Yığmamızla oyunu 15 min uşaq izləyəcək[b][/b]
Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək. Macarıstan Futbol Federasiyası görüşün baş tutacağı “Qroupama Arena”nı 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib. Bilindiyi kimi, UEFA Macarıstan millisinə 1 oyunluq cəza verib. Amma 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya 5 gün ərzində təxminən 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bununla bağlı stadionun qapıları daha erkən açılacaq. Qeyd edək ki, Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da, Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərarə əsasən komanda növbəti ev oyununu azarkeşsiz keçirməli, federasiya isə 67125 avro cərimə ödəməlidi.
Bu arada Macarıstan Futbol Federasiyasının (MLSZ) yaydığı bəyanatda yığmamızla oyuna əvvəlcədən bilet alan azarkeşlərin (onların arasında azərbaycanlılar da var) pulunun qaytarılacağı bildirilir.
Macarıstanın baş məşqçisi Marko Rossi Xorvatiya və yığmamızla keçirəcəkləri oyunlarla bağlı danışıb. 55 yaşlı italiyalı mütəxəssis yığmamızın son iki oyununu - səfərdə Uelsə 1:2 hesabı ilə uduzduğu, evdə isə Xorvatiya ilə 1:1-lik bərabərə qaldığı matçları da yada salıb: “Həm Xorvatiya, həm də Azərbaycanla qarşılaşmanı düşünürük. Nə qədər təəccüblü olsa da, istisna deyil ki, ikinci görüş birincidən ağır keçsin. Qrupdan çıxmaq şansımızı saxlamaq üçün Azərbaycana qalib gəlməliyik. Püşkatmadan dərhal sonra demişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz və bu yığma qrupda inamlı şəkildə duruş gətirəcək. Sentyabrdakı 2 oyunları xoş sözlərə layiqdi. Qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına əminəm".
Rossi Xorvatiya və Azərbaycanla, daha sonra Uelslə görüşdə ən yaxşı nəticəni qazanmaq istədiklərini diqqətə çatdırıb: "Lakin bu 3 rəqibin hamısını udacağımızı söyləyəcək qədər dəli deyiləm. Hazırda Avropa çempionatına vəsiqə üçün mübarizə apardığımızdan danışmaq xoşdu. Unutmayaq ki, Macarıstan 4-cü səbətdən çıxıb. Xorvatiyada meydana ağ bayraqla çıxmayacağıq. Hazırkı vəziyyətdə yalnız bunu təkrarlaya bilərəm ki, Splitdə nə baş verəcəyindən asılı olmayaraq, Azərbaycanı məğlub etməliyik. Xorvatiya ilə Azərbaycanı məğlub edirik, Slovakiya – Uels və Uels – Xorvatiya qarşılaşmaları heç-heçə başa çatır? İnanılmaz səslənir. Bilirsiz nə var? Belə də olacaq. Slovakiyanı qabaqlamaq barədə düşünürəm. Bu, oktyabrda baş versə, məni bir ay əsəbdən qurtarar”.
Bu arada Robert Feçzesin 8 illik fasilədən sonra Macarıstan yığmasına çağırılıb. "Uypeşt"in hücumçusu hər bir futbolçunun karyerası ərzində milliyə dəvət almaq üçün çalışdığını söyləyib: "Hər hansı təzyiq olmasa da, yığmaya qayıtdığıma görə həyəcanlıyam. Qarşıdakı iki görüş bizim üçün çox vacibdi. Milliyə döndüyüm üçün həyəcanlıyam. Yenidən yığmaya çağırılmaq böyük şərəfdir. Xüsusən də Xorvatiya ilə görüş həlledici ola bilər. Bu rəqibi evdə məğlub etmişik və səfərdə də bunu etmək istəyirik. Bununla yanaşı, Azərbaycanla matçda da qəti şəkildə büdrəmək olmaz".
Macarıstan millisinə qarşıdakı iki oyun üçün daha bir futbolçu dəvət alıb. Rossi arxa xətdə növbəti dəyişiklik edib. Belə ki, zədə alaraq MRT müayinəsinin nəticələrini gözləyən Bez Barnabası "Ferentsvaroş"lu Endre Botke əvəzləyib. Buna qədər isə "Zaleqerseq"də oynayan Kristian Tamaş heyətdən çıxarılaraq "Debretsen"li müdafiəçi Yanoş Ferentsi cəlb olunmuşdu.
Xatırladaq ki, macarlar bu gün Xorvatiyanın qonağı olacaqsa, oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da millimizi sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.