“Gələcəklə bağlı nəsə danışmaq olmur”
Qızlardan ibarət U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxışla yadda qaldı. Vüqar Əsgərlinin komandası qrupda keçirdiyi 3 oyunun ikisində məğlub olub, birində qələbə qazanmaqla 3-cü pilləni tutdu. Portuqaliya və Almaniyadan 6 cavabsız top buraxan yığma son oyunda Albaniyanı 1:0 hesabı ilə məğlub etməyi bacardı. Uğursuz çıxışla bağlı dünən Vüqar Əsgərliylə danışdıq. Gənc mütəxəssis rəqiblərin kifayət qədər güclü olduğunu qabartdı: “İki komandanın ötənilki Avropa çempionatının finalçıları olması qrupumuzun nə qədər ağır olduğundan xəbər verir. Ancaq yenə də ilk oyunda böyükhesablı məğlubiyyət gözləmirdim. Təbii ki, burda əsas qapıçımızın da ilk oyuna hazır olmamasının təsiri var. Almaniyaya məğlubiyyəti aradakı səviyyə fərqi ilə əlaqələndirərdim. Həmin Almaniya Portuqaliya millisinə 4 top vuraraq qalib gəldi. Onların qadın futbolunda hegemon komanda olduğu açıq şəkildə görünür. Biz hər oyundan öncə qızları mümkün qədər qələbəyə kökləməyə çalışırıq. İki böyükhesablı məğlubiyyətdən sonra təsəlli olsa da, qızların bir növ asan rəqib olmadıqlarını sübüt etmələri yaxşı oldu. Millinin qalib gəlməsi hər zaman qürürvericidi. Əlimizdəki heyətin uğurlu olub-olmaması bir növ bəxtdən asılıdı. Qrupdakı rəqiblərin kimliyi çox önəmlidi. Almaniya A səbətinin, Portuqaliya isə B-nin ən yaxşısı idi. İki səbətin güclüsünün bizim qrupa düşməsi işimizi çətinləşdirdi. Komandamız isə C səbətinin ən yaxşılarındadı. Qarşıda oyunlarımız yoxdu. Bu üzdən gələcəklə bağlı nəsə danışmaq olmur. Çünki növbəti il komandanın heyəti yenilənəcək. Yalnız komandanı tam formalaşdırandan sonra işimizin hansı istiqamətdə olacağından danışmaq mümkündü”.
HƏSƏN QULUZADƏ