Emilin səhvləri “quru” seriyasına son qoydu
Türkiyənin 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Yığmanın sabiq üzvü Ufuk Budakın formasını geydiyi “Altınordu” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Altay”la qarşılaşıb. Ufukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3. Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb. “Altınordu” hazırda 5 xalla 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Litvanın 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Kamran Quliyevin formasını geydiyi “Jonava” doğma meydanda “Riteryay” ilə qarşılaşıb - 1:2. Kamran da bu matçın iştirakçısı olub. Cari mövsümdə 10 qol vuran futbolçu start heyətində meydana çıxıb, sonadək mübarizə apardığı qarşılaşmada fərqlənə bilməyib. Əvəzində o, 68-ci dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb. “Jonava” 40 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Almaniyanın 3-cü bundesliqasında 12-ci turun oyunları baş tutub. Rüfət Dadaşovlu “Proyssen” doğma meydanda “Qrossaşbax”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Dadaşov start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 60-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Münster klubu 12 turdan sonra 11 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.
Moldova çempionatında 25-ci turun oyunları reallaşıb. Nurlan Novruzovun formasını geydiyi “Dinamo-Avto” doğma meydanda “Zimbru”nu 4:0 hesabı ilə yenib. Nurlan 83-cü dəqiqədə meydana çıxıb. “Dinamo-Avto” 25 oyuna topladığı 34 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Portuqaliya kubokunda üçüncü təsnifat mərhələsinin görüşləri reallaşıb. Renat Dadaşovun formasını geydiyi “Pakus de Ferreyra” səfərdə aşağı liqa təmsilçisi “Louletano” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası əsas hissəsi 1:1 hesabıyla bitən görüşün əlavə vaxtında daha bir qol vurmaqla qalib gəlib və növbəti mərhələyə yüksəlib. Renat da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının qələbə qolunu da 110-cu dəqiqədə millimizin forvardı vurub. Dadaşov 115-ci dəqiqədə sarı vərəqə də alıb.
Albaniya çempionatında 8-ci turun oyunları keçirilib. Eltun Turabovun formasını geydiyi “Biliş” səfərdə “Luftetari” ilə qarşılaşıb - 1:1. Zədədən yeni qayıdan futbolçumuz bu oyunu ehtiyat oyunçular skamyasından izləyib. “Biliş” 8 turdan sonra 13 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Qazaxıstan çempionatında 30-cu turun oyunları keçirilib. Emil Balayevin “Tobol”u doğma meydanda “Ordabası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Emil hər iki qolda kobud səhvlə yadda qalıb. Bununla da onun uzunmüddətli “quru” seriyasına son qoyulub. Emilin seriyası 736-cı dəqiqədə dayanıb. “Tobol” hazırda 59 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.
Fərid Nəbiyevin formasını geydiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Sözügedən komanda 11-ci tur çərçivəsində səfərdə “Ştexovitse” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1. Fərid start heyətində meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib. “Slaviya”nın U-21 komandası 11 turdan sonra 21 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
İspaniyanın 2-ci liqasında 12-ci turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Albasete” səfərdə “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. İsrafilov start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Albasete” 19 xalla 22 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Ukrayna premyer-liqasında 11-ci turun oyunları keçirilib. Pavel Paşayevin “Aleksandriya”sı səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb. “Aleksandriya” 11 turdan sonra 19 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Latviya çempionatında 33-cü turun oyunları keçirilib. Vüqar Əsgərovun formasını geydiyi “Liepaya” da növbəti matça çıxıb. Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçunun adı iştirak ərizəsinə salınmayıb. “Liepaya” 35 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.