Sizin reklam burada

İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb

Baxış Sayı:302

İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb
Mahmud Sadıqov: “Biz öhdəmizə düşən bütün işləri görmüşük”
Ötən sayımızda U-21-in üzvü Tural Bayramlının Parisdəki Şarl de Qoll hava limanında başına gələnlər barədə xəbər verib, “səbəbkar”ın özü ilə söhbətləşmişdik. Ötən həftə, demək olar ki, oxşar problem futzal üzrə Çempionlar Liqasında çıxış edən “Araz”ın da başına gəlib. Qrup mərhələsində iştirak etmək Belçika paytaxtı Brüsselə yollanan komandanın 4 iranlı üzvü - Hadi Əhmədi, Hadi Rizvan, Vahid Şəfi və Əmir Şocayi Şengen vizası verilməməsi səbəbindən kollektivdən ayrı düşmək məcburiyyətində qaldı ki, bu da komandanın çıxışında əksini tapdı.
Qrupdakı bütün görüşlərdə məğlub olan “Araz”ın baş məşqçisi Joze Alesio da Silva sonuncu - "Xerson"a 3:8 hesablı məğlubiyyətlə bitən oyundan sonra sonra dörd gün ərzində 3 ağır oyun keçirən yetirmələrini qəhrəman adlandırıb. Əlbbətə, futzalda tempin yüksək, ehtiyat oyunçular olmadan Çempionlar Liqası kimi mötəbər turnirin qrup mərhələsində uğur qazanmağın çətin olduğunu həyatında bir dəfə də olsun, parket üzərində futbol oynayanların hamısı yaxşı başa düşür. Ancaq ölkə futzalının flaqmanı sayılan “Araz”ın ilin əsas yarışına natamam heyətlə yollanması da çoxları üçün qaranlıq qaldı. Birvaxtlar braziliyalı legionerlərin hesabına irəli gedən Naxçıvan təmsilçisinin bu dəfə iranlılara güvənməsi və bunun da nəticəsi kimi pis duruma düşməsi nə bizim, nə də başqasının günahıdı. Bu məsələdə yaşananlara görə cavab verməli şəxslər klubda vəzifə tutan rəsmilərdi. Məhz bu məqamı nəzərə alıb “Araz”ın vitse-prezidenti Mahmud Sadıqovla danışmağı lazım bildik. Çox maraqlıdı ki, Bayramlının məsələsində olduğu kimi, bu dəfə də Fransa dövlətinin, daha dəqiq desək, bu ölkənin Azərbaycandakı səfirliyinin adı çəkildi. Mahmud bəy problemin səfirlikdən qaynaqlandığını bildirdi: “Biz ilkin siyahını Belçikaya sentyabrın 23-də göndərmişik. Ondan sonra səfərə çıxacaq nümayəndə heyətində yer alacaq şəxslərin adlarını viza almaq üçün Fransa səfirliyinə təqim etmişik. Bildiyiniz kimi, Belçikanın Azərbaycanda səfirliyi olmadığından bu işi Fransa səfirliyi həll edir. Sənədləşmə işində bizə AFFA-nın Beynəlxalq Əlaqələr Departamenti də yardım edirdi. Sözügedən məsələ ilə Murad Məmmədov məşğul idi. Murad müəllim bizə lazımi qədər kömək etdi. Səfirliyə təqdim etdiyimiz sənəddə klub rəsmiləri ilə birgə 20 şəxsə viza açılmasını istəmişdik. Legionerlər üçün tələb olunan sənədlər də təqdim olunmuşdu. Dünyada gedən siyası prosesləri nəzərə alıb, iranlı legionerlərimiz üçün vacib olan sənədlər səfriliyə təqdim olunmuşdu. Komanda oktyabrın 7-dən 8-nə keçən gecə yola düşməliydi. Səfərə çıxan nümayəndə heyətinin, bütün oyunçuların sənədlərini əvvəlcədən səfirliyə təqdim etmişdik. Ancaq qarşı tərəf məsələni uzatdı və təsəvvür edin ki, 7-si günorta saatlarında bizə pasportları qaytardılar. Və həmin an bildik ki, iranlı futbolçulara viza verilməyib. Bizə dedilər ki, iranlıların vizası sabah veriləcək. Murad müəllimin vasitəsilə səfirliyə “nümayəndə heyətində yer alan komanda rəsmilərinə viza verilməsə də olar, ancaq futbolçuların yola çıxması vacibdi” deyib, yenidən səfirliklə əlaqə saxladıq. Cavabları belə oldu ki, sabah bu məsələ də həll olunacaq. Bu sözlərə inanıb komanda Bakı - İstanbul – Brüssel marşrutu ilə yola çıxdı. Ertəsi biz yenidən Murad müəllimlə əlaqə saxladıq. O da öz növbəsində Fransa səfirliyi ilə əlaqə saxlayıb. Ordan deyiblər ki, oktyabrın 8-9-u tarixində bizdə qeyri-iş günüdü. Məsələ ilə bağlı Zaur Axundova da məlumat verildi. AFFA vasitəsilə UEFA-ya müraciət olundu. Təəssüf ki, bütün müraciətlərə baxmayaraq, cəhdlərimiz nəticəsiz qaldı. Yaşananlarda “Araz” rəhbərliyinin heç bir günahı yoxdu. Biz öhdəmizə düşən bütün işləri görmüşük”.
“Araz”ın vitse-prezidenti fürsətdən istifadə edib, meydana çıxan futzalçılara təşəkkür etməyi də özünə borc bildi: “Məlum səbəbdən komanda Belçikada cəmi 8 futzalçı ilə oynamalı oldu ki, onlardan da ikisi qapıçı idi. Bizimlə eyni qrupda çıxış edən rəqiblərin baş məşqçiləri də komanda üzvlərinin fədakarlığını xüsusi qeyd etdilər. Qrupun aşkar favoriti “Benfika” idi. Brüsselə tam heyətlə yollansaydıq, onlarla belə başabaş mübarizə apara biləcəkdik. Ancaq nə edək ki, qeyd etdiyim səbəblərdən alınmadı. Qrupda minimum ikinci ola bilərdik. Futzalçılarımıza dəstək olmaq üçün oyunların keçirildiyi şəhərə gələn Zaur Axundova təşəkkür etmək istəyirəm. Son ana qədər yanımızda oldu. İnşallah, bu il alınmasa da, növbəti mövsümdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR