Sizin reklam burada

Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi!

Baxış Sayı:335


Dünən Niderland Krallığının Bakıdakı səfirliyinin qarşısında azərbaycanlı futbol fanatları piket təşkil ediblər. Piket iştirakçıları Avropa çempionatının seçmə mərhələsinin Macarıstan - Azərbaycan matçının 90+3-cü dəqiqəsində hollandiyalı baş hakim Dennis Hiqlerin Bəhlul Mustafazadənin vurduğu qolu heç bir əsası olmadan ləğv etməsinə etiraz ediblər. Etirazçılar “Holland hakimə istefa”, “Futbol - siyasət deyil”, “Xalımızı geri qaytar”, “Ədalətsiz referi”, “Məqsəd dava deyil, haqqımızı tələb edirik”, “Azərbaycan, Azərbaycan”, “Qolu qeydə almadığınıza görə “təşəkkür”, “Haqsızlığa göz yummayaq”, “Biz Azərbaycan üçün bura gəldik”, “Azərbaycan zəif deyil”, “Dennis Hiqler, ədalətsizliyə yol vermə”, “Sonadək vuruşacağıq”, “Biz düşmən deyilik” şüarlarını Azərbaycan və ingilis dillərində səsləndiriblər.
Piketə qatılanlar sonda hadisə yerində olan bir-iki idman jurnalistinin də işıqlandırdığı tədbiri keçirmək ideyasının hardan ortaya çıxdığına da aydınlıq gətiriblər: “Oyuna bir yerdə baxırdıq. Elə yerindəcə qərara aldıq ki, belə bir etiraz aksiyası keçirək”.
Azərbaycan futboluna rəhbərlik edən şəxslər, deyəsən, SSRİ dönəmini hələ də unutmayıblar. Ötən əsrin 30-cu illərində Pavlik Morozovu atasını satdığına görə “milli qəhrəman” elan edən, hansısa planı gerçəkləşdirmək üçün kolxozçulara və sənayedə çalışan zəhmətkeşlərə məcburi məktublar yazdıran kommunistlər öz taxt-taclarını qorumaq üçün uzun illər bu siyasətdən yararlanıblar, “xalq belə istəyir” şüarı altında öz mənfur işlərini həyata keçiriblər. Son vaxtlar ölkə futbolunun inkişafı üçün ayrılan milyonları havaya uçuran, kreslosu əməlli-başlı laxlayan assosiasiyanın baş katibi Elxan Məmmədov artıq son gedişlərini işə salmağa başlayıb. Vaxtilə boynuna pioner qalstuku bağlayan, gələcəkdə Pavlik Morozov kimi pioner olacağını düşünən, arada ondan da yaxşı olacağını fikirləşən baş katib bu dəfə ona biət edən fəhlə və kolxozçuları yox, gəncləri qabağa verib və AFFA-nın yürütdüyü uğurlu idman siyasətinin əcnəbi hakimlər tərəfindən kölgə altına salındığını sübut etməyə çalışır. Gənclərin Niderland Krallığının səfirliyi qarşısında piket keçirməsindən nədənsə çox az media vasitəsi xəbər tutub. Belə ucuz ssenari kimə lazımdı? Bəlkə də sıravi futbol azarkeşi həmin gənclərin ürəkdən bu işə qol qoyduğunu düşünə bilər. Ancaq “Futbol+”in reportyoru olaraq, piketdə iştirak edən, dirijor çubuğu ilə idarə olunan, stadionlarda “könüllü” adı ilə görünən, Məmmədovun istəyinə uyğun addım atan gənclərin piketdə baş rolda olduğunu şəkillərdən də gördük. Çətin ki, belə ucuz şou ilə Elxan bəy nəyəsə nail olsun. Artıq futbol ictimaiyyəti kimin kim olduğunu, dirijor çubuğu ilə oturub-duran medianı yaxşı tanıyır. Baş katib hakimiyyətdə olduğu illər ərzində bir neçə “5 illik planı” yerinə yetirməyi bacarmayıbsa, onu yaxın gələcəkdə SSRİ dönəmində olduğu kimi öz həmkarlarının mühakiməsi gözləyir ki, buna heç kimin şübhəsi olmasın. Artıq ilk işartılar görünməkdədi. Bu yerdə yazını cəmiyyətdə başverənlərə ironiya ilə yanaşan, satirik şeirləri ilə eybəcərlikləri əks etdirən “Əli” ləqəbli şairin iki bəndi ilə tamamlaq yerinə düşər.
Planımız baş tutacaq, ay can, ay can
AFFA-mız şad olacaq, ay can, ay can
Hiqler rədd olacaq, ay can, ay can
Qolumuz sayılacaq, ay can, ay can
Yarınmağa mahirik, əlbəttə, biz,
AFFA-mıza saqiqik hörmətdə biz
Əldə şüar edib, geri qalmarıq,
Niderlandı yıxıb-sürüməkdə biz.
RƏŞAD
P.S. Görəsən, həmin piketçilər Lüksemburqda dron qaldıran ermənilərə görə niyə küçəyə çıxıb narazılıq bildirmədilər?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR