıq sezilirdi. Redaktorundan tutmuş sıravi əməkdaşların sərbəstliyi, bir-birinə olan münasibətləri vəzifə diktatorluğu üzərində deyildi. Bununla yanaşı subordinasiya, böyük-kiçik yeri təbii, ruhən qorunurdu...“Futbol+” Azərbaycan futbolunda "peraşki" dövrünü də, sonrakı "yağ-bal" illərini də görüb. Şəraiti, açıq fikirliliyi, mövqeyi isə heç vaxt dəyişməyib. Yeri gələndə ümumi futbol adına diplomatiyası da yerində olub..."Neftçi"də çalışdığımız illər idi. Azərbaycan futbol tarixinin ilk qrup oyununa hazırlaşırdıq. Belqrada səfər edəcək heyətin ümumi siyahısı hazırlanır, təşkilati işlər görülürdü. Məsləhət gördük ki, yaddaşlardan silinməyəcək qarşılaşmada media redaktorlar səviyyəsində təmsil olunsunlar... Gündüz Abbaszadə “Futbol+”dən baş redaktorun yox, əməkdaşlardan birinin təmsil olunacağını bildirdi. Belə seçimlərdə KİV tam sərbəst idi. Bir daha əlaqə saxlanılmasını tövsiyyə etdik. Eyni hal yenidən təkrarlandı... Klub rəhbərliyi adından Mahir Rüstəmliyə telefon açdım. Bir daha tarixi oyunun mahiyyətini, “Futbol+”in bu oyunda üst səviyyədə təmsil olunmasının tək "Neftçi" adına yox, Azərbaycan futbolu üçün vacib olduğunu bildirdim... Redaksiyada belə məsələlərin bölgü üzrə aparıldığını, əməkdaşların haqqına girilməyəcəyi vurğulandı. Qarşıda səfərlərimiz yetərincədi və heç kimin haqqı yeyilməyəcək təkidindən, məsləhətləşmələrdən sonra baş redaktor Belqrada getməyə razılıq verdi... Xırda bir detal kimi görünə bilər. Dərinlikdə isə çətin mənəvi-iqtisadi şəraitə baxmayaraq, kollektivdə bu cür sağlam mühitin yaradılmasıdı. Ona görə neçə-neçə “Futbol+” şinelindən çıxmış jurnalistlər bu günə kimi redaksiyanı "doğma ocaq"ları sayırlar...
Ümumi işi, futbolu, demokratiyanı düşünənlərin taleyi ağır olur həmişə. "Xalqı düşünən kor olur" deyiblər. Belə düşüncəlilər "kor" olmasalar da, korluq çəkənlər cərgəsindədilər. Nə qədər çətin olsa da, yaşayırlar, yaradırlar...
“Futbol+” ölkə futbolunda daimi yaşamağı çoxdan haqq edib. Əsl gənclik dönəminə qədəm qoyur. 25 illik yubileyini Azərbaycan futbolunun dirçəlməsi ilə birgə qeyd etməsi arzusu ilə...”
Erkin İbrahimov: “Düz 22 il əvvəl, oktyabrın 21-də "Futbol+"in ilk sayı işıq üzü gördü. Bu qəzetin çoxsaylı məzunları bu gün AFFA-da, klublarda, jurnalist fəaliyyətini davam etdirirlər. Bu 22 ildə “Futbol+” “peraşki” dönəmini də, buludlu illəri də gördü, amma heç vaxt əsas prinsipindən – obyektivliyindən dönmədi. “Futbol+”dən 2 yaş balaca olan azerifootball.com qəzetin kollektivini təbrik edir, baş redaktor Mahir Rüstəmliyə bu çətin işdə güc və səbr arzulayır”.
Sənan Abdullayev (“Xəzər” TV-nin İdman Departamenti): “Futbol+" qəzetinin asan dövrü heç vaxt olmayıb, məncə. 13-14 il əvvəl mən orda olanda da çətinliklər bol idi. Amma işləyən hər kəs şəxsi fikrimə görə, Mahir Rüstəmliyə baxıb özününkünü gizlətməyə çalışır, üstünü vurmurdu. Özünə hər cür şərait qura biləcək potensialda olan adam qəzet uğrunda çox şeyi qurban vermişdi və dayanmaq fikri də yox idi. Gecə saat 3 səhralığında mənimlə marşrut-taksi dolmasını gözləyən də, toya gedib işdə olan dizayneri ilə korrektoruna yemək gətirən müdir də o idi. Təəssüf ki, bəziləri onun əməyindən sui-istifadə edərək cah-cəlal sahibi olsa da, yetişdirdiklərini elə o vaxtdan saxlaya biləcək durumu olmadı baş redaktorun. Bu gün də yoxdu. Olacağını bilmirəm, amma ümid edirəm. 22 yaşınız mübarək, Mahir müəllim! Ad gününüz hər zaman şad gününüz olsun, "Futbol+ "çilər!”
Rüstəm Alaverdiyev (“Neftçi”nin mətbuat katibi): “Təbrik edirik, “Futbol+” müstəqil idman qəzeti! Qəzetin yaşaması üçün mübarizə aparan (Mahir Rüstəmli, Kənan Həsənov, Rəşad Qasımov, Həbib Aslanov) hər kəsə işlərində uğurlar arzulayıram”.
Rəşad Məmmədov (Sumqayıt”ın mətbuat katibi): “Qəzetin ad günü münasibəti ilə bütün kollektivi ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Həmişə obyektiv olmusuz və buna görə də ictimaiyyət tərəfəindən sevilib-seçilmisiz. 22 il əvvəl müəyyənləşən kursu belə də davm etdirin”.
Mehman Yunusov (veteran futbolçu): “Sözün düzü, oktyabrda “Futbol+”in ad günü olduğunu artıq neçə illərdi bilirəm. Ancaq konkret tarixi yadımdan çıxarmışdım. Bu gün sosial şəbəkələrdə təbrikləri gördüm və mən də təbrik edənlərin sırasına qoşuluram. Nə arzulaya bilərəm? Vaxtilə futbolçu kimi “Futbol+”i oxuyurdum, bu gün isə məşqçi kimi qəzetin hər sayını buraxmamağa çalışıram. Arzum budu ki, gələcəkdə nəvələrim də bu qəzeti alıb oxusun. Məncə, bundan yaxşı arzu ola bilməz (gülür). Bu gün qəzetdə çalışan bütün kollektivə yaradıcılıq uğurları arzulayıram, qələminiz iti, futbolumuzun inkişafı ilə bağlı arzularınız çin olsun”.
Vüsal Mahmudov (Sportinfo.az saytının baş redaktoru): "Futbol+" - 22! Ürəyimizin gömüldüyü ocaq. Bəzən küssək də, incisək də, biz onunuq, o bizim. Yaşa, var ol!”
Sonda bir daha ad günü münasibəti ilə bizi təbrik edən oxuculara, klub funksionerlərinə, ölkəmizi xaricdə layiqincə təmsil edən futbolçulara, başqa idman növlərində çıxış edən idmançılarımıza diqqətə görə təşəkkür edirik. Ad günündə redaksiyamıza tort göndərən “Zirə” rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirik. “Futbol+”in devizinin “Vətən idmanı və idmançıları ilə ucalsın!” olduğunu heç kim unutmasın. Bu kurs “Futbol+” yaşadıqca davam edəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR