Sizin reklam burada

“Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”

Baxış Sayı:343


Alesio azarkeşlərin arenanı dolduracağına inanır
Xəbər verdiyimiz kimi, Bakının evsahibliyi edəcəyi DÇ-nin əsas mərhələsinə hazırlaşan futzal millimizin dünən səhər saatlarında mətbuata açıq məşqi baş tutdu. Bundan başqa, baş məşqçi Joze Alesio da Silva, eləcə də yığmanın liderlərindən olan Xətai Bağırovun iştirakı ilə brifinq keçirildi. Bu gün bayram etdiyimiz Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edən braziliyalı mütəxəssis daha sonra hazırlığın gedişindən və onu qayğılandıran problemlərdən danışdı: "Təlim-məşq toplanışına dünəndən başlamışıq. Hazırlığı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso və Vilela zədə səbəbindən komandaya qoşula bilməyəcəklər.
Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdi. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.
Qeyd edək ki, təqvimə əsasən milli komandamız oktyabrın 23-də Moldova, bir gün sonra Monteneqro, 26-da isə Slovakiya ilə münasibətləri aydınlaşdıracaq. Oktyabrın 24-də həm də "Qarabağ" Avropa Liqasının qrup mərhələsində Cənubi Kipr APOEL-ini qəbul edəcək. Alesio həmin qarşılaşmanın futzal millisinin Monteneqro ilə görüşü ilə üst-üstə düşməsini problem saymadığını da dilə gətirdi: "Əlbəttə, "Qarabağ"ın oyununa daha çox azarkeş gedəcək. Amma futzala da baxanlar var və onlar arenanı dolduracaqlar".
Millinin heyətində bir müddət əvvəl Çempionlar Liqasında uğursuz çıxış edən "Araz"ın oyunçuları var. Braziliyalı mütəxəssis bu amilin komandaya psixoloji cəhətdən çətinlik yaratmayacağı qənaətindədi: "Əlbəttə, pis nəticə verdik. Ancaq ora tam istədiyimiz heyətlə gedə bilmədik. Oyunçularımıza viza verilmədi. Bu, bizdən asılı olmayan vəziyyət idi. Orda 6 nəfərlə mübarizə aparırıdıq. Ancaq bu amilin milliyə təsir etməyəcəyini düşünürəm. Çünki uşaqlar istirahət ediblər və Çempionlar Liqasında bu heyətlə nəticə qazanmağın çətin olacağını başa düşürdülər".
Təcrübəli oyunçu Xətai Bağırov da baş məşqçisi kimi düşünür: "Hər şey yaxşıdı. Düzdü, "Araz"la ÇL-dəki nəticələrimiz zəif oldu. Bu da məlum səbəblərdən idi. Oyunçularımıza viza verilmədi. Məcburiyyətdən beş nəfər oynayası olduq. Üç ardıcıl məğlubiyyət, əlbəttə, psixoloji təsir edir. Amma artıq yaxşı formaya düşmüşük. Yorğunluq var idi, istirahət edərək, özümüzə gəlmişik. Rəqiblərə qarşı necə oynayacağımızı baş məşqçi bizə göstərir, tapşırıqlarını verir".
Bağırov rəqiblər barədə də danışdı: "Slovakiya və Moldova ilə əvvəllər də qarşılaşmışıq, onları tanıyırıq. Fikrimcə, yaxşı nəticə əldə etmək mümkündü. Öz meydanımızda oynayırıq. Rəqiblərə qarşı necə oynayacağımızı bilirik. Ümidvaram ki, hər şey yaxşı olacaq".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR