“10 min manatı verməyəcəklərsə, birdəfəlik desinlər, biz də işimizi bilək”
Azərbaycan futbolu qəribəliklərlə zəngindi desək, yanılmarıq. Ölkənin futbol təsərrüfatına rəhbərlik edənlərin atdıqları bəzi addımları isə heç cür başa düşmək olmur. Məsələn, Xorvatiya ilə Bakıda keçirilən matçda yığma 1:1 hesablı heç-heçəyə imza atdığına görə AFFA milli üzvlərinə 30 min manat mükafat verdiyi halda, ötən mövsüm Region Liqasında mükafatçılar sırasına düşən komandalara çatacaq məbləğ hələ də ödənilməyib. Halbuki təxminən 2 həftəsən sonra liqada yeni mövsümə start veriləcək...
Dünən ötən mövsüm liqanın çempionu olmuş “Uğur”un futbolçuları növbəti dəfə redaksiyamızla əlaqə saxlayıb ürəklərini “boşaltdılar”: “Artıq sentyabrın son həftəsini yaşayırıq. Oktyabrın ilk 10 günlüyündə isə Region Liqasında yeni mövsümə start veriləcək. Biz hələ də çempion üçün nəzərdə tutulan 10 min manat mükafatımızı almamışıq. Kimə şikayət edək, dərdimizi kimə söyləyək? Sizin qəzetə və başqa media orqanlarına şikayətimizi bildirmişik, pulumuzun verilmədiyini demişik. Bütün ölkənin AFFA-nın biabırçı hərəkətindən xəbəri var. Ancaq assosiasiyada oturanlar heç nədən çəkinmirlər. Hər dəfə sizi də, bizi də aldadırlar ki, yaxın günlərdə vəsait komandanın bank hesabına köçürüləcək. Həmin “yaxın günlər” isə bitib-tükənmir. Xorvatiya ilə matçdan sonra yığma üzvlərinin hər birinə 30 min manat mükafat verildiyi haqda xəbər yayıldı. Əvvəlcə çoxları bunu şişirdilmiş rəqəm kimi qəbul etdi. Ancaq sonradan məlum oldu ki, bu heç də belə deyil. Bizim yığmada çıxış edən futbolçuların mükafatında gözümüz yoxdu. Əziyyət çəkiblər və qarşılığını görürlər. Bəs bizim zəhmətimizi niyə dəyərləndirmirlər? Biz həmin 10 min manatı almaq üçün az qala 9 ay istidə, soyuqda meydana çıxmışıq. Verməyəcəklərsə, birdəfəlik desinlər, biz də işimizi bilək. Yaxınlarımıza, evdəkilərə deyək ki, AFFA-da oturanların “Uğur”un 10 min manatına ehtiyacı var. Az qala 25 futbolçu hər gün səhər şad xəbər ümidi ilə yuxudan oyanır, gecə isə məyus şəkildə gözünü yumur. Belə hörmətsizliyin arxasında nə durur? Bəlkə komandamızın AFFA-ya borcu var, xəbərimiz yoxdu. Region Liqasının təşkilinə cavabdehlik daşıyan rəsmilərə nə qədər zəng vursaq da, cavab verən yoxdu”.
Xatırladaq ki, “Futbol+” olaraq dəgfələrlə “Uğur”un oyunçularının şikayətini işıqlandırmışıq. Hər dəfə də məsələ ilə bağlı fikrini öyrəndiyimiz Region Liqasının İşçi qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevdən eyni cavabı almışıq: “Tezliklə komandalar mükafatlarını alacaqlar”. Problemin nədən qaynaqlandığını bilmək üçün növbəti dəfə Vəliyevlə danışmaq istədik. Təəssüf ki, Yusif bəy gün ərzində zənglərimizə cavab vermədi.
RƏŞAD