“Sabah”ı “Keşlə” ilə oyuna da Ponomaryov çıxaracaq
“Sabah”da baş məşqçi məsələsi hələ ki açıq qalmaqdadı. Elşad Əhmədovun istefasından sonra boş qalmış post öncə Rövşən Babayevə, daha sonra İqor Ponomaryova tapşırıldı. “Səbail” və “Qarabağ”la oyunlara “tələbələr”i yığmanın sabiq çalışdırıcısı hazırlamışdı.
Düşünmək olardı ki, baş məşqçi məsələsinə yığmanın görüşləri ilə bağlı yaranan fasilədə nöqtə qoyulacaq və “Sabah” yeni çalışdırıcısını ictimaiyyətə təqdim edəcək. Bununla da yeni məşqçi kollektivi oktyabrın 19-da keçiriləcək “Keşlə” ilə oyuna çıxaracaq. Lakin bu oyuna təxminən bir həftə qalmasına baxmayaraq, hələ ki yeni xəbər yoxdu.
Mövzunu diqqət mərkəzində saxladığımızdan klubun mətbuat katibi Elnur Həmidovu arayıb, baş məşqçi məsələsinin nə yerdə olduğuna aydınlıq gətirdik: “Klubdan “baş məşqçi məsələsi fasilədə həll olunacaq” tipli açıqlama verilməyib. Ola bilsin, kimsə ehtimal kimi yazıb, amma biz belə söz deməmişik. Sadəcə, yeni baş məşqçinin fasilədə müəyyənləşmək ehtimalı var idi. Komandada vəziyyət qaydasındadı. Komandanı məşqlərə İqor Ponomaryovla Rövşən Babayev çıxarır. Bə məsələdə tələsmək istəmirik. Onsuz da bu durumda yeni gələn məşqçinin tələbləri çox olacaq. Elementar seleksiyanı özünün aparmadığını deyəcək. Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur. Rəhbərlik səviyyəsində bu məsələ ətrafında danışıqlar davam etdirilir. Klubun tələblərinə, istəyinə uyğun məşqçi olsa, daha tez anlaşmaq mümkündü. Bu gün dəqiq heç nə yoxdu”.
Dünən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində “Təhsil avtobusu-Nəsimi” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyi “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində reallaşdırılan “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbinin (23-29 iyul 2019-cu il) uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün “Sabah” klubunu təltif edib. “EXPO Center”də keçirilən tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabah”ın nümayəndəsi Pərvin Piriyevə təşəkkürnamə təqdim edib.
HƏBİB