“Klassiklər”in yeni baş məşçisi Tarakanov oldu
Dünən Azərbaycan Güləş Federasiyasında (AGF) yunan-Roma güləşi üzrə yığmalarımızın məşqçilərinin iştirakıyla iclas keçirilib. AGF-nin prezident əvəzi Namiq Əliyev, federasiyanın baş katibi Orxan Məmmədov, vitse-prezidenti Elçin Cəfərov və İdman şöbəsinin müdiri Yaqub Məmmədovun da iştirak etdiyi tədbirdə sentyabrda Qazaxıstanda keçirilən dünya çempionatının yekunları müzakirə olunub. Yunan-Roma güləşində nəticələrin qənaətbəxş olmadığını dilə gətirən Namiq Əliyev bu səbəbdən məşqçilər korpusunda dəyişiklik edilməsinə qərar verildiyini bildirib.
Beləliklə, böyüklərdən ibarət komandanın baş məşqçi vəzifəsində Şaban Donatı rusiyalı mütəxəssis Aleksandr Tarakanov əvəzləyib. Onunla yanaşı, Afina Olimpiadasının və 2007-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi, eləcə də 6 qat Avropa çempionu Aleksey Mişin yığmamızın məşqçilər korpusunda yer alacaq. Rövşən Bayramov əvvəlki kimi böyük məşqçi vəzifəsində çalışacaq. Eyni zamanda Akif Əliyev millidə köməkçi-məşqçilərdən biri olacaq. Emin Əhmədov və Turac Hüseynli isə bundan sonra gənclərdən ibarət yığmada məşqçilik fəaliyyətini davam etdirəcək.
Namiq Əliyev Tokio Olimpiadasına 10 ay vaxt qaldığını və bu müddətdə komandanı hazırlayıb, mart-aprel aylarında keçiriləcək lisenziya turnirlərində Olimpiya Oyunlarına vəsiqə qazanmağın əsas məqsəd olduğunu dilə gətirib. AGF-nin rəhbəri bu istiqamətdə federasiya tərəfindən yığmamıza lazımi şəraitin yaradılacağını da bildirib.
Yeni baş məşqçi isə öz növbəsində yığmamızı yaxşı tanıdığını və komandamızın böyük potensiala malik olduğunu vurğulamaqla yanaşı, lazımınca işləyərək qarşıya qoyulan hədəflərə çatacaqlarına inandığını deyib.
Qeyd edək ki, 30 illik məşqçilik təcrübəsinə sahib Aleksandr Tarakanov Aleksey Mişinlə yanaşı, Avropa çempionu Renat Bikkinin şəxsi məşqçisi olub. Mütəxəssis buna qədər Mordoviya yığmasının baş məşqçisi funksiyasını yerinə yetirib.