Rəqəmlər və mövcud durum növbəti məğlubiyyətdən xəbər verir
Bazar günü yığma AÇ-2020-nin seçmə mərhələ oyunu çərçivəsində Macarıstanın qonağı olacaq. İki gün öncə Bəhreyndə yerli milli ilə qarşılaşan və 3:2 hesablı qələbə qazanan ölkənin bir nömrəli futbol komandasının hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Buna səbəb isə sentyabrda baş tutan son iki matçda oyunların və nəticələrin verdiyi ümiddi. Kardiffdə Uelsə qarşı baş tutan görüşdə 84-cü dəqiqəyə qədər uduzmayan, yalnız həmin dəqiqədə Qaret Beylin vurduğu qol hesabına yenik duruma düşən Nikola Yurçeviçin yetirmələri üç gün sonra son dünya çempionatının finalçısı olan Xorvatiya ilə bərabərə qalmaqla (1:1) azarkeşləri sevindirməyi bacarmışdı. Odu ki, futbolsevərlərdə az da olsa, ümid yaranıb. Lakin Macarıstan səfərindən azı 1 xalla qayıtmağın özü belə çətin görünür. Buna səbəb isə bu rəqiblə indiyəqədərki oyunlarda qeydə alınan nəticələrdi. Elə isə nəzər salaq.
Azərbaycan – Macarıstan 0:3
Bu komandalar arasında ilk belə oyun DÇ-1998-in seçmə mərhələsinə təsadüf edib. İlk oyun 1996-cı il noyabrın 10-da Bakıda baş tutub. Buna qədər Norveçə 0:5 uduzub, İsveçrəni 1:0 hesabı ilə məğlub edən millinin macarlarla oyunda sürprizə imza atacağı gözlənilirdi. Lakin xoş ehtimal həyata keçmədi. Rəqib futbolçular Tofiq Bəhramov adına Respublika stadionunda 42, 67 və 77-ci dəqiqədə vurulan qollar hesabına parlaq qələbəyə sevinmişdi.
Macarıstan – Azərbaycan 3:1
Qrupdakı ikinci oyun bir il sonraya, sentyabrın 10-na təsadüf etmişdi. Budapeştdə keçirilən qarşılaşmada meydan sahibləri qalib gəlsələr də, heç də Bakıdakı qədər asan olmamışdı. Rəqib ilk hissəyə hesabda 2:0 üstün yollansa da, 71-ci dəqiqədə Vyaçeslav Lıçkinin vurduğu qol bizimkiləri xeyli ümidləndirmişdi. Lakin bərabərlik topunu vurmaq mümkün olmadığından, İlyeşin 89-cu dəqiqədə qapımıza yol tapması ilə yekun nəticə müəyyənləşmişdi. Maraq üçün qeyd edək ki, macarlar qrupu 12 xalla 2-ci pillədə başa vurmağa nail olmuşdu ki, həmin xallardan tən yarısı Azərbaycanla oyunlarda qazanılmışdı.
Azərbaycan – Macarıstan 0:4
1998-ci il oktyabrın 10-u, yenə Tofiq Bəhramov adına Respublika stadionu. Püşk ardıcıl ikinci dəfə Macarıstanı bizimkilərə rəqib etmişdi. Millinin durumu əvvəlki seçmə mərhələdəkindən kəskin mənada fərqlənmirdi. Üstəgəl, oktyabrın 10-dakı oyundan bir ay əvvəl yığmamız səfərdə Slovakiyaya 0:3 hesabı ilə məğlub olmuşdu. Rəqib hər nə qədər tanış olsa da, Azərbaycan yığması növbəti darmadağından qaça bilməmişdi. Halbuki ilk hissə qolsuz bərabərliklə başa çatmışdı deyə, azarkeşlər fasilədən sonra yaxşı mənada nəyinsə dəyişəcəyinə ümid etmişdi. 57-ci dəqiqədə hesab açılmış, son 5 dəqiqədə isə macarlar daha 3 dəfə fərqlənməyə imkan tapmışdı.
Macarıstan – Azərbaycan 3:0
1999-cu il, sentyabrın 8-i. İndiyə qədər məğlub edə bilmədiyi rəqiblə oyunda üz güldürən nəticənin qeydə alınacağını şərtləndirən tək səbəb dörd gün öncəki oyunda qeydə alınan hesab idi. Yığma Əhməd Ələsgərovun rəhbərliyi altında Portuqaliya kimi güclü rəqiblə Bakıda heç-heçə edib (1:1), Macarıstana kefi kök yola düşmüşdü. Sən demə, Puşkaşın həmvətənləri bizimkilərin “xoruzunu qoltuğuna verib” yola salacaqmış. Rəqib futbolçular 54 dəqiqə ərzində vurulan 3 qolla növbəti böyükhesablı qələbənin rəsmiləşməsinə səbəbkar olmuşdular.
Azərbaycan – Macarıstan 0:2
2011-ci il fevralın 9-na təsadüf edən bu oyun sıradan yoldaşlıq görüşü xarakteri daşıyırdı. Artıq “peraşki” dönəmi geridə qalmış, millinin macarlar önündə darmadağın olduğu vaxtdan 12-15 il keçmişdi. Ölkə futbolunda “baltanın pulu kəsmədiyi” dövrlər idi. Milliyə Berti Foqts rəhbərlik edir, komandada Rəşad Sadıqov, Kamran Ağayev, Mahir Şükürov, Vaqif Cavadov kimi formada olan futbolçular oynayırdı. Həmin yığma idi ki, cəmi dörd ay əvvəl Türkiyə millisini Bakıda məğlub etmişdi, məhz bu oyundan bir neçə ay sonra Qazaxıstanı udub, Belçika ilə heç-heçə edəcəkdi. Bütün bunlara baxmayaraq, Macarıstanı udmaq yenə mümkünsüz oldu. Dubaydakı hazırlıq mərhələsində, “Əl-Maktum”da baş tutan oyunda rəqib hər hissədə vurulan bir qol hesabına bizimkilər üzərində növbəti qələbəsini qazanmışdı.
Azərbaycan – Macarıstan 1:3
Bu oyunu yada salmaq üçün tarixə varmağa ehtiyac yoxdu. Tarix “ağzımızın içindədi”, bu il iyunun 8-i. Yurçeviçin rəhbərliyi altında AÇ-2020-yə Xorvatiya məğlubiyyəti ilə başlayan millinin Macarıstanla oyundan azı 1 xalla ayrılacağına hədsiz ümid yaranmışdı. Rəqibin heyətindəki itkilər, “doğma divarlar” amili xeyrimizə işləməliydi. Lakin arzular növbəti dəfə “suya düşdü”. Qonaqlar hesabda 2:0 önə keçəndən sonra Mahir Əmrəlinin fərqi azaltması işə yaramamışdı. Bundan cəmi 2 dəqiqə sonra vurulan qol isə yekun nəticəni müəyyənləşdirmişdi.
Çətin görünür
Statistikadan da göründüyü kimi, indiyə qədər 6 dəfə üz-üzə gəldiyimiz macarları məğlub etmək mümkün olmayıb. Və ən maraqlısı, rəqibin bütün hallarda qələbəyə sevinməsidi. İstər aclıq dövründə olsun, istərsə də pulların havada “rəqs etdiyi” vaxtlarda. Halbuki milli indiyə qədər Macarıstandan üstün Xorvatiya, Rusiya, Türkiyə, Belçika, Portuqaliya, İsveçrə kimi rəqiblərinə badalaq vurmağı bacarıb. Macarlar bizimkilərin qapısına 6 oyunda 18 dəfə yol tapdıqları halda, Azərbaycan yığmasının bu rəqibin qapısından keçirdiyi top sayı cəmi 2-yə bərabərdi.
Bazar günü yaxşı mənada nəyəsə ümid etmək də mümkünsüzə oxşayır. Əvvəla, zədəlilərlə cəzalıların sayı yetərincə çoxdu. Digər tərəfdən macarların qrupdakı vəziyyəti və iddiası... Marko Rossinin yetirmələri 5 oyundan sonra hesabına Slovakiya ilə eyni sayda – 9 xal yazmaqla lider Xorvatiyadan cəmi 1 xal geri qalır. Deməli, qrupun autsayderi ilə oyunda xal itkisini qətiyyən təsəvvür etmirlər və növbəti 3 xal üçün əllərindən gələni də, gəlməyəni də edəcəklər.
HƏBİB