Sənan Qurbanov: “Komanda şəklində diqqətli oyun sərgiləməliyik”
Elşad Əhmədov: “Komanda qol vura bilir, müdafiədə də yaxşı oynasaq, niyə də olmasın?”
Milli komandamız oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq. Son oyunda Xorvatiya ilə heç-heçə etməyimiz bu görüşdə xal qazanmaq üçün ümid yaradıb. Milli evdə macarlara 1:3 hesabı ilə məğlub olsa da, bu oyunda hansı nəticəni qazanacağı maraqla gözlənilir. Macarıstanla oyundan öncə isə Bəhreynə qarşı keçirilən yoxlama oyununda 3:2 hesablı qələbə qeydə alındı. Bununla belə, bu qarşılaşmada komandanın oyununda problemlərin olduğu göründü. Bir sözlə, Macarıstan səfərindən xalla qayıdacağımızı düşünənlər olsa da, bunun əksini söyləyənlər daha çoxdu.
Dünən həm Bəhreynlə keçirilən, həm də Macarıstanla qarşıdakı oyunla bağlı mütəxəssislərə müraciət etdik. “Qəbələ”nin sabiq baş məşqçisi Sənan Qurbanov Macarıstandan xal ala biləcəyimizi düşünür: “Xorvatiyaya qarşı oyunda birinci dəqiqədən sona qədər futbolçularda əzmkarlığı hiss edə bilirdik. O da gətirib yaxşı nəticəyə çıxardı. Xorvatiyadan xal almaq çox pozitiv haldı. Qələbə heç-heçədən daha yaxşıdı. Bu pozitivlik məşqdə, oyunda, hətta oteldə belə oyunçularda hiss olunur. Bu da qarşıdakı oyunlara hazırlaşmaq üçün çox yaxşı motivasiyadı. Elə Bəhreynlə matçda da futbolçularda bu hiss olunurdu. Görünən odu ki, komandada həmin əzmkarlıq qalıb. Uşaqlar məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışırlar. İstək var, tam heyət olaraq Macarıstandan xal gətirməyə inanırlar. Sanki hiss olunur ki, komanda “relsə düşüb”. Təbii ki, hər bir məşqçiyə müəyyən vaxt vermək lazımdı. Məncə, artıq bu zamanı yaxalamışıq. Macarıstanda xal və xallar qazansaq, əminliklə deyə bilərik ki, milli komandamızdan yaxşı nəticələr gözləməyə ümid etmək olar. Təbii ki, çətin olacaq. Evdə onlara məğlub olmuşuq. Əslində bu da bizim üşün xüsusi bir stimuldu, əlavə istəkdi. Xorvatiyaya qarşı oyunun davamını gətrimək üçün futbolçular nə lazımdısa, edəcəklər. Mən xal və xallara inanıram. Yoxlama matçında müəyyən problemlərin görünməsi normal haldı. Çünki bu, yoxlama oyunudu. Biz burda məşqçinin hansı tapşırığı veridiyini deyə bilmərik. Təbii ki, bu oyun birbaşa Macarıstanla qarşılaşmaya hazırlıqdı. Bəlkə də baş məşqçi yoxlama oyununda müdafiədə, mərkəzdə bir az risk etməyə üstünlük verə bilər. Ancaq macarlarla qarşılaşmada daha diqqətli oynamalıyıq. Bacardığımız qədər müdafiə yox, komanda şəklində diqqətli oyun sərgiləməliyik. Çünki millidə çıxış edənlər ən yaxşılardı. Buna görə də səhvsiz oynamağa çalışmalıyıq. Son oyunlar ümid verir ki, səfərdən xalla qayıdaq. Bəli, əzmkarlıq, istək hər şey deyil. Eyni zamanda tapşırıqları yerinə yetirmək və bunu davam etdirmək lazımdı. Əlbəttə, Bəhreynlə matçdakı səhvləri təhlil edib bunu təkrarlamamalıyıq. Məncə, bunu bacarsaq, macarlardan qisas ala bilərik”.
“Sabah”ın sabiq baş məqşçisi Elşad Əhmədov da millinin səfərdə xal qazancağına inanır: “Dünənki oyunda yaxşı nəticə vacib idi. Yoxlama oyunu idi deyə futbolçularda motivasiya o qədər də yüksək deyildi. Bunu da başa düşmək olar. Müəyyən boşluqlar hiss olunurdu. Ancaq sevindiricidi ki, qələbə qazandıq. Düşünürəm ki, Macarıstanla oyuna toparlanıb çıxacağıq. Başqa həvəslə, istəklə oynayacağıq. Üzücü olan odu ki, hər iki qolu eyni cinah həmləsindən sonra buraxdıq. Oxşar hücum oldu. Bəzən olur belə şeylər. Ancaq rəqibin müdafiədəki səhvlərindən yaxşı istifadə etdik. Bir oyunda üç qol vurmaq yaxşı haldı. İnanıram ki, macarlarla qarşılaşmaya daha həvəslə çıxacaqlar. Hazırkı müdafiə xəttində müəyyən problemlərin olması normaldı. Bildiyim qədər dünənki müdafiə “dördlüy”ü ilk dəfə bir yerdə oynadı. Birinci oyunda onlardan çox şey gözləmək olmur. Bunu başa düşmək lazımdı. Futbolçular arasında anlaşılmazlıqlar hiss olunurdu. Macarıstanla matçda, ola bilər ki, heyətdə dəyişikliklər olsun. Məncə, macarlarla oyunda xal qazanmaq şansımız var. Komanda qol vura bilir, müdafiədə də yaxşı oynasaq, niyə də olmasın? Oyundan əvvəl hamıda xal qazanmaq üçün şans olur. Xorvatiya ilə görüşdə kim deyərdi ki, xal qazanmaq şansımız var? Hamı əksini fikirləşirdi. Ancaq uşaqlar xal götürə bildi. Bu, Macarıstanla oyunda da baş verə bilər”.
HƏSƏN QULUZADƏ