Mircavadov: “Mərkəzdə elə bir oyunçumuz yoxdu ki, hücum qursun”
Milli komandamızın Xorvatiya ilə heç-heçə etməsinin ardından gözlər Macarıstanla oyuna çevrilmişdi. Bəziləri səfər matçından da xal gözləyirdi. Bəhreynlə yoxlama oyununda qeydə alınan qələbə macarlarla görüşlə bağlı gözləntiləri daha da möhkəmləndirmişdi. Ancaq təəssüf ki, yığma meydanı başıaşağı tərk etdi. Hər nə qədər oyunun sonunda hollandiyalı hakim təmiz qolumuzu qeydə almasa da, millinin çıxışı ümid vermədi. Əksəriyyət komandanın qorxaq futbol oynamasının günahkarı kimi baş məşqçi Nikola Yurçeviçi göstərir. Bəs görəsən, mütəxəsisslər bu barədə nə düşünür?
Sənan Qurbanov: “Bu oyundan öncə demişdim ki, Xorvatiya ilə heç-heçədən sonra komandanın əhval-ruhiyyəsi yaxşıdı. Elə Bəhreynlə matçda bunu gördük. Həmin görüşdə müəyyən səhvlərimiz olsa da, qalib gəlməyi bacardıq. Macarıstana da yüksək əhval-ruhiyyədə yollanmışdıq. Onlara mütləq xal lazım idi deyə, ilk 10 dəqiqəni təzyiq altında keçirdik. İkinci hissədəki dəyişikliklərdən, xüsusən də Cavid Hüseynovun oyuna qoşulmasından sonra oyunumuzda canlama yarandı. Sayılmayan qolumuzu nəzərə alsaq, məncə, komandamız 1 xala layiq idi. Açığı, macarlar da o qədər parlaq oyun göstərmədi. Oyunumuz çox da ürəkaçan olmasa da, xal qazana bilərdik. Çünki futbolçularda bu istək, mübarizə var idi. Təəssüf ki, qolumuz qeydə alınmadı. Bu, ancaq bizim başımıza gələ bilərdi. Futbolçulara görə çox üzülürəm. Səfərdə oynadığımızı nəzərə alsaq, bir az ehtiyatlı başladıq deyə bilərəm. Bakıda bu komandadan ağır məğlubiyyət almışdıq. Topa sahib olmağa çalışırdıq. Ancaq sadə top itkiləri də olurdu. Mərkəzdə, cinahda toplar itirirdik. Hiss olunurdu ki, rəqibin üzərinə getmək istəyirik. Ancaq macarlar da güclü komandadı. Sürətli və təcrübəli oyunçuları var. Məncə, gücümüz buna çatdı. Əslində ağıllı taktika seçmişdik. Ancaq hakimin saymadığı qol bizi 1 xaldan etdi. Açığı, elə bir qrupa düşmüşük ki, rəqiblərin hamısı qrupdan çıxmağa oynayırlar. Ancaq Xorvatiya, Bəhreyn və Macarıstanla qarşılaşmaları nəzərə alsaq, artıq nəticəyə oynayan millinin olduğunu deyə bilərik. Məncə, nəticə qazana biləcək bir komandamız var. Düşünürəm ki, son oyunlarda bu vəziyyətdən çıxacağıq. Psixoloji cəhətdən bu bizə lazımdı. Bəhlulun fərqləndiyi epizod da motivasiya baxımından növbəti oyunlara daha yaxşı hazırlaşmaq üçün fürsətidi. Qarşıda bizi çox ağır iki oyun gözləyir. Ancaq düşünürəm ki, psixoloji təzyiq altında oynamasaq, xal qazana bilərik. Elə macarlara qarşı da bir az qorxaq oynamasaydıq - təbii ki, çox açılmaq da olmazdı - ağıllı futbolla daha yaxşı nəticə qazanmaq mümkün idi. Yurçeviç kifayət qədər təcrübəli baş məşqçidi. Və bildiyim qədər olduqca pozitiv insandı. Bu pozitivliyi oyunçulara da ötürür. Komandada pozitivlik, inam və nəticəyə oynamaq hiss olunur. Məncə, qarşıda Yurçeviçlə uğur qazana bilərik”.
Elxan Abdullayev: “Son 20 dəqiqədə pis oynamadıq. Ancaq ilk hissədə və ikinci yarının əvvəlində üstünlük tam olaraq macarlarda idi. Buna baxmayaraq, bir daha təsdiq olundu ki, sona qədər oynamaq lazımdı. Düzdü, Macarıstanın ulduz oyunçuları yoxdu. Ancaq komanda şəklində yaxşı mübarizə aparırlar. Buna rəğmən, axırıncı dəqiqədə qol vurduq. Təəssüf ki, hakim qeydə almadı. Yəni səfərdən 1 xalla da qayıda bilərdik. Açığı, qorxaq futbol oynadığımızı düşünmürəm. Sadəcə, rəqib güclü idi. Onlar ilk 20 dəqiqəni olduqca yaxşı oynadılar. Heç imkan vermədilər ki, biz topu saxlayıb, hücum edək. Elə bu dəqiqələrdə qol da vurdular. Ona görə də qorxaq futbol yox, rəqib imkan vermədi oynamağa deyərdim. Ancaq mən millidə müəyyən müsbət şeylər görürəm. Məsələn, Yurçeviçin gəncləri dəvət etməsini deyə bilərəm. Bəhlulun necə oynadığını görürük. Kim deyə bilərdi ki, Bəhlul gəlib millidə Rəşad Sadıqovu əvəzləyəcək? Ona görə də mən Yurçeviçi dəstəkləyirəm. Qarşıdakı oyunlar isə artıq heç nəyi dəyişmir. Onsuz da qrupu sonuncu yerdə bitirəcəyik. Əsas odu ki, oyundan-oyuna daha yaxşı çıxış edək. Növbəti seçmə mərhələ üçün çalışmalıyıq. İstənilən halda, mən nikbin insanam. Ona görə də daha da yaxşı olacağını düşnürəm”.
Ağasəlim Mircavadov: “Hakimin hərəkətini hələ də anlaya bilmirik. Televizordan baxanda belə, topun Bəhlulun əlinə dəymədiyi görünürdü. Oyundan danışsaq, macarların bizi çox asan yendiyini demək olar. Uşaqlar çalışırdılar ki, kollektiv hücum qursunlar. Belə baxanda, elə bir problem də olmadı. Müdafiəçilərin və qapıçının ciddi səhvlərinin olduğunu demək olmaz. Ancaq təbii ki, müəyyən səhvlərimiz var. Və onun üzərində işləməlyik. Fikrimcə, artıq gəncləri milliyə dəvət etmək lazımdı. Burdan belə anlaşılmasın ki, oynayanlar pisdi, oynaya bilmirlər və s. Yox, bunu demək istəmirəm. Hətta ikinci hissədə dəyişiklik olduqdan sonra oyun planında fərq oldu. Cavidin oyunu çox xoşuma gəldi. Topla işləmiyi, tempi saxlamağı yaxşı idi. Belə oyunçulara ehtiyacımız var. Qara da çox yaxşı çıxış etdi. Mərkəzdə elə bir oyunçumuz yoxdu ki, hucüm qursun. Belə futbolçuya ehtiyac var. Açığı, bu mövqedə aşağı yaş qruplarında da problem var. Ancaq cinah oyunçuları çoxdu. Düzdü, Ağabala Ramazanov çox da yaxşı görünmədi. Cinahda yer alan hücumameyilli futbolçular mütləq rəqibin müdafiəsini yarmalıdılar. Yığmamız uduzmadı, uduzdurdular. Ümumiyyətlə, daha da kompakt oynamalıyıq. Düşünmürəm ki, qorxaq oynadıq. Çünki bizdə də təcrübəli oyunçular var. Qara, Almeyda, Ramazanov və başqaları. Heyətimiz çox da cavan deyil ki, qorxaq oynayaq. Ən gəncimiz Bəhlul idi, necə oynadığını gördük. Təbii ki, səhvləri oldu, ancaq çox da ciddi deyildi. Hiss olunur ki, onun da üzərində işləmək lazımdı. Ümumiyyətlə, milliyə çağırılanlar öz klublarında lider olmalıdılar. Belə olsa, problem az olar. İnsanlar elə bilir ki, meydanda hücumçunun sayının artırmaqla hücum futbolu oynayırıq. Xeyr, belə deyil. Mərkəzdə topu hazırlayan, hücuma dəstək verən oyunçular olmalıdı. Bizim oyunumuzdan sonra Uels – Xorvatiya görüşünə baxdım. İnanın mənə, Uels tam fərqli oyun oynadı. Olduqca yaxşıydılar. Mərkəzdə, hücümda güclü futbolçuları var idi. Artıq hər komandanın özünəməxsus oyun sistemi var. Sən rəqibi udmaq istəyirsənsə, onun mərkəz xəttini ələ keçirməlisən”.
HƏSƏN QULUZADƏ