Sizin reklam burada

Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş

Baxış Sayı:380


“Nadir Nəbiyev dedi ki, mənə də belə şans yaransaydı, gedərdim”
Zaur Həşimovun “Qəbələ”ni “Zirə”yə dəyişməsindən sonra bölgə təmsilçisi çətin vəziyyətə düşmüşdü. Adı çəkilən mütəxəssis PRO kateqoriyasına sahib olduğundan mətbuat konfranslarında iştirak edir, rəsmi sənədlərdə adı baş məşqçi kimi göstərilirdi. Çünki Əsasnamənin şərtlərinə görə yalnız ali kateqoriyaya sahib olan mütəxəssisin adı baş məşqçi kimi göstərilə bilər.
“Qəbələ” rəhbərliyi bu boşluğu Azər Bağırovu rənglərinə bağlamaqla doldurmağı bacardı. Həmin Bağırov ki, buna qədər də əsas komandada çalışmış, vaxtilə Luis Araqona kömək etmişdi. Buna qədər isə “Neftçi”nin əsas komandasında iş təcrübəsinə sahib olmuşdu. Məsələ burasındadı ki, Azər bəy işsiz deyildi. Yayda “Turan Tovuz”un “sükanı arxasına” keçmiş, komanda formalaşdırmış və rəhbərlik etdiyi kollektiv 6 oyunun beşində qələbə qazanmaqla ilk pillədə qərarlaşıb. Bağırov isə aşağı dəstədə çempion olmağı yox, ciddi hədəfləri olmayan komandada köməkçi-məşqçi işləməyi qərara aldı. Üstəlik, “Turan Tovuz”un rəhbərliyinin onu hansı şərtlərlə buraxması da maraq doğurur.
Səbəbkarla dünənki telefon danışığımızda məqsəd bu və başqa suallara aydınlıq gətirmək idi.
- Öncə sizi təbrik edək, yeni işinizdə uğurlar arzulayaq, sonra keçək suallara.
- Təbrikinizə və diqqətinizə görə minnətdaram. Uğur qazanmağa çalışacağıq, necə alınacaq – bunu zamanın öhdəsinə buraxaq.
- Köməkçi-məşqçi kimi dəvət olunsaz da, adınız baş məşqçi kimi yazılacaq, jurnalistlərin önünə siz çıxacaqsız. Premyer-liqada sizin üçün debüt olacaq.
- Elitada kifayət qədər iş təcrübəm var. Bildiyiniz kimi, buna qədər “Neftçi”də və “Qəbələ”nin əsas komandalarında işləmişdim. Adımın baş məşqçi yazılmasına baxmayaraq, Elmar Baxşıyevlə hansısa işlər görməyə çalışacağıq.
- Səmimi deyin, “Qəbələ”dən təklif gələcəyini gözləyirdiz?
- Düzünü desəm, yox. “Turan Tovuz”daydım, çempionata köklənmişdik, qarşıdakı oyunlara hazırlaşırdıq. Və belə bir vəziyyətdə “Qəbələ”dən təklifin olması, açığı, mənim üçün gözlənilməz oldu. İş başında olmasaydım, nəyəsə ümid edərdim. Amma belə vəziyyətdə...
- Və birinci divizionda liderlik edən komandanı tərk etməyə belə asanlıqla razılıq verdiz...
- Asan deməzdim. Gizlətmirəm, qərar vermək, düşünmək üçün vaxtım var idi. Götür-qoy etdim, məsləhətləşdim və bu qənaətə gəldim. Çünki “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirdim.
- Bəs niyə getdiz?
- Razılaşaq ki, belə şans hər imkanda ələ düşmür. Premyer-liqada cəmi 8 komanda var, mütəxəssislərin sayı isə çoxdu. Həm də elita təcrübəsi tam başqadı, bir üst səviyyədi. Bu imkandan vaxtında və maksimum yararlanmalı olduğumu düşündüm deyə, qərarımı verdim.
- “Turan Tovuz”u çempionata hazırlamışdız, komanda da kifayət qədər uğurlu çıxış edirdi. Belədə klub rəhbərliyi sizi nə deyib buraxdı?
- Klubun Müşahidə Şurasının rəhbəri Oqtay Abdullayevlə və icraçı direktoru Nadir Nəbiyevlə söhbətim oldu. Sağ olsunlar, məni anlayışla qarşıladılar. Onlar üçün də, mənim üçün də qərar vermək, “Turan Tovuz”dan ayrılmaq çətin idi. Bilirəm, onları pis vəziyyətdə qoydum. Hər bir işdə xeyir var. İnşallah, həm mənim, həm də “Turan Tovuz” üçün faydalı olar.
- Halallaşıb ayrıldız, yoxsa qapını bağlayıb getdiz?
- Halallıq olmadan mümkün deyil. Söhbət etdik, halallaşıb ayrıldım.
- Təzminat söhbəti olmadı?
- Xeyr. Oqtay müəllim də, Nadir müəllim də illərini futbola həsr ediblər. Ona görə də vəziyyətimi başa düşdülər, məni anlayışla qarşıladılar. Nadir Nəbiyev dedi ki, mənə də belə yaransaydı, gedərdim. Ona görə də aramızda hansısa problemin, narazılığın olduğunu düşünmürəm.
- “Turan Tovuz”un çempionluğa kökləndiyini kollektivin hər oyundan sonrakı sevincindən görmək çətin deyildi. Şər deməsən, xeyir gəlməz. Böyük hədəfləri olmayan “Qəbələ” mövsümü sonuncu pillədə başa vursa, aşağı dəstədə çempion olmaq şansını boşa verdiyinizə peşman olmayacaqsız?
- Tək bu barədə yox, çox şey haqda fikirləşmişəm. Mənim yerimə istənilən şəxs olsaydı, iki qərardan birini verərdi. Mən isə “Qəbələ”yə gəlməyi üstün tutdum. Premyer-liqada işləmək bir məsuliyyətdi, zövqdü, böyük təcrübədi. Tək mənim üçün yox, istənilən məşqçi üçün. Elmar Baxşıyev məni yanında görmək istədi, mən də dəvəti müsbət qarşılaşdım. Həyatda “bəlkələr”in qorxusu ilə yaşasaq, gərək addım atmayaq. Bəzən risk etməlisən, qəlbinin səslədiyi yerə getməlisən. İnşallah, “Turan Tovuz” mövsümü çempion kimi başa vurar, “Qəbələ” də bu komandanı sevənlərin üzünü güldürər.
- Uzun fasilədən sonra premyer-liqada çıxış edən komandada işləyəcəksiz. “Qarabağ”la oyunöncəsi özünüzü necə hiss edirsiz? Həyəcan var?
- Bir şeyi çəkinmədən deyə bilərəm. Birinci divizionda işləmək elitada çalışmaqdan daha çətindi. Premyer-liqada peşəkar futbolçularla, daha yaxşı şərtlər altında işləyirsən və bu da işi xeyli asanlaşdırır. Ona görə də hansısa həyəcandan söhbət gedə bilməz. Əksinə, oyunları maraqla gözləyirəm. Elmar Baxşıyevlə ikimiz də gənc məşqçi sayılırıq. Durmadan yeni nələrsə öyrənməli, bacarığımızı ortaya qoymalı, özümüz haqda müsbət fikirlər formalaşdırmalıyıq. Bu dəqiqə əsas məqsədimiz “Qəbələ”ni bacardıqca irəli daşımaq, gənclərin parlamasına, üzə çıxmasına töhfə verməkdi.
- Belə başa düşdüm ki, “Qəbələ”də olmağınızı sırf Baxşıyev istəyib.
- Elədi. Elmar müəllimlə uzun illərin dostuyuq. Vaxtilə “Xəzər Universiteti”ndə çiyin-çiyinə futbol oynamışıq, o “Neftçi”də oynayanda mən məşqçiydim, daha sonra yolumuz “Qəbələ”də kəsişmişdi. Bir sözlə, həm insan, həm də məşqçi kimi bir-birimizi yaxşı tanıyırıq. Baxşıyev baş məşqçi kimi işləməyə qadirdi. Onda bu xarakter və savad var. Sadəcə, müəyyən vaxt lazımdı ki, tam rahatlaşsın, işini istədiyi kimi qursun. Son matçlarda “Qəbələ”nin oyunundakı və nəticələrdəki irəliləyişi hamı görür. Zamanla bundan da yaxşı olacağına əminəm.
- Sizin gəlişinizdən sonra məşqçilər heyətindəki durum necədi?
- Elmar Baxşıyev əsas söz sahibidi, mən də əsas köməkçisi, Vladimir Şeludko fiziki hazırlığa cavabdehlik daşıyacaq, Vüqar Məmmədov isə qapıçılarla çalışacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR