Sizin reklam burada

Zirədən qonaqlar razı getdi

Baxış Sayı:747


28. Zirə - Qəbələ 1:1 (0:0)
28. Boyan Zoqoviç – 4,5
6. Alvaro Ampuero – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
5. Anastasios Papazoqlu – 4,5
70. Nicat Süleymanov – 4,5
8. İlkin Muradov – 5,5
(88. Tellur Mütəllimov, 80) – qiymətsiz
4. Elvin Camalov – 4,5
10. Elvin Məmmədov (k) – 4,5
11. Soni Norde – 4,5
(17. Robin Nqalande, 69) – 4,5
48. Şafik Tiqruca – 5,0
(7. Cavid Hüseynov, 69) – 4,5
18. Xulio Sezar Rodriges – 4,5
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
23. Mfo Kqasvane
99. Rafael Məhərrəmli
93. Seyxan Fərəcov
77. Cəlal Hüseynov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: İlkin Muradov

1. Anar Nəzirov (k) – 5,0
74. Yusif Nəbiyev – 4,5
2. Amin Seydiyev – 4,5
3. İvitsa Zuniç – 4,5
8. Qismət Alıyev – 4,0
77. Merab Qiqauri – 5,0
21. Fernan Lopes – 5,0
11. Asif Məmmədov – 5,5
10. Klesio Bauk – 5,0
(28. Murad Musayev, 90+4) – qiymətsiz
9. Davit Volkov – 4,5
(19. Rövlan Muradov, 76) – qiymətsiz
7. Roman Hüseynov – 4,0
(14. Ülvi İsgəndərov, 63) – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
13. Kristian Kuaku
22. Rüstəm Nuriyev
15. Vüsal Məsimov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Asif Məmmədov
Qollar: Ü.İsgəndərov, 65 (0:1, M.Qiqauri ). İ.Muradov, 67 (1:1).
Vərəqələr: F.Lopes, 40 (qeyri-idman hərəkəti). Q.Alıyev, 60 (qeyri-idman hərəkəti). E.Məmmədov, 74 (qeyri-idman hərəkəti). A.Nəzirov, 90+1 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Fariz Yusifov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
6 oktyabr Zirə. İdman Kompleksinin stadionu. 1000 tamaşaçı (1512 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Matçdan öncə yayılan xəbərlərə inansaq, qarşılaşma hər iki komandanın məşqçisi üçün xüsusi önəm daşıyırdı. Meydan sahibləri məğlub olacağı təqdirdə Samir Abasov istefaya göndəriləcəkdi. Qonaqların 3 xalı bayram edəcəyi halda isə rəhbərlik Elmar Baxşıyevi baş məşqçi kimi təsdiqləyib ona ikiiliik mqavilə təqdim edəcəkdi. Xatırladaq ki, Baxşıyev hələ ki müvəqqəti baş məşqçinin səlahiyyətlərini yerinə yetirir. Oyunun ilk 10 dəqiqəsini komandalar kəşfiyyat üçün ayırdılar. Ehtiyatlı oyuna üstünlük verən tərəflər sanki pusquda dayanmış ovçu kimi şikarının nə vaxt yuvasından çıxacağını gözləyirdi. Nəhayət, 15-ci dəqiqədə tribunalara toplaşan azarkeşlər qapıya gedən zərbəni gördülər. Lopes məsuliyyəti üzərinə götürüb təkbaşına meydan sahiblərinin müdafiəsini yararaq “çərçivə”ni nişan aldı. Lakin ispanın uzaq küncə göndərdiyi topu qolkiper tutdu. 5 dəqiqə sonra qonaqlar hesabı açsalar da, laysman Klesionun oyundankənar vəziyyətdə olduğunu bildirib qolu qeydə almadı. Ümumiyyətlə, ilk yarıda “qırmızı-qaralar” “qartallar”dan daha yaxşı təsir bağışlayırdı. Onlar daha istəkli görünür, daha sürətli oyun nümayiş etdirirdilər. 41-ci dəqiqədəki hücumu nəzərə almasaq, Abasovun yetirməri daha çox uzaqdan zərbələrlə Nəzirovu məyus etməyə çalışırdılar. Hissənin sonuna 4 dəqiqə qalmış isə çoxgedişli kombinasiyadan sonra Rodrigesdən ötürmə alan Tiqruca fərqlənmək üçün əla fürsət yaxaladı. Ancaq yarımmüdafiəçinin zərbəsini Anar çətinliklə olsa da, qaytardı. Qapıçıdan dönən topu isə Qiqauri qapı xəttindən çıxardı.
İkinci yarının əvvəli də sakit tempdə keçdi. Komandalar daha çox meydanın mərkəzini ələ keçirməyə, bununla da müəyyən ərazi üstünlüyünə yiyələnməyə çalışırdılar. Tədricən sürəti artıran “qırmızı-qaralar” 65-ci dəqiqədə onlara dəstək vermək üçün Zirəyə gələn azarkeşlərinə qol sevinci yaşatdılar. 2 dəqiqə əvvəl meydana çıxan İsgəndərov Merabın ötürməsini iti bucaq altında qüvvətli zərbə ilə dəqiq tamamladı. Bu qolda Klesionun da xidmətini unutmaq olmaz. Məhz o təxminən 50 metr sürətli reyd edib cərimə meydançasına yaxınlaşdı. İki müdafiəçi ilə mübarizədə Bauk yerdə qalsa da, topu Lopesə “itələməyi” bacardı. İspan isə gürcü yarımmüdafiəçini “gördü” və Ülvi komanda yoldaşlarının əziyyətini layiqincə dəyələndirdi. Lakin qonaqların sevinci çox çəkmədi. 2 dəqiqə sonra artıq Baxşıyevin çalışdırdığı komanda oyuna meydanın mərkəzindən başlamalı oldu. Sağ cinahda Qismətdən sıyrılan Ampueronun qapı önünə asmasını Juniç başı ilə uzaqlaşdırsa da, topu havada “tutan” Muradov qüvvətli zərbə ilə uzaq “doqquzluğ”u dəqiq nişan aldı. İlkinin bu qolu bəlkə də mövsümün ən yaxşıları arasında ilk “üçlüy”ə düşəcək. Qoldan sonra üstünlük meydan sahiblərinin tərəfində olsa da, “qartallar”a qələbə topunu vurmaq müyəssər olmadı və oyun heç-heçə başa çatdı.
RƏŞAD

Reaksiyalar
Elmar Baxşıyev: “Oyun planlaşdırdığımız kimi getdi. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Komandanı "Neftçi"yə böyükhesablı məğlubiyyətdən sonra psixoloji cəhətdən hazırlamaq çətin olsa da, eniş olmadı. "Zirə" yaxşı heyətə malikdi. Komandamın oyunundan razıyam. Əzmkarlıq görürük. Futbolçular istədiyimiz keyfiyyəti bizə verir. Heç-heçə ədalətli nəticə idi. Hər iki komandanın qol imkanları vardı. Kimisə fərqləndirməməyə çalışrııq. Bizim üçün əsas kollektivdi. Bütün futbolçulara inanırıq”.
Samir Abasov: “Yaxşı olardı ki, udaq, 3 xal qazanaq. Əfsuslar olsun ki, belə həyəcanlı matçda 1 xal qazandıq. Bu cür oyuların aqibəti belə olur. Bir qol buraxırsan, çətin vəziyyətə düşürsən. Hesabı tez bərabərləşdirsək də, qələbə topunu vurmağa 20-25 dəqiqə vaxtımız olsa da, rəqibin həddən artıq qapanması müdafiəni yarmağa imkan vermədi. Gücümüz, bacarığımız çatmadı. İlk dövrəni 10 xalla başa vurmaq istəyirdik. Buna nail olmamağımız üzücü oldu. Xoş odu ki, rəqiblər xal baxımından uzaqlaşmayıb. Ancaq bundan sonra qarşılaşmalar daha çətin olacaq. Cavid Hüseynovun heyətdən kənarda qalmasına gəlincə, bizdə 21 yaş limitində oynayan 2 futbolçu var. Sadəcə, Rafael Məhərrəmlinin hərarəti vardı. O dünən xəstələnəndən sonra çalışdıq ki, bir şey edək. Ancaq onu ayaqüstə qaldıra bilmədik. Buna görə taktiki dəyişikliklər etməyə məcbur olduq və Cavidi yalnız ikinci hissədə meydana buraxdıq. Mfo Kqasvane millinin heyətində əzələsini qırmışdı. Bundan sonra 4 həftə müalicə olundu. Mfo 2-3 gündü komandayla məşqlərə başlayıb”.
Asif Məmmədov: “Oyuna istədiyimiz kimi başladıq. Məncə, pis futbol nümayiş etdirmədik. 3 xal da qazana bilərdik. Sadəcə, əlimizə düşən imkanlardan istifadə edə bilmədik. "Zirə" güclü komandadı. Səfərdən 1 xalla qayıtmaq bizim üçün yaxşı nəticədi. 33 yaşım olsa da, özümü qoca saymıram. Hələ 1-2 il də oynaya bilərəm. Məşqlərdə də əlimdən gələni edirəm. Bilirəm, elə yaşdayam ki, nəyisə düz etməsəm, çətinlik çəkəcəm. Ona görə də məşqlərdə ikiqat işləyirəm ki, oyunlarda mənim üçün çətin olmasın. Komandamızın əsasını gənclər təşkil eir. Həm də səfərdə 1 xal qazanmışıq. "Zirə" yetərincə transferlər edib, güclənib. Bundan əvvəlki oyunlarda uduzmuşduq. Fasiləyə məğlub getmək istəmirdik. Uduzsaydıq, 15 gün bir az gərginlik olacaqdı. İstər-istəməz ruh düşkünlüyü yarana bilərdi. Amma 1 xal da yaxşıdı ki, özümüzə inamımız bir az da artdı. Məşqçimiz də yenidi. Hər çalışdırcının öz planları, taktikası olur. Bəlkə də Elmar Baxşıyevin vaxtı az olub. Onun üçün də, bizim üçün də 15 günlük fasilə yaxşı olar ki, daha da çalışıb artırardıq. Qarşıdakı 7 oyunu daha yaxşı keçirməliyik ki, qış fasiləsinə kimi turnir cədvəlində vəziyyətimizi bir az yaxşılaşdıraq”.
Elvin Məmmədov: “Bilirdik ki, çətin qarşılaşma olacaq. Bizə 3 xal lazım idi. Təəssüf ki,yalnız 1 xalla kifayətlənməli olduq. Qol imkanlarını dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Artlq heç nəyi geri qaytarmaq olmaz. Çempionatın əvvəlindəki "Qəbələ" ilə indiki arasında çox fərq var. Hazırda daha yaxşı, aqressiv futbol oynayırlar. Evdə çıxış etdiyimizə görə 3 xal qazanmalıydıq. Ancaq bunu bacarmadıq. Biz də fərqinə varırıq ki, qeyri-sabit oynayırıq. Bir-iki oyun belə, sonra başqa cür. Məşqlərdə maksimum gücümüzlə çalışırıq. İnanıram ki, bunu tez bir zamanda yoluna qoyacağıq. Mövsümün əvvəlindən məqsədimiz avrokuboklara vəsiqə qazanmaq olub. Hansı yolla olur-olsun, bu işin öhdəsindən gəlməliyik. Bunun üçün yumruğu bir yerə vurmalıyıq. Birinci dövrədə istədiyimiz xalları yığa bilmədik. Heyətdə olan futbolçulara baxsaz, hər birinin yaxşı karyerası olub. İstər millidə, istərsə də gənclər yığmasında çıxış etmiş futbolçular var. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olanlardı. Başa düşürük ki, oyunumuzu daha datəkmilləşdirmək lazımdı. Amma bunun üçün vaxta ehtiyacımız var. Bu, bəhanə deyil. Çünki yeni yığılmış komandadı. Bunu da nəzərə almaq lazımdı. Düzdü, kağız üzərində bəzən bizi favorit kimi göstərirlər. Amma futbolda hər şey mümkündü. Məncə, ardıcıl 1-2 oyun qələbə qazansaq, uğurlu seriya davam edər. Belə olan halda futbolçularda özünəinam yaranır, oyununu daha da təkmilləşdirir. Öz oyunumdan razıyam? Heç gənc yaşımda da özüm barədə nəsə deməmişəm. Bunu kənardan baxanlar bilər. Və əlbəttə, baş məşqçimiz var, o hər şeyi görür. Gənc deyiləm ki, daha yaxşı oyun göstərim və başqa klublara keçim. Sadəcə, "Zirə"yə köməyimin dəyməsini istəyirəm. Heyətdəki bütün futbolçular istəyir ki, komanda üçün nəsə etsinlər. Bu, baş məşqçiyə veriləcək sualdı”.

Gözdən qaçmadı
* Zirədə keçirilən qarşılaşmanı izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da var idi.
* Matçın sonu daha gərgin ab-havada keçdiyindən bəzən nə futbolçular, nə də məşqçilər əsəblərinə hakim ola bilirdilər. Komandasının heç olmasa, 1 xal qazanmasını istəyən Elmar Baxşıyev tez-tez hakimə iradlarını bildirirdi ki, bunun da nəticəsi kimi 82-ci dəqiqədə İnqilab Məmmədov “qırmızı-qaralar”ın çalışdırıcısını “sarı” ilə “mükafatlandırdı”.
* Baxımlı qol vuran İlkin Muradov sevincini istədiyi kimi yaşaya bilmədi. Belə ki, onun ayağı qıc olduğundan komanda yoldaşlarından kömək istədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR