Sizin reklam burada

Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu

Baxış Sayı:733


Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatı başa çatıb. Ölkəmizi yarışda 5 qız, 4 oğlan şahmatçı təmsil edib ki, onlardan yalnız biri fəxri kürsüdə yer alıb. 14 yaşadək oğlanların mübarizəsində keçirdiyi 11 oyunda 9 xal toplayan Aydın Süleymanlı dünya çempionu olub. Bu yaş qrupunda Gövhər Beydullayeva (8 xal) 4-cü, Ayan Allahverdiyeva (8 xal) 5-ci, Jalə Kərimli (5 xal) 31-ci, Süleyman Süleymanlı (6 xal) 41-ci olub. U-16 yaş qrupunda Ləman Hacıyeva (7 xal) 12-ci, Vüqar Manafov (6,5 xal) 26-cı, nəhayət, U-18 yaş qrupunda Rəvan Əliyev (5,5 xal) 36-cı, Aytac Heydərova (4 xal) 55-ci pillədə qərarlaşıb.
Maraq üçün qeyd edək ki, 6 yaşından şahmatla məşğul olan Aydın Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudu. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilən qitə birinciliyində 8 yaşlı şahmatçılar arasında birinci olub. Həmin ilin dekabrında təşkil olunan dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutan Aydın 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid üzrə Avropa çempionatında qalib gəlib. İstedadlı şahmatçı 2017-də Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da hamıdan güclü olub.
Şahmat yığmamızın lideri Şəhriyar Məmmədyarov Aydının uğuruna biganə qalmayıb. Onun sosial şəbəkə hesabındakı paylaşımı ilə tanış olaq: "Aydın əsl ağsaqqal şahmatı göstərərək bütün rəqiblərindən üstün oldu. Oyunları izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib olmağı bacardı, özü də harda? Hindistanda! Təbrik edirəm!"
Çempionu prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da təbrik edib. İlham Əliyevin təbrikində deyilir:
"Əziz Aydın, Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm. Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".
Mehriban Əliyevanın rəsmi “instaqram” səhifəsindəki paylaşımda deyilir: “Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram".
Qeyd edək ki, prezidentlə birinci vitse-prezident Teymur Rəcəbovu da dünya kubokundakı parlaq qələbə münasibətilə təbrik etmişdilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR