Macarıstan - Azərbaycan oyununa təyinatlar açıqlanıb. UEFA Budapeştdəki qarşılaşmaya Niderlanddan olan hakimlər briqadasını göndərəcək. Görüşün baş hakimi Dennis Hiqler olacaq ki, ona Yohan Balder və Yoost van Zuilen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bas Niyhuis yerinə yetirəcək. Dennis Hiqler ikinci dəfə təmsilçimizin oyununda ədaləti qoruyacaq. 2017-ci ildən FİFA referisi olan Hiqler ötən mövsüm Avroliqanın 1-ci təsnifat mərhələsində "Neftçi"nin "Uypeşt"lə Bakıdakı oyununu idarə edib. "Bakcell Arena"da "Neftçi"nin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə təmsilçimizin heyətində hazırda yığmada yer alan Emin Mahmudov sarı vərəqə alıb. Ümumiyyətlə, Hiqler beynəlxalq arenada 16 görüşdə fit çalıb. 34 yaşlı referi bu oyunlarda 64 sarı, 2 qırmızı vərəqəyə əl atıb.
Qeyd edək ki, "Ferens Puşkaş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.