Sizin reklam burada

“1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı”

Baxış Sayı:358


Xantı-Mansiyskdə keçirilən, önəminə görə yalnız tac uğrunda mübarizədən geri qalan dünya kuboku Azərbaycan şahmatının uğuru ilə yadda qaldı. Teymur Rəcəbovun qələbəsini sensasiya adlandırmaq lazım gəlir. Planetin ən istedadlı qrossmeysterlərindən biri son dövrlər nəticələriylə parlamırdı, burda isə fantastik uğuru gerçəkləşdirdi. Bu hadisə ilə bağlı Rauf Məmmədov “Sport-Ekspress” qəzetinə fikirlərini açıqlayıb. Yığmamızın üzvünün müsahibəsini müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
- Teymurdan belə nəticə gözləyirdiz?
- Mən həmişə bizim şahmatçılara inanmışam. Təəssüf ki, özüm dünya kubokuna qatılmaq hüququ əldə edə bilmədim. Bu çox üzücü idi. İnanılmaz mübarizəyə səhnə olan bu yarışda həmişə məmnuniyyətlə oynayıram. Ötən il əmsalımda maksimuma (2712) çatdım və komandalararası Avropa çempionatında əla çıxış etdim (Rauf yığmanın qələbəsində 9 oyundan 8 xal toplamaqla həlledici rol oynayıb). Amma sonra eniş yaşandı, elə bil kimsə mənə qarğış etdi. Oyun getmirdi, amma mən mütləq qayıdacam, azarkeşlərimə söz verirəm. Əlbəttə, indi söhbət məndən getmir. Mən də azarkeşə çevrilmişdim. Bizim çox mehriban komandamız var və hər birimiz ürəkdən bir-birimizi dəstəkləyirik. 1/8 finalda yaxın dostum Şəhriyar Məmmədyarovla yoldaşım Teymur Rəcəbov qarşılaşanda ürəyim parçalandı. Tima güclü oldu və bundan sonra belə bir hiss yarandı ki, daha artığını reallaşdırmağa qadirdi.
- İnam nə vaxt yarandı?
- Tima finala adlayanda ürəyim sakitləşdi. İstənilən halda, artıq əsas vəzifənin öhdəsindən gəlmişdi – İddiaçıların turnirinə vəsiqə qazanmışdı. Azərbaycan şahmatı üçün bu böyük uğurdu. Azərbaycanda bir şəxs var ki, həyatıboyu bu idman növünün inkişafı üçün əlindən gələni edir. Bu, AŞF və FİDE-nin vitse-prezidenti Mahir Məmmədovdu. Biz onunla tez-tez futbol mövzusunda mübahisə edirik. O, “Liverpul”un fanatıdı, mən isə MY üçün həyatımı verməyə hazıram. Komandam hazırda mənim kimi yaxşı günlərini yaşamır. “Liverpul” isə bütün cəbhələrdə “dağıdır”. Çempionlar Liqasının “Barselona” ilə yarımfinal oyununda 3 topluq fərqi aradan qaldırmaları möcüzə idi. Bu, Sergey Karyakinin Bakıdakı möcüzəsinə bərabər bir şey idi. Onda Sergey Pyotr Svidlerlə oyunun gedişində hesabda 0:2 geriyə düşsə də, fərqi aradan qaldırdı və kuboku qazandı. Mahirin Teymura doğma insan kimi yanaşdığını bildiyimdən fikirləşdim ki, Məmmədov hər şeydə uğurludusa, bəlkə bu Teymura keçəcək.
- Amma finalda məğlubedilməz Dinq Lirenə qarşı oynayırdı...
- Bəli, yəqin ki, Dinq hazırda Maqnus Karlsendən sonra ən güclü şahmatçıdı. Və hamı fikirləşdi ki, Tima oyunu udmaq üçün cəhd belə etməyəcək. Amma belə deyildi. Rəcəbov qəsdən olmasa da, rəqibi arxayınlaşdırdı. Sanki ona dedi ki, ölümcül yorğundu və daha 4 oyuna dözmək onun gücü xaricindədi. Fikrimcə, dostum yalan danışmırdı. Özümdən götürüm, təxminən 1 ay istirahətsiz yüksək konsentrasiyanı qorumaq çox çətindi. Belə alındı ki, öncə hər şey çinlinin planına uyğun getdi. İkinci partiyada “ağlar”la asan qələbə qazandı. Və həmin an hamı Rəcəbovu vaxtından əvvəl “basdırmağa” başladı. Amma Tima və bütün Azərbaycan fərqli düşüncədə idi.
- Üçüncü oyunda Teymur kompüter kimi davrandı...
- Bəli. Mən öncə bu variantda nəyəsə nail olmağın mümkünlüyünə inanmırdım. Lakin Teymur rəqibin səhvlərindən dahicəsinə, addım-addım istifadə etdi. Onu izləmək adama ləzzət edirdi. Rəcəbov kompüter kimi hərəkət edirdi. Və Dinq saatını dayandıranda düşündüm ki, artıq böyük şans yaranıb. SSRİ-də az yaşasam da, sovet tərbiyəsi görmüşəm. Biz həmişə özümüzkülərə azarkeşlik edirik. Məsələn, mən rusların və ukraynalıların təəssübünü çəkirəm. Və bilirəm ki, Rusiyada Teymura güclü azarkeşlik edirdilər. Özü də təkcə azərbaycanlılar yox. Dəqiq deyəcəm, tay-brek günü milyonlarla insan Teymurun kuboku qazanmasını istəyirdi!
- Tay-brek zamanı çox həyəcan keçirdiz?
- Əksinə, həmin gün çox sakit idim. Nəyə görəsə inam yaranmışdı. Bəlkə də bu mənim yoldaşıma keçdi. Rəcəbov kritik vəziyyətlərdə ideal oynadı, Dinq isə sanki qələbəyə inanmırdı. Nəticədə sonluq fantastik alındı.
- Yaxın günlərdə komandalararası Avropa çempionatı başlayacaq. Azərbaycan hazırkı çempiondu. Batumiyə hansı heyət yollanacaqsız?
- Qalib heyətlə, iki il əvvəl olduğu kimi: Məmmədyarov, Rəcəbov, Hüseynov, Məmmədov, Naydiç. Kapitan Səfərli, məşqçi Aleksandr Xalifman olacaq. Onun dönüşü sevincimə səbəb oldu. Axı biz məhz onun rəhbərliyi altında 2014-də Tromsedə keçirilən Olimpiadada ən yüksək nəticəni qazandıq, ikinci pilləni bölüşdük. Ümumiyyətlə, demək istəyirəm ki, mən bizim “dəstə” ilə fəxr edirəm. Bu cür rəqabət mühitində 3 dəfə Avropa çempionu olmaq çox şeydən xəbər verir.
- Ötən çempionatda 9 oyundan 8 xal toplamaqla əsas qəhrəman olduz. Amma bu il oktyabrın 2-də amerikalı Şeklendə faciəvi şəkildə uduzduz. Elə bil sizi həqiqətən tilsimləyiblər...
- Mən əlamətlərə inanan adam deyiləm. Hər kəs layiq olduğuna malikdi. Yəqin ki, hardasa nəyisə düz etməmişəm, özümə qarşı tələbkar olmamışam. Əminəm ki, 2700-ə qayıdacam. Batumidə titulumuzu qorumaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycan bizimlə hələ çox qürur duyacaq. İndi mən sanki MY-yəm, halbuki dərhal “Liverpul” kimi olmaq lazımdı. Sadəcə, rəngi dəyişməməklə və bu klubun nəticələrinə uyğun çıxış etməklə.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR