U-21-lər arasında Avropa çempionatı
2-ci qrup
Azərbaycan – İsveçrə 0:1 (0:1)
12. Kamran İbrahimov
2. Amin Seydiyev
3. Turan Manafov
5. Nihad Tamazov
6. Hacıağa Hacıyev (k)
7. Fərid Nəbiyev
(14. Elvin Cəfərquliyev, 61)
10. İsmayıl İbrahimli
(11. Şakir Seyidov, 61)
17. Doğukan Öksüz
(16. Süleyman Əhmədov, 61)
18. Anton Krivotsyuk
21. Barış Əkinciər
(9. Rövlan Muradov, 77)
23. Ozancan Kökcü
(4. Səbuhi Abdullazadə, 90+3)
Ehtiyat oyunçular
22. Nicat Mehbalıyev
8. Rafael Məhərrəmli
13. Murad Qayalı
15. Hüseyn Seyliğli
Baş məşqçi: Milan Obradoviç
21. Antoni Raçoppi
2. Jordan Lotomba
(13. Leo Sedu, 86)
4. Yan Bamert
24. Silvan Zidler
5. Yasper van der Verff
6. Toni Domgeni
7. Dan Ndoy
(17. Kevin Rüeqq, 67)
8. Bastyen Toma (k)
9. Jeremi Qiymeno
(20. Filip Stoilkovic, 46)
10. Nedim Bayrami
(16. Petar Puşic, 71)
11. Ruben Varqas
(19. Filip Uqriniç, 86)
Ehtiyat oyunçular
1. Filip Kenn
14. Sedrik Tseziger
15. İv Kayzer
18. Miro Muhaym
Baş məşqçi: Mauro Lustrinelli
Qol: N.Bayrami, 33.
Vərəqələr: S.Zidler, 12. A.Seydiyev, 13. B.Əkinciər, 24. H.Hacıyev, 68. R.Varqas, 83. R.Muradov, 90+1. B.Toma, 90+4 – sarı.
Hakimlər: NİKO SİMOVİÇ, Svetozar Zvin, Nikolo Coroviç, Miloş Milanoviç (hamısı Serbiya).
Hakim-inspektor: Orxan Ərdəmir (Türkiyə).
UEFA nümyəndəsi: Yariv Tepper (İsrail).
15 oktyabr. Sumqayıt. Kapital Bank Arena. 1326 tamaşaçı.
Oktyabrın 10-da Fransada ağır məğlubiyyətə üzülən U-21-in əvvəlki iki matçda yüzfaizlik nəticə göstərən İsveçrəyə də uduzacağı gözlənilirdi. Ancaq bəribaşdan qeyd edək ki, Milan Obradoviçin yetirmələri Sumqayıtda sərgilədikləri oyunla minimum heç-heçəyə layiq idilər. Təsadüfi deyil ki, oyundan sonra qonaqların çalışdırıcısı da “Kapital Bank Arena”da heç-heçə qeyd alınacağı təqdirdə hesabdan narazı qalmayacağını vurğuladı. İlk yarıda qonaqlar daha yaxşı təsir bağışladılar. 7-ci dəqiqədə müdafiəçilərin səhvindən sonra topa sahib çıxan Varqas təxminən 20 metrdən “çərçivə”ni nişan alsa da, top qapıdan az fərqlə aralı keçdi. 15-ci dəqiqə “saatlar ölkəsi”nin yığması növbəti dəfə Obradoviçin yetirmələrini əks-hücumda yaxaladı. Bu dəfə Ndoye zərbə mövqeyinə çıxsa da, Anton vaxtında ayaq qoyaraq topun qapıya getməsinin qarşısını aldı. U-21-in rəqib qapısına ilk zərbəsi isə 18-ci dəqiqəyə təsadüf etdi. Kökçünün adını tabloya yazdırması üçün azca dəqiqlik çatmadı. Onun vuruşundan sonra “mərmi” tiri yalayıb çölə çıxdı. Yarım saatın tamamına 2 dəqiqə qalmış isə gənclər millimiz 30 saniyə ərzində iki dəfə qol vurmağa yaxın oldu. Əvvəlcə Antonun yaxın məsafədən baş zərbəsini qolkper çətinliklə də olsa, qapı xəttinin üstündən geri qaytardı, geri dönən top Nəbiyevin qarşısına düşdü. Fəridin təxminən 25 metrdən qüvvətli zərbəsi qapı çatına dəyib çölə çıxdı. 33-cü dəqiqədə isə isvəçrəlilər hesabı açmağa müvəffəq oldular. Ndoye cərimə meydançasının yaxınlığından zərbə vurmaq istəsə də, top ayağına yaxşı oturmadı və özü də bilmədən Bayramiyə ötürmə etmiş oldu. “10 nömrə” isə fürsətdən maksimum yararlandı.
Fasilədən sonra üstünlüyə yiyələnən meydan sahibləri çox çalışsalar da, Raçoppini məyus edə bilmədilər. Xüsusilə son 10-12 dəqiqə U-21-in aşkar üstünlüyü şəraitində keçdi. Ardıcıl hücumlar quran bizimkilər rəqibi öz qapısına doğru sıxıb, müdafiəçilərinə göz açmağa imkan vermirdilər. Ancaq son nöqtəni qoya bilmirdilər. Əslində İsveçrə yığması Sumqayıtdan 3 xalla geri döndüyünə görə öz qapıçısına təşəkkür etməlidi. Raçoppi bir neçə dəfə komandasını real qoldan xilas etdi. Düzdü, son saniyələrdə komandamız qol vurmağı bacardı. Ancaq Elvin Cəfərquliyevin oyundankənar vəziyyətdə olması səbəbindən baş hakim haqlı olaraq meydanın mərkəzini göstərmədi və matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatdı.
Bu qrupun dünən keçirilən digər oyununda Slovakiya dogma meydanda Fransaya 3:5 hesabı ilə uduzub.
1. İsveçrə 3 3 0 0 8-1 9
2. Fransa 2 2 0 0 10-3 6
3. Gürcüstan 3 2 0 1 8-2 6
4. Slovakiya 3 1 0 2 8-9 3
5. AZƏRBAYCAN 5 1 0 4 2-11 3
6. Lixtenşteyn 4 1 0 3 3-13 3
Bu qrupda noyabrda keçiriləcək oyunların təqvimi: 14 noyabr – Azərbaycan – Lixtenşteyn, 16 noyabr – Fransa – Gürcüstan, 18 noyabr – Slovakiya – Gürcüstan, 19 noyabr – İsveçrə - Fransa.
RƏŞAD
Gözdən qaçmadı
* Premyer-liqanın ilk dövrəsində, “Bakcell Arena”da keçirilən “Neftçi” – Sumqayıt” matçında Anton Krivotsyukun etdiklərini sumqayıtlılar unutmayıb. Bu üzdən yerli azarkeşlər ilk yarıda “ağ-qaralar”ın müdafiəçisini bir neçə dəfə fitə basmaqla yadda qaldılar.
* İkinci yarının ortalarında “Kapital Bank Arena”ın yardımçı otaqlarının birində tüstülənmə başladı. Yanğınsöndürənlərin, stadion rəhbərliyinin və texniki heyətin müdaxiləsindən sonra problem aradan qaldırıldı. Tüstülənmənin nədən baş verdiyini öyrəndikdə məlum oldu ki, arenanın projektorlarının birinin qoruyucusu gərginlik səbəbindən əriməyə başlayıb və həmin ərinti də yüksək gərginlikli kabelin üzərinə düşüb. Bu isə tüstülənməyə səbəb olub.
* Minimal hesabla qalib gələn qonaqların matçdan sonrakı sevincini görməyə dəyərdi. İsveçrəli futbolçular paltardəyişmə otağında musiqiyə yüksək səs verib, rəqs edir, bir-biri ilə danışıb gülürdülər.
* Mauro Lustrinelli konfrans salonuna daxil olarkən bir-bir bütün jurnalistlərə əl verib görüşdü.
Reaksiyalar
Ozancan Kökcü: “Hər iki hissədə yaxşı oynadığımızı düşünürəm. Rəqibə ciddi qol şansı vermədik. Bizdə isə 4-5 real epizod oldu. Rəqibin vurduğu qol sırf bəxtlə bağlı idi. İsveçrədən daha yaxşı oynadıq. Qismət deyilmiş. Bəlkə də adamlar bu qədər yaxşı oynayacağımızı gözləmirdi. Üç ildi U-21-də oynayıram. Millidə inkişaf hiss olunur. Futbolda azarkeş amili çox böyük önəm daşıyır. Açığı, ilk dəfə oyunumuzda bu qədər fanat var idi. Öz adıma deyə bilərəm ki, mənim üçün əlavə motivasiya oldu. Qeydə alınmayan qolla bağlı nə deyə bilərəm? Epizodu tam görə bilmədim. Təkrara baxmamışam. Təəssüflənirəm. A millinin oyununda da Bəhlulun qolunu saymadılar. Hakimlərə hörmət edirəm. Təkrarı izləməmiş nəsə demək düz çıxmaz. Lixtenşteynlə ilk oyunda oynamamışdım. Zədəm var idi. Meydanda olmasam da, matçı izləmişdim. Bugünkü kimi oynasaq, hər rəqiblə bacara bilərik. Heç kim bizdən bu cür oyun gözləmirdi. Fransa ilə matçda 0:5 uduzsaq da, üstünlük bizdə idi. Sübut etdik ki, Azərbaycan futbolu inkişaf edir”.
Fərid Nəbiyev: "Ümumilikdə biz rəqibdən daha yaxşı oynadıq. Sadəcə, bəzi epizodlarda bəxtimiz gətirmədi. Dirəkdən qayıdan, boş qapıdan çıxarılan toplar oldu. Fərqləndiyimiz epizoda baxmamışıq. Ofsayd olub-olmadığını bilmirik. Hakim matçdan sonra dedi ki, ofsayd olmasaydı, 100 faiz penalti təyin edəcəkdim. Bu gün daha güclü İsveçrə gözləyirdik. Ancaq bizim üçün rəqibin fərqi yoxdu. Biz də futbol oynamağı bacarırıq. İnanıram ki, gələcək matçlarda nəticə də olacaq. Bu gün son nöqtəni dəqiq qoya bilmədik. Şanssızlıq çox oldu. Fransa qrupun favoritidi. Futbolçuları top-komandalarda oynayır. Onlara qarşı mübarizə aparmaq çox çətindi. Amma İsveçrə elə də güclü deyil. Fransadan başqa, digər komandalarla başabaş oynamaq olardı. Bu gün bəxtimiz gətirmədiyi üçün uduzduq. Növbəti turda qarşılaşacağımız Lixtenşteyni məğlub etməliyik ki, xal ehtiyatımızı artıraq. Bu, bizim üçün də yaxşı motivasiya ola bilər. Evdə oynayacağıq. Bu gün azarkeşlərimiz də möhtəşəm idi. Bizə əsl futbol həyəcanı yaşatdılar. Onlara təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda da belə olar. Lixtenşteynlə matça boş çıxmamalıyıq. Ciddi yanaşmaq lazımdı ki, ordakı məğlubiyyət təkrarlanmasın. "Slaviya"da işlərim yaxşı gedir. Sadəcə, yeni direktor çex futbolçulara daha çox önəm verir. A komandaya öz oyunçuları gedir. Dekabra kimi müqaviləm qalıb. Ondan sonra orda davam edib-etməyəcəyim bilinəcək. Yəqin ki, Azərbaycana qayıtmayacam. Karyeramı ölkə xaricində davam etdirmək istəyirəm".
Hacıağa Hacıyev: “Meydana xal qazanmaq üçün çıxmışdıq. Rəqibin də böyük üstünlüyü olmadı. Bir şans yarandı, ondan da istifadə etdilər. Bizdə isə xeyli imkan oldu. Bir neçə topumuz dirəkdən qayıtdı, qapıçıları yaxşı oynadı deyə qol vura bilmədik. Qələbə bizi sevindirərdi. Amma heç-heçə də yaxşı olardı. Məncə, şanssızlıq oldu. Bunun ustalıq səviyyəsi ilə əlaqəsi yoxdu. Top dirəyə dəyirsə, burda ustalıq səviyyəsi nəyə lazımdı? Tribunaları dolduran tamaşaçılar bizə motivasiya verdi. Azarkeşlərin qarşısında daha yaxşısını etməyə çalışırsan. Bu gün də bunu gördük. Fransa ilə görüşdə də pis oynamamışdıq. Sadəcə, onlar bizdən qat-qat güclüdü. Yalnız Gürcüstanla oyuna üzülə bilərəm. Çünki onda çox pis oynamışdıq. Rəqibin oyundan sonra çılğınlıqla sevinməsi kapitan kimi mənə pis təsir etdi. Əslində biz də Slovakiyanı udanda sevinirdik. İsveçrə bu gün bizi çətinliklə məğlub etdi. Sevinmək haqlarıdı. Bu gün qələbə qazana bilsəydik, 2-ci yerə qalxa bilərdik. Əlimizdən gələni etdik. Şans rəqibin tərəfindəydi. Yenə də hər oyuna qələbə üçün çıxacağıq. Bəzilərində alınır, bəzilərində alınmır. Hər şeyi zaman göstərəcək”.
RƏŞAD