(10 ballıq şkala üzrə)
Emil Balayev – 3,5
Xorvatiya ilə qarşılaşamda “çərçivə”də inamlı təsir bağışlayan, vitse-dünya çempionları ilə görüşdə az qala dişi ilə top tutan “Tobol”un qolkiperi Macarıstanla matçda yumşaq desək, azarkeşləri validol içməyə məcbur edən oyunla yadda qaldı. Düzdü, rəqibin fərqləndiyi epizodda Balayevi qınamaq o qədər də düzgün olmazdı. Baxmayaraq ki, Mihay Korhutun uzaqdan zərbəsi qapıçı üçün götürülməli top idi. Balayevin çıxışlarda səhvi, həyəcanlı olması ilk baxışdan hiss olunurdu. Geriyə ötürmələr zamanı artıq hərəkətlərə yol verib, iki epizodda “çərçivə”nin bir neçə metrliyində rəqibi aldatmağa cəhd etməsi az qala səhvlə nəticələnəcəkdi ki, bu da onun adına mənfi məqam kimi qeyud olunmalıdı. Halbuki həmin ötürmələr zamanı riskli hərəkətlərə ehtiyac duyulmurdu.
Şəhriyar Rəhimov – 3,5
Son cinah müdafiəçisinin oyununu birmənalı qiymətləndirmək mümkün deyil. 90 dəqiqə boyunca o qədər də inamlı təsir bağışlamayan, əksər ikili mübarizələrdə rəqib oyunçulara uduzan “Səbail”in müdafiəçisi əlavə olunmuş dəqiqələrdə macarların cərimə meydançası daxilində “ikinci mərtəbə”də mübarizəni udub Bəhlul Mustafazədəyə məhsuldar ötürmə verməklə yadda qaldı. Onun başla ötürməsindən sonra Bəhlul qapını dəqiq nişan alsa da, hakimin səhvindən qol qeydə alınmadı. Ümumilikdə daha çox qapının toxunulmazlığına cavabdehlik daşıyan Şəhriyarın hücumlara dəstək verməsi təqdirəlayiq hal olsa da, faydalı iş əmsalının aşağı olması müdafiəçinin qiymətinə təsir göstərdi.
Bəhlul Mustafazadə - 4,0
Son vaxtlar özünü yaxşı tərəfdən göstərməyi bacaran “Qəbələ” akademiyasının yetirməsi Budapeştdə də millinin heyətində meydana çıxanlar arasında ən yaxşı idi. Rəqibin ilk dəqiqələrdən hücum etməsinə baxmayaraq, soyuqqanlı və əzmkar oyunu ilə yadda qaldı. Mərkəz müdafiəçisinin bəzi məqamlarda özünü topun qabağına atıb, “çərçivə”yə gedən zərbənin qarşısını vücudu ilə alması da xüsusi qeyd olunmalıdı. Ucaboy müdafiəçi standart vəziyyətlərdə də inamlı oyunla yadda qaldı. Son saniyələrdə vurduğu qol hakim tərəfindən qeydə alınmasa da, müdafiəçi olmasına baxmayaraq, həlledici anda hücuma dəstək vermək qabiliyyəti ilə də seçildi.
Bədavi Hüseynov – 3,0
“Qarabağ”ın və yığmanın heyətində beyənəlxalq arenada yetərincə matç keçirən stopperin Budapeştdə sərgilədiyi oyunu heç də normal qiymətləndirmək olmaz. “İkinci Rəşad Sadıqov”gözü ilə baxdığımız müdafiəçi bir daha göstərdi ki, “Qarabağ”ın kapitanını əvəzləməsi qeyri-mümkündü. Hüseynovun müdafiəçi kimi öhdəsinə düşən işi yerinə yetirmədiyi göz önündədi. Yersiz həyəcan, ikili mübarizələrdə inamsız oyun – bütün bunlar Bədavidə var. Qapımıza vurulan qolda da onu qınamaq olar. Mərkəz müdafiəçisi zərbə zamanı topun qarşısını almaq üçün sağ ayağının əvəzinə sol ayağını qoymaq istədi ki, bu da qızıldan qiymətli saniyənin itirilməsinə səbəb oldu. Bədavinin Sadıqov kimi ilk ötürmə vermək qabiliyyətinin olmaması da vurğulanmalıdı. Liderlik qabiliyyətinə gəlincə, bundan da danışmağa dəyməz. Futbol dili ilə desək, “mandraj”ı boğa bilməyən müdafiəçidən nə etibarlı arxa xətt oyunçusu olar, nə də komandanın lideri.
Pavel Paşayev - 3,0
Ukraynada top qovan Paşayevin ustalıq səviyyəsi məhz belə rəqiblərlə görüşdə üzə çıxmalıdı. Macarıstan Avropanın top-yığmalarından sayılmır, səviyyə baxımından Macarıstan və Ukrayna futbolu oxşardı. Düşünmək olardı ki, texnikalı xorvatlar, fiziki gücə hesablanan oyun sərgiləyən uelslilərlə matçlardan fərqli, Pavel Macarıstanla görüşdə meydanda inamlı görünəcək, özünü yaxşı tərəfdən göstərəcək. Təəssüf ki, Budapeştdəki matçda Paşayevin ifasında bunların heç birini görə bilmədik. Müdafiənin sağ cinahında çıxış edən Şəhriyar ara-sıra hücumna dəstək verməyə çalışsa da, “Aleksandiya”nın arxa xətt oyunçusu heç nə ilə yadda qalmadı.
Qara Qarayev – 3,5
Matçdan bir gün öncə 27 yaşını qeyd edən, macarlarla oyunda kapitan sarğısını qoluna taxan Qarayev yenə öz ampluasında idi. Meydanda adınalayiq “qara iş” görməli olan dayaq yarımmüdafiəçisi nə dağıdıcı, nə də yaradıcı funksiyanı yerinə yetirə bildi. Rəqibdən top almaq göstəricisi də çox aşağı idi.
Riçard Almeyda – 3,0
Premyer-liqa matçlarında meydanda “at oynadan” “Qarabağ”ın “düşünən beyni” bu günə kimi nə milli, nə də “köhlən atlar” üçün xüsusi önəm daşıyan qarşılaşmalarda “qəhrəman” olmağı bacarıb. Macarıstanla görüşdə də bir daha bunun şahidi olduq. “Milliləşdirilmiş” yarımmüdafiəçi meydanda olduğu 58 dəqiqə ərzində yalnız yana və geriyə ötürmələrlə yadda qaldı. İlk yarının əvvəlində millinin braziliyalı yarımmüdafiəçisinin hücumu kəskinləşdirmək və ya qapıya zərbə vurmaq şansı olsa da, bunların heç birini edə bilmədi və topu rəqibə “bağışladı”. Almeyda meydanda olduğu dəqiqələrdə milli mərkəzdə top saxlaya bilmirdi. Ümumiyyətlə, Macarıstanla matçda Riçard ansamblın “xaric ifaçısı” təsiri bağışladı. Komandanın əsas “dirijor”u bu qədər ötürmə səhvinə yol verirsə, hücumda yer alan oyunçudan və hücumameyilli futbolçulardan nəsə gözləmək yersiz olardı.
Eddi İsrafilov - 3,0
Uzun müddət yığmadan kənar düşən futbolçuya ümidlər böyük idi. Uzun illər İspanıya kimi futbol ölkəsində top qovan yarımmüdafiəçidən gzləntilərimiz böyük olsa da, o da bizi məyus etdi. Mövsümlərarası fasilədə “Albasete” ilə anlaşan yarımmüdafiəçi, yumşaq desək, ümidləri doğrultmadı. Qara kimi dağıdıcı funksiyanı yerinə yetirməli, ucaboy olduğuna görə standart vəziyyətlər zamanı rəqib qapısı önündə təhlükə yartmalı olan yarımmüdafiəçi heç bir tapşırığın öhdəsindən gəlmədi. İsarafilov bu oyunda daha çox qayda pozuntuları ilə yadda qaldı.
Təmkin Xəlilzadə - 3,0
Mükəmməl keçiddən sonra Xorvatiyaya vurduğu qolla ulduzu parlayan “Sabah”ın oyunçusu Dunay sahilində, demək olar ki, heç nə ilə yadda qalmadı. Xəlilzadə bir neçə dəfə “Bakcell Arena”dakı qəhrəmanlığını təkrarlamağa çalışsa da, macar müdafiəçilər həmin zonada çoxluq təşkil etməklə onu zərərsizləşdirməyi bacardılar. Və ən əsası, Təmkin də Almeyda kimi çoxlu top itkisi ilə yadda qaldı.
Ağabala Ramazanov - 3,0
“Sürəti və texnikası hesabına nəsə edə bilər” dediyimiz Ramazanov bəlkə də 2019-cu ildə ən zəif oyununu keçirdi. Macarıstan paytaxtında sanki top Ağabaladan küsmüşdü. Vinger nə normal cinah reydi edə bilir, nə də ona ünvanlanan ötürmələri lazımınca dəyərləndirməyi bacarırdı. İlk yarıda, ümumiyyətlə, Ramazanovun ayağına top “yatmırdı”. Bunun da nəticəsi kimi cinahı iflic vəziyyətə düşmüşdü. Bir sözlə, çoxlarının “ağ atlı oğlan” gözündə gördüyü Ağabala üçün Dunay sahilinə səfər çox bərbad alındı.
Ramil Şeydayev – 3,5
Şeydayevin qol vurmaqdan savayı meydanda hər iş görməsinə adət etmişik. Moskva “Dinamo”sunun futbolçusu bu dəfə də meydanın rəqibə aid hissəsində təkbaşına pressinq edir, müdafiəyə çəkilərək arxa xətdə yer alan komanda yoldaşlarına kömək edirdi. Ancaq forvardın boş qoyduğu mövqedə heç kim onu “sığortalamırdı” ki, bu da birbaşa başqasının yox, Ramilin adına yazılmalı olan “səhvdi”. Bu üzdən forvardın Macarıstanla matçda performansını aşağı dəyərləndirməliyik.
Cavid Hüseynov – 3,5
Əvəzetmədən meydana çıxmasına baxmayaraq, oyunda müəyyən canlanma yaratmağı bacardı. “Zirə”nin kapitanı yaddaqalan ötürmələrlə hücumun təşkil olunmasında pay sahibi oldu.
Araz Abdullayev – 3,0
“Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkən, hələ də “gənc və perspektivli” sayılan Abdullayevin 58-ci dəqiqədə meydana çıxması heç nəyi dəyişmədi. Bir neçə il əvvəlki formasından uzaq düşən Arazın oyuna qoşulmasını “əvəzetmə xatirinə əvəzetmə” kimi dəyərləndirmək olar. Bəzən elə təəssürat yaranırdı ki, meydana nə üçün çıxdığını özü də bilmir.
Renat Dadaşov – qiymətsiz
RƏŞAD