Sizin reklam burada

“Araz”ın iranlı legionerlərinə viza verilmədi

Baxış Sayı:277


Alesio: “Bu, Çempionlar Liqasının adına yaraşmadı”
Futzal üzrə Çempionlar Liqasında çıxış edən “Araz” oktyabrın 8-də qrupa evsahibliyi edən Belçikaya yollanıb. Belə baxanda, rəhbərlik səviyyəsində səfərə geniş nümayəndə heyəti gedib. Federasiya prezidenti Zaur Axundov, "Araz"ın rəsmisi Mahmud Sadıqov da komandanın yanındadı. Amma Azərbaycan çempionu səfər ərəfəsində şok yaşayıb. Belə ki, komandanın 4 üzvünə - iranlı yeni transferlər Hadi Rizvan, Əmir Şocayi, Hadi Əhmədi və Vahid Şəfeyi viza ala bilmədiklərinə görə komanda ilə birgə Belçikaya yollana bilməyiblər. Əldə etdiyimiz bilgiyə görə, AFFA-nın UEFA-nı da işə qoşmasına baxmayaraq, iranlıların heç birinə viza almaq mümkün olmayıb. Üstəlik, sənəd işləri ilə məşğul olan beynəlxalq şöbəyə problemin mahiyyəti də izah olunmayıb. Səfərə cəmi bir gün qaldığı üçün əlavə futzalçı sifariş etmək mümkün olmayıb. Beləcə çətin durumla üzləşən təmsilçimiz 8 futzalçı ilə mübarizə aparmaq məcburiyyətində qalıb.
Məsələyə "Araz"ın baş məşqçisi Joze Alesio da Silva və Futzal Federasiyasının prezidenti Zaur Axundov reaksiya bildiriblər.
Alesio: “Bu turnirə tam fərqli hazırlaşmışdıq. Ancaq səfərə çıxan zaman fərqli, xoş olmayan “sürpriz”lə qarşılaşdıq. Dörd futzalçımıza viza verilmədi. Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi. Başverənləri nəzərə alıb, digər planımızı reallaşdırmağa çalışacağıq. Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram. Məşqdən əvvəl də uşaqlara dedim ki, əsas 2 oyunu düşünməliyik və bu görüşlər üçün gücümüz var. Bu gün komandamızın üzərində təzyiq yoxdu ki, bu da rahat oynamağımıza imkan verəcək. Dörd oyunçumuzun bizə qoşula bilməməsi çox üzücüdü. Onlar UEFA bayrağı altında keçirilən yarışda iştirak etməyi çox istəyirdilər. Əlbəttə, bu, Çempionlar Liqasının adına yaraşmadı. Təbii ki, bundan itirən futzal olacaq. Azarkeşlər ən azı maraqlı oyunlar izləmək şansından məhrum edildilər”.
Axundov: “Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 8 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik.
Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız İran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?
Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR