Sizin reklam burada

U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı

Baxış Sayı:486

U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı
U-21 ilə birgə Fransaya yollanan, ancaq Şarl de Qoll adına hava limanında pasport yoxlaması zamanı saxlanılan Tural Bayramlı hələ də vətənə dönməyib. Halbuki AFFA-nın saytında üç gün öncə - oktyabrın 8-də yer alan xəbərdə sənədində problem yaranan yarımmüdafiəçinin qısa vaxtda Bakıya yola salınacağı açıqlanmışdı.
Yaşananlarla bağlı redaksiyamızla əlaqə saxlayan Turalın atası Mail Bayramov oğluna görə narahat olduğunu, geridə qalan günlər ərizində övladı ilə əlaqə saxlaya bilmədiyini deyib, aidiyyatı qurumlardan başverənlərə münasibət bildirməsini xahiş etdi: “Artıq üç gündü ki, Tural Paris hava limanında saxlanılıb. Onu hava limanının təcridxanasına salıblar. Telefonu və sənədləri əlindən alınıb. Məndə olan məlumata görə, komandanın əksər üzvləri və rəsmi şəxslər pasport yoxlamasından keçiblər. Növbə Turala çatanda sərhəd xidmətinin əməkdaşları onu saxlayıb. Həmin vaxt Tural kimdənsə telefon taparaq rəsmiləri saxlandığı ilə bağlı xəbərdar edib. Bundan sonra AFFA-nın əməkdaşları məsələyə müdaxilə ediblər. Onlara deyilib ki, müəyyən araşdırmadan sonra futbolçunu azad edəcəklər. Ancaq saatlar ötsə də, oğlumu buraxmayıblar. Bundan sonra məsələyə Azərbaycanın Fransadakı səfirliyinin konsulu qarışıb. Ona da eyni sözlər deyilib. Ancaq Tural yenə buraxılmayıb. Üç gündü onunla əlaqə saxlaya bilmirik. Heç kim də mənə bir söz demir. Hamı narahat olmamağı söyləyir. Mən necə narahat olmaya bilərəm ki, oğlumla nə danışa, nə də nəyə görə saxlandığını müəyyənləşdirə bilirəm. Söylənilənlərə inansaq, guya o Latviyada oynayan zaman Şengen vizasının vaxtı başa çatıb, 3 gün Baltikyanı ölkədə sənədsiz qalıb. Bəli, belə bir şey olmuşdu. Səhv etmirəmsə, mayın 8-də onun vizasının müddəti bitmişdi. Həmin gün “Dauqavpils” hansısa komandanı udmuşdu. Klub rəhbərliyi qələbəyə görə o qədər sevinmişdi ki, Turalın sənədini qaydasına salmağı unutmuşdu. Sonradan orda oğluma sənəd verdilər və bununla da o Azərbaycana gəlib yenidən Latviyaya döndü. Və həmin vaxt ona heç bir problem yaratmadıllar. Lap vizanın vaxtı ötdüyünə görə Latviyada 3 gün icazəsiz qalıb. Bəs U-21-ə viza verən Fransanın Bakıdakı səfirliyi bunu görmürdü və ya bilmirdi? Bizə Paris hava limanının müvəqqəti saxlama təcridxanasının nömrəsini veriblər. Dedilər ki, həmin nömrəyə zəng edib Turalla danışmaq olar. İki gündü verilən nömrə ilə əlaqə saxlayırıq. İngilis dilində bizim dediklərimizi onlar, onların söylədiklərini biz başa düşə bilmirdik. Sonradan rus dilində danışdıq. Telefonu Turala ötürmədilər, ancaq onu bildirdilər ki, oğlunuzun durumuna görə narahat olmayın. Hələ ki bir xəbər əldə edə bilməmişik”.
Hər bir valideyn kimi, Mail bəyin də övladına görə narahat olmasını anlayışla qəbul etmək lazımdı. Fransa dövlətinin Bayramlını hansı səbəbdən ölkəyə buraxmamasının, təcridxanaya salmasının səbəbini nə nümayəndə heyətinin rəsmilərinə, nə də konsula bildirməməsi ortaya bir çox sullar çıxarır. “Keşlə”nin oyunçusu viza tələblərini pozubsa, beynəlxalq qanunlara görə ölkədən deportasiya olunmalı və ilk reyslə vətənə yola salınmalıdı. Ancaq fransızlar bunu da etmirlər.
Başverənlərlə bağlı U-21-lə birgə Fransaya yollanan AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Etibar Tağıyevlə əlaqə saxladıq. Etibar bəy futbolçumuzun saxlanma səbəbinin onlar üçün də qaranlıq qaldığını bildirməklə yanaşı, artıq dünən səhər saatlarında Bayramlının vətənə yola salındığını dedi: “Turalın hansı səbəbdən hava limanında saxlandığını bizə də demirlər. Bu məsələ hamı üçün qaranlıq qalıb. İndi ancaq onu deyə bilərəm ki, U-21-in üzvü bu gün (dünən) səhər saatlarında Paris - İstanbul – Bakı reysi ilə vətənə yola salınıb”.
Zəruri qeyd: dünən axşam saatlarında AFFA-nın saytında yer alan xəbəri də nəzərinizə çatdırırıq: “U-21-in heyətində Fransaya yollanan T.Bayramlı bu gün AFFA-nın köməyi ilə Azərbaycana geri dönmək üçün Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb. Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR